Rast – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri.[1] Bütün müsəlman ölkələrində mövcuddur.
"Rast" sözü farsca "düz, dürüst, müstəqim, düzgün" deməkdir.
Orta əsr musiqi elmində Rast ən birinci və bütün digər muğamların əsası sayılır. Musiqişünaslar Rastı "muğamların anası" adlandırmışlar. Rast Yaxın Şərq xalqlarının şifahi – peşəkar musiqisində 12 əsas muğamdan biridir. Baxmayaraq ki, 12 klassik muğamdan bəziləri şöbə halına keçmiş, bəziləri isə kiçik həcmli muğam əhəmiyyətini kəsb etmişdir, qədim zamanlardan 12 muğamdan Rast öz əvvəlki mahiyyətini bu günədək qoruyub saxlamışdır.
Üzeyir Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" kitabında muğamların dəyişikliyə uğradığını söyləyir. O, Rastı "indiyədək zamanın və hadisələrin sarsdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam" adlandırmışdır. Bakı, Şamaxı, Şuşanın özünəməxsus "muğam məktəbləri"ndə Rast dəstəgahının şöbə və guşələrinin həm say, həm də ardıcıllıq etibarilə müqayisə nəticəsində belə qənaətə gəlmək olur ki, əgər Bakı musiqi məclisində Rast dəstgahı 15, Şuşa məclisində 18, Şamaxıda 21-ə çatır:
Rast ailəsinə bir sıra muğamlar