Bəhramnamə — bəstəkar Eldar Mansurov tərəfindən bəstələnmiş muğamla müasir musiqi növlərinin sintezindən ibarət musiqi albomu.
"BƏHRAMNAMƏ" (Bahramnameh) əsəri 2004-cü ildə bəstəkar Eldar Mansurov tərəfindən yaranmışdır. Bu əsər onun atası - görkəmli tarzən Bəhram Mansurovun xatirəsinə həsr olunub.
Eldar Mansurov "BƏHRAMNAMƏ"də vaxtilə atasının ifa etdiyi azərbaycan muğamlarının lent yazılarından istifadə edib. Belə ki, bu əsərdə muğam hissələri Bəhram Mansurovun, digər musiqi parçaları isə Eldar Mansurova aiddir. Bəstəkar burada muğamla rok və simfonik musiqinin sintezini yaradıb. "BƏHRAMNAMƏ"nin instrumental versiyası 12 müğamdan ibarətdir. Bunlar: Bayatı-Şiraz, Segah, Mahur-Hindi, Şur, Şüştər, Rast, Hümayun, Bayatı-kürd, Çoban-bayatı, Nəva-Nişapur, Kürdü-şahnaz və Çahargahdır. "BƏHRAMNAMƏ"nin ikinci versiyası vokal-instrumental formadadır. Bu da muğamla rok musiqisinin sintezi əsasında qurulmuşdur.
Eldar Mansurovun "BƏHRAMNAMƏ" əsəri eyniadlı konsert proqramı ilə 2005-ci il dekabrın 1-də Heydər Əliyev Sarayında keçirilmişdir. Həmin konsertdə Bəhram Mansurovun kiçik oğlu, tarzən Elxan Mansurov, müğənni Manana və xanəndə Elbrus Abdulzadə Eldar Mansurovun yaratdığı rok-qrupla birlikdə çıxış etmişlər.
Video