Mövlud Süleyman oğlu Balakişiyev (təxəllüsü: Mövlud Süleymanlı; 18 mart 1943, Qızıl Şəfəq, Kalinino rayonu – 21 fevral 2024, Bakı) — azərbaycanlı nasir, dramaturq, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1980), Əməkdar incəsənət xadimi (2003), Azərbaycanın xalq yazıçısı (2006).[1][2] "Şöhrət" və "Şərəf" ordenlərinin laureatı.
Mövlud Süleymanlı | |
---|---|
Mövlud Süleyman oğlu Balakişiyev | |
Doğum tarixi | 18 mart 1943 |
Doğum yeri | |
Vəfat tarixi | 21 fevral 2024 (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
İxtisası | filoloq |
Fəaliyyəti | yazıçı, dramaturq, ssenarist |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | nəsr, teatr pyesi, povest |
İlk əsəri | "Əllərim" (şeir, 1964) |
Mükafatları |
|
Mövlud Süleymanlı 1943-cü il mart ayının 18-də Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində (keçmiş adı "Cücəkənd") doğulmuşdur. Atası Süleyman Məhəmməd oğlu 1942-ci ilin axırlarında İkinci Dünya müharibəsinə getmiş, 1945-ci ilin aprel ayının 23-də Berlin uğrunda döyüşlərdə həlak olmuşdur. Anası Bağdagül Mahmud qızı bədahətən şeirlər demişdir.
Mövlud Süleymanlı Qızıl Şəfəq kənd 7 illik məktəbindən sonra qonşu İlməzli kənd orta məktəbinin X sinfini (1960) bitirmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub, 1967-ci ildə oranı bitirmişdir.
Mövlud Süleymanlı 21 fevral 2024-cü il tarixində vəfat edib.[3] Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub.[4]
Ədəbiyyata ötən əsrin 70-ci illərində gəlmiş Mövlud Süleymanlı yaradıcılığa lirik şeirlərlə başlamışdır.[2][5] Onun "Əllərim" adlı ilk şeiri 1964-cü ildə "Azərbaycan gəncləri" qəzetində çap olunub. Ədibin "Bir ünvan" adlı şeir kitabı da çap olunub. M. Süleymanlının yaradıcılığını səciyyələndirən başlıca amillər ondan ibarətdir ki, əsərlərində məxsus olduğu xalqın tarixi, etnoqrafiyası, mənəvi-əxlaqi dəyərləri, vətənpərvərlik hisləri ön plandadır.[6]
M. Süleymanlının ilk nəsr kitabı yetmişinci illərin sonları çapdan çıxıb.[2] 1970-ci illərin ikinci yarısında ədibin bir-birinin ardınca hekayə və povestləri dərc edildi. "Qar", "Yanğın", "Şanapipik", "Şeytan", "Dəyirman" hekayələrindən ibarət 1979-cu ildə "Ayın aydınlığında" kitabı işıq üzü gördü. Bu hekayələr M. Süleymanlını xalqa cəmiyyət problemlərini zamanında görüb əks etdirən gözəl bir nasir kimi tanıtdı.[5] "Şanapipik", "Duzsuzluq", "Ot" yazıçının müharibə mövzusuna həsr etdiyi hekayələri sırasındadır.[6]
Ədib 1980-ci illərdən başlayaraq daha çox roman janrına müraciət etdi. "Köç", "Ceviz qurdu" "Səs" romanları çağdaş Azərbaycan romançılığının inkşafında bir pillədir.[5] "Köç"(1980) xalqın milli keçmişindən, sovet hakimiyyətinin gəlişinə qədərki taleyindən söhbət açır. Romanda təbliğ olunan başlıca ideya Azərbaycan xalqının birliyi ideyasıdır. Mövlud Süleymanlının bir sıra hekayələrində və "Köç" romanında Azərbaycan nəsri üçün yeni olan mifik təfəkkür tərzi, türk etnoqrafiyası və folklorunun ən qədim çalarları diqqəti cəlb edir. Xalq şairi Bəxtiyar Vahabzadə "M. Süleymanlıya açıq məktub"unda yazırdı:[5]
"Köç" xalqımızın yüz illərdən bəri keçib gəldiyi yolların tarixi, adət və ənənələrini qoruyub saxladığı köçəri ruhunun bədii etnoqrafiyasıdır". |
"Ceviz qurdu"(1982) — 1930-cu illərin represiyalarından 80-ci illərə qədərki fasiləli tarixin xalqın həyatında buraxdığı izlərdən, milli insana vurduğu sağalmaz yaralardan bəhs edir. Müəllif roman boyu ceviz qurdunun cevizə daraşıb, onu tamam məhv etməsini təkcə ziyanvericilərə qarşı mübarizəni təsvir üçün qabartmır. Burada həmçinin geniş planda cəmiyyət ziyanvericilərinin insanların mənəvi dünyasına daraşmasını, onu getdikcə məhv etməsini göstərmək üçündür.[5]
