Bəhram Zahidov

Bəhram Zahidov (11 iyul 1951, Qaravəlli, İmişli rayonu) — 2004-2016-cı illərdə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu direktorunun elmi işlər üzrə müavini, hüquq elmləri doktoru, professor, Dünya Azərbaycanlıları Konqresinin üzvü, Hüquq Elmləri üzrə Respublika Problem Şurasının sədr müavini vəzifəsində çalışmışdır, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Yusif Məmmədəliyev adına mükafat laureatı, Respublika Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Hüquqşünaslar Birliyinin üzvü[1].

Bəhram Zahidov
Bəhram Saffan oğlu Zahidov
Doğum tarixi (73 yaş)
Doğum yeri Qaravəlili, İmişli rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcələri Hüquq elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü
İş yerləri 2004-2016-cı illərdə Professor (AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun direktorunun elmi işlər üzrə müavini)
Təhsili Bakı Dövlət Universitetinin Hüquq fakültəsi
İstintaq İşçilərini Təkmilləşdirmə İnstitutu
Üzvlüyü Dünya Azərbaycanlıları Konqresinin üzvü, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Yusif Məmmədəliyev adına mükafat laureatı, Respublika Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü, Hüquqşünaslar Birliyinin üzvü
Mükafatları Qızıl qələm mükafatı

Bəhram Zahidov 1951-ci ildə İmişli rayonunun Qaravəlili kəndində anadan olmuşdur. Orta məktəbi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, SSRİ Baş Prokurorluğunun Sankt-Peterburq şəhərindəki İstintaq İşçilərini Təkmilləşdirmə İnstitutunu uğurla başa vurmuşdur. Qəsdən adam öldürmə ilə, narkobizneslə, terrorizmlə və mütəşəkkil cinayətkarlıqla mübarizənin cinayət hüquqi və kriminoloji problemlərinə həsr edilmiş çoxsaylı əsərlərin müəllifi, beynəlxalq ekspertdir[1].

Taleyində Heydər Əliyevin müstəsna rolu olduğunu tez-tez vurğulayan Bəhram Zahidov, deyir:

" “70-ci illərdə Heydər Əliyevin hüquq fakültəsinə qəbulla bağlı gördüyü tədbirlərin və hüquq-mühafizə orqanlarında apardığı təmizləmə siyasətinin nəticəsi idi ki, mən hüquq fakültəsində oxumaq imkanı qazandım. Ali təhsilli hüquqşünas və Sov.İKP üzvü kimi Moskva Hərbi dairəsində xidmətdə olarkən ona ünvanladığım müraciətim cavabsız qalmadı. Tezliklə cavab aldım ki, hərbi xidmətdən tərxis olunduqdan sonra respublikanın prokurorluq orqanlarına gəlməliyəm. Belə də oldu. Tez bir vaxt ərzində məni prokurorluq orqanlarına işə qəbul etdilər. Qısa müddət işlədikdən sonra prokuror müavini vəzifəsinə keçirildim. İşlədiyimdən heç beş il keçməmişdi ki, gənc yaşlarımda müstəqil olaraq rayon prokuroru kimi olduqca məsuliyyətli bir vəzifəyə təyin edildim. Uğurla işlədim. Müsbət iş təcrübəm yayıldı. Başqalarına nümunə göstərildim. Buna baxmayaraq xalq cəbhəsi hakimiyyətə gəldikdən sonra, respublikanın xalq deputatı olsam da, Sabirabad rayon prokuroru vəzifəsindən qanunsuz olaraq azad edildim. Xalqın təkidli tələbi ilə Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bir çoxları kimi mənim də pozulmuş hüquqlarım bərpa edildi. Mən Bakı şəhərinin Xəzər (Əzizbəyov) rayon prokuroru vəzifəsinə təyin edildim. Onun sədr olduğu Milli Məclisin Dövlət Quruculuğu və Hüquq Siyasəti Daimi Komissiyasının üzvü seçildim. Bütün bunlar, onlarla sadə və zəhmətkeş insanlara Heydər Əliyevin göstərdiyi atalıq qayğısının tipik nümunəsi kimi səciyyələndirilə bilər. Mən Ulu Öndərimiz Heydər Əliyevi həmişə minnətdarlıqla yad edirəm. Mənim az-çox uğurlarımda onun böyük rolu olmuşdur. Onun ruhuna bir Hacı kimi daim dualar oxuyuram” "

1992-ci ildə Azərbaycan Dövlət Universitetinin "Cinayət hüququ və kriminologiya" kafedrasının aspirantı olmuş və 1999-cu ildə "Qısqanclıq motivi ilə qəsdən adam öldürmə, onunla mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib, hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. 2002-ci ildə Bakı Dövlət Universitetinin "Cinayət hüququ və kriminologiya" kafedrasının doktoranturasına qəbul edilmiş, BMT-nin və Azərbaycan hökumətinin sifarişi əsasında tədqiqatlar apararaq "Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin aktual problemləri (cinayət-hüquqi və kriminoloji istiqamətlər)" mövzusunda doktorluq dissertasiyasını 22 oktyabr 2015-ci ildə BDU-nin nəzdində yaradılmış Dissertasiya Şurasında uğurla müdafiə etmiş və hüquq elmləri doktoru elmi dərəcəsi almışdır[2]. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Qərarı ilə "Cinayət hüququ və kriminologiya, cəza icra hüququ" ixtisası üzrə professor elmi adı verilmişdir. 2003-cü ildə ABŞ-nin Nyu-York Elmlər Akademiyasının, 2014-cü ildə Avropa Təbiət Elmləri Akademiyasının, 2015-ci ildə Rusiya Federasiyasının Hüquq Elmlər Akademiyasının, 2016-cı ildə Türk Dünyası Beynəlxalq Hüquq Akademiyasının həqiqi üzvü-akademiki seçilmişdir. Narkobiznes və terror üzrə Beynəlxalq Ekspertdir[3].

1975-1976-cı illərdə Sovet Ordusunda- Moskva hərbi dairəsində xidmətdə olmuşdur. Ehtiyatda olan ədliyyə kapitanıdır. Hərbi xidmətdən sonra İmişli rayon XDS İcraiyyə Komitəsində, Azərbaycan Dəmiryolunun İmişli hissəsində hüquq şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1977-2003-cü illərdə SSRİ sonra isə Azərbaycan Respublikası prokurorluğunda rəhbər vəzifələrdə işləmişdir. Quba rayon prokurorunun köməkçisi, müavini, Tərtər(Mirbəşir), Şamaxı, Sabirabad, Bakı şəhərinin Xəzər rayonunda prokuror vəzifələrində işləmişdir. Respublikanın Baş Prokurorluğunda şöbə və idarə prokuroru, idarənin böyük prokuroru vəzifələrində işləmişdir. Baş ədliyyə müşaviri xüsusi rütbəsi vardır. Bütün rütbə dərəcələrini mükafat qaydasında və növbədənkənar almış, çoxsaylı mükafatlarla təltif edilmiş, müsbət iş təcrübəsi İttifaq miqyasında yayılmışdır. Prokurorluq orqanlarında işlədiyi dövrdə heç bir cəza almamışdır. Elmi-tədqiqat fəaliyyətinə keçməyi və doktorluq dissertasiyasını müdafiə etmək məqsədi ilə, öz ərizəsinə əsasən 18 iyul 2003-cü il tarixdə respublikanın prokurorluq orqanlarından təqaüdə çıxmışdır. Quba, Tərtər, Şamaxı rayon xalq deputatları sovetinin deputatı olmuşdur. 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı[4], 1993-1995-ci illərdə isə Milli Məclisin "Dövlət quruculuğu və hüquq siyasəti" daimi komissiyasının üzvü kimi bir çox qanunların, o cümlədən Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasının hazırlanmasında, müzakirəsində və qəbulunda iştirak etmişdir.

Prokurorluq orqanlarında təqaüdə çıxdıqdan sonra, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Fəlsəfə və Hüquq İnstitutu direktorunun elmi işlər üzrə müavini vəzifəsində işləmişdir. Bu dövrdə İnstitut Elmi Şurasının üzvü, Hüquq elmləri üzrə Respublika Problem Şurasının sədr müavini olmuş, Respublikada hüquq elmlərinin inkişafı və bu sahədə Milli Strategiyanın icrası üzrə AMEA-nın Rəyasət Heyəti tərəfindən yaradılmış "İşçi Qrupu" nun sədr müavini, Dissertasiya Şurasının sədri, üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının hüquq elmləri üzrə Ekspert Şurasının üzvü, AMEA-nın nəzdində yaradılmış "Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz dövriyyəsinə qarşı mübarizə Komissiyası"-nın sədri-Akademiya prezidentinin müavini vəzifələrində işləmişdir. "Elmi əsərlər", "Qanun", "Hüquqi dövlət və qanun" və bir sıra digər elmi jurnalların baş redaktorunun müavini, habelə hüquq elmləri üzrə respublika terminologiya komissiyasının və dünya Azərbaycanlıları Konqresinin üzvü olmuşdur[5].

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2016-cı il tarixli 277 saylı qərarı ilə Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələrinin və ştat vahidlərinin ləğv edilməsi ilə əlaqədar olaraq, onunla bağlanılmış əmək müqaviləsinin icraatına öz ərizəsinə əsasən 16 yanvar 2017-ci il tarixli 13 nömrəli əmrlə xitam verilmişdir. Bundan sonra ictimai əsaslarla Azərbaycan Uşaq Fondu sədrinin müavini kimi fəaliyyət göstərmişdir. 2 sentyabr 2019-cu ildə Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirliyinin Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda, sonra isə həmin nazirliyin Milli Aerokosmik Agentliyinin Mərkəzi Aparatında baş hüquq məsləhətçisi vəzifəsində işləmişdir. Hazırda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Hüquq və kadrlarla iş şöbəsinin müdiri vəzifəsində işləyir və həmin təşkilatın Rəyasət Heyətinin üzvüdür.

1992-ci ildən BDU-nun Aspiranturasına qəbul olunmuş və Aspiranturanı bitirib tədqiqat işini uğurla müdafiə etmişdir. 2003-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Bu dövrdə fakültə Elmi Şurasının üzvü, Təhsil nazirinin əmri ilə Akademiyanın hüquq ixtisasları üzrə dövlət imtahan komissiyasının sədri olmuş, Akademiyanın professoru seçilmişdir[6]. Elmi rəhbərliyi altında bir nəfər elmlər doktoru, 10 nəfər elmlər namizədi, 31 nəfər magistr, 40 nəfər bakalavr təhsilli kadr hazırlamışdır. Hazırda AAK-ın hüquq elmləri üzrə Ekspert Şurasının üzvüdür. Uzun illər Azərbaycan televiziyasında “İnsan və qanun”, “Hüquq dərsləri” verilişinin aparıcısı olmuşdur. Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür. 30-dan çox monoqrafiyanın, 1 kommentariyanın, 250-dən çox elmi məqalənin, 12 dərs proqramının müəllifidir.

Monoqrafiyalarının 2-si Almaniyada çap edilmişdir. Azərbaycan Respublikası Hüquqşunaslar, Jurnalistlər və Yazıçılar Birliklərinin üzvüdür. Göstərdiyi xidmətlərə görə Türkiyə Cümhuriyyətinin müxtəlif ali məktəblərində və elmi tədqiqat mərkəzlərində- İstanbul, Qazi, Zirvə, “28 Mayıs”, Məlikşah və digər Universitetlərinin fəxri fərmanları ilə təltif edilmiş və elmi jurnallarının redaksiya heyətlərinə üzv seçilmişdir[7].

Tərtər rayon prokuroru vəzifəsində işləyərkən, 1988-1989-cu illərdə Qarabağın sərhəd bölgəsində, müharibə şəraitində ictimai asayişin təmin edilməsində və prokuror nəzarətinin gücləndirilməsində xüsusi xidmətlərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 28 yanvar 1988-ci il tarixli Fərmanına müvafiq olaraq, SSRİ Ali Sovetinin Rəyasət heyəti adından 6 oktyabr 1989-cu ildə "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı, SSRİ DİN-nin Daxili Qoşunlar Baş idarəsinin Azərbaycana dislokasiya edilmiş 5433 saylı hərbi hissə komandanının 2 aprel 1989-cu il tarixli 22 nömrəli əmri ilə "Xidmətdə fərqlənməyə görə" I dərəcəli döş nişanı ilə təltif edilmişdir. Tərtər rayonunda yaradılmış özünümüdafiə batalyonunun qərargah üzvü olmuş və rayonun erməni silahlı birləşmələrinin hücumlarından qorunmasında şəxsən iştirak etmişdir. Əmək və Müharibə Veteranı, Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvüdür. Rusiya Veteranlar Komitəsinin qərarı ilə "Qələbənin 70 illiyi", "Qələbənin 75 illiyi" xatirə medalları ilə, Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən 9 sentyabr 2016-cı il tarixində "General Əliağa Şıxlınski" və "Həzi Aslanov" medalları ilə təltif edilmişdir. [8].

Kitab və məqalələri

[redaktə | mənbəni redaktə et]

285 məqaləsi çap edilmişdir.

  1. Прокурорской надзор за расследованием хищений социалистической собственности, Sankt-Peterburq, 1984(124 səh)
  2. Xocalı hadisələri – əsrin faciəsidir (həmmüəllif), Bakı, 1993(190 səh)
  3. Şahidlər – şəhidlər haqqında (həmmüəllif), Bakı, 1996(315 səh)
  4. Qısqanclıq motivi ilə qəsdən adam öldürmə əməllərini doğuran hallar və bu cinayətlərin profilaktika məsələləri, Bakı, 1997(171 səh)
  5. Qısqanclıq motivi ilə qəsdən adam öldürmə, onun cinayət hüquqi və kriminoloji problemləri, Bakı, 1998(192 səh)
  6. Qısqanclıq(psixoloji təhlil) 1999-cu il Bakı (141 səh)
  7. Ulu peyğəbərimiz – əbədi liderimiz, (həmmüəllif), Bakı, 2006(312 səh)
  8. Narkotizm və narkobiznes: tövsif məsələləri, Bakı, 2005(212 səh)
  9. Narkotizm və narkobiznes: profilaktika məsələləri, Bakı, 2007(175 səh)
  10. Narkotizm və narkobiznes: krimonologiya məsələləri, Bakı, 2004(205 səh)
  11. Narkotizm və narkobiznes: mübarizənin aktual problemləri, Bakı, 2008(512 səh)
  12. Narkotizm: Bakı 2005-ci il (481 səh)
  13. Beynəlxalq terrorizmlə mübarizə, (həmmüəlliflərlə), Bakı, 2006(386 səh)
  14. Проблемы совершенствования уголовного законадательства Азербайджана (теоретические аспекты) (həmmüəllif), Bakı, 2006(340 səh)
  15. Актуальные проблемы борьбы с наркотизмом и наркобизнесом в Азербайджане, Bakı, 2007(512 səh)
  16. Narkobiznes; Bakı 2006-cı il (340 səh)
  17. Azərbaycanda narkotizmlə və narkobizneslə mübarizənin aktual problemləri, Bakı, 2009(412 səh)
  18. Ревность, как мотив умышленного убийства, Bakı, 2010(210 səh)
  19. İntihar (kriminoloji, sosioloji, psixoloji etüdlər), Bakı, 2012(430 səh)
  20. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 28 iyun 2005-ci il tarixli Qanununun Elmi Kommentariyası 2010 (205 səh)
  21. Hüquq elminin müasir problemləri Bakı (mühazirə mətnləri, 390 səh)
  22. Azərbaycan dövlətçiliyinin hüquqi təminatı Bakı (mühazirə mətnləri, 385 səh)
  23. Cinayət hüququ ümumi və xüsusi hissə Bakı 2006-cı il (mühazirə mətni, 612 səh)
  24. H.Əliyev – Azərbaycanda hüquqi islahatları haqqında Bakı (həmmüəlliflə... )
  25. Milli təhlükəsizliyin Konstitusiya əsasları Bakı (mühazirə mətnləri, 376 səh)
  26. Azərbaycanın dövlət və hüquq tarixi Bakı (mühazirə mətnləri, 485 səh)
  27. İntihar kriminoloji və psixoloji təhlil Bakı 2018-ci il (451 səh)
  28. Ревность(крим. анализ), Bakı 2019 (191 səh)
  29. Azərbaycanda Demokratik Dövlət Quruculuğu: İntibah yoluna hüquqi baxış. Bakı: “Avropa” nəşriyyatı-2017.(328: səh)
  1. 1 2 "Görkəmli hüquqşünas-alim və istedadlı elm təşkilatçısı" (az.). old.525.az. 2020-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-01.
  2. Prokurorluqda Azərbaycan dövlətçiliyini yaşatmaq üçün ən vacib olan dövlət orqanlarından biri kimi geniş hüquqlar verilməlidir- Mühakimə qəzeti №8 (səh:5) 29 iyul 1993-cü il
  3. Fədakar alim ömrü- Azərbaycan qəzeti №141 (7285), 2 iyul 2016-cı il Müəllif: Firudin Səməndərov, Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor, Respublikanın əməkdar hüquqşunası
  4. “Ana südü, günəş ziyası gərəkdir!” Qanun da belə tələb edir-Kommunist qəzeti № 38 (20806) 14 fevral 1989-cu il
  5. Hüquq elmində dəst-xətti olan alim,Elm xadimi-Azərbaycan qəzeti 7 iyul 2011-ci il Müəllif: Vaqif Fərzəliyev, Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, akademik
  6. “Millət Vəkilinin Tribunası” Qanunun aliliyinin təmin olunması hüquqi dövlət yaratmağın ən vacib şərtlərindəndir- Azərbaycan qəzeti № 218(982), 9 noyabr 1994-cü il Müəllif: Bəhram Zahidov, Bakı şəhərinin Əzizbəyov rayon prokuroru, Baş Ədliyyə Müşaviri, Azərbaycan Respublikasının Xalq deputatı, Milli Məclisin Dövlət Quruculuğu Komissiyasının üzvü
  7. Görkəmli Prokurorluq işçisi, istedadlı Alim və Elm Təşkilatçısı- “Hüquqi dövlət və Qanun” jurnalı №7 2010-cu il Müəllif: Eldar Əfəndiyev, Azərbaycan Respublikasının əməkdar hüquqşünası, hüquqi elmlər namizədi
  8. Görkəmli hüquqşünas-alim və istedadlı elm təşkilatçısı- 525-ci qəzet № 124(3440),13 iyul 2011-ci il Müəllif: Vaqif Fərzəliyev, Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, akademik

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]