"Səs" sovet cəmiyyətinin son durumunu əks etdirən sosial romandır.[5] Ümumilikdə yazıçı "Səs" və "Ceviz qurdu" romanlarında cəmiyyətin düçar olduğu mənəvi bəlaların necə fəsadlar törətdiyini əks etdirir. Hadisələr həm ailə-məişət çərçivəsində, həm ictimai münasibətlərdə, həm də ayrı-ayrı fərdlərin düşüncələrində cərəyan edir. Hər iki romanda rəmzi-metaforik obrazlar diqqəti cəlb edir.[2]
"Səs" romanının ikinci hissəsi kimi qələmə alınan "Günah duası" psixoloji roman kimi düşünülmüşdür. Romanda yazıçı sovet cəmiyyətinin çürüdüyünü, insanların mənəviyyatını pozduğunu göstərir.[5]
"Dəyirman" povesti üzrə səhnələşdirilmiş "Dəyirman" pyesi Hüseyn Ərəblinski adına Sumqayıt Dram Teatrında (1988), "Satqın" əsəri "Yuğ" teatrında (2000) tamaşaya qoyulmuşdur. "Şeytan" (1978), "Dəyirman" (1979) əsərlərinə görə uzun müddət tənqidə məruz qalan və təhlükəsizlik orqanları tərəfindən çək-çevir edilən M. Süleymanlı bir neçə dəfə Dövlət tərəfindən mükafatlandırılmışdır. "Ömürdən qıraqda" povesti yazıçının son illərdə (2005) qələmə aldığı əsərlərdəndir.[6]
Mövlud Süleymanlı 1968-ci ildə Аzərbаycаn Dövlət Radiosuna işə qəbul edilmiş, əvvəlcə "Gənclik", sonra "Ədəbiyyat və İncəsənət" baş redaksiyasında redaktor kimi çalışmışdır. O, 1992-ci ilin sonlarında Azərbaycan Dövlət Tele-Radio Şirkətinin Radio üzrə sədr müavini vəzifəsinə gətirilmiş, 17 il bu vəzifədə çalışmışdır (1992–2009). Bununla yanaşı, ədib kinostudiya, 1976–1980-ci illərdə Yazıçılar İttifaqının orqanı olan "Ulduz" jurnalında nəsr şöbəsinin müdiri, 1980–1988-ci illərdə "Azərbaycan" jurnalında nəsr şöbəsində rəhbər kimi fəaliyyət göstərmişdir.[2]
Radionun qızıl fonduna daxil olmuş, həftəlik yayımlanan "Bulaq" verilişinin[2][5], 1969-cu ilin oktyabrında ilk müəllif nömrəsini yazmışdır. Verilişin uzun illər Azərbaycan folklorunun, etnoqrafiyasının, dilinin, məişətinin təbliğində əhəmiyyətli rol oynadığı əsas götürülərək 1974-cü ildə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülmüşdür. 1972-ci ildə Tele-Radio Verilişləri komitəsindən Moskvaya ixtisasartırma kurslarına göndərilmişdir. 1974-cü ildə Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasına ssenarist kimi qəbul edilmişdir.
Ssenarisi əsasında "Bəyin oğurlanması" və Moskva Dövlət Kinematoqrafiya Komitəsinin sifarişilə "Çətirimiz buludlardır" bədii televizya filmləri çəkilmişdir. 1976-cı ildə Azərbaycan Yazıçılar İttifaqına işə dəvət edilmişdir. 1974-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Prezident təqaüdçüsüdür. M. Süleymanlının 1992–1993-cü illərdə baş redaktorluğu ilə "Oğuz eli" adlı müstəqil qəzet nəşr olunmuşdur.
1992-ci ildə Azərbaycan Dövlət Televiziyasına işə dəvət edilmiş və televiziyanın "Xalq yaradıcılığı" redaksiyasına baş redaktor vəzifəsinə təyin olunmuşdur. Redaksiyada onun rəhbərliyi ilə folklor, etnoqrafiya yönündə yeni "Sizə hardan deyim?", "Təbriz gözəlləməsi", "Şirvan gözəlləməsi", "Yurd yeri" və s. kimi verilişlər hazırlanmışdır.
Azərbaycan Dövlət Radiosunda onun rəhbərliyi ilə "Respublika", "Dan yeri", 'Dünəndən bu günə", "Bizdən sonra", "Sarıtel", "Xeyrə qənşər", "Bulaq başı", "Mövqe", "Axtarış", "Dövran", "Qürbətdə qalan Vətən", "Parlament saatı", "Gündoğandan gün batana", "Eşidirsizmi?", "Qonaq eldən gələr", "Var səsimlə", "Çiyin çiyinə", "Tanrı duaları" və s. verilişlər efirə çıxmışdır.
Ruscayа:
Türkiyə türkcəsinə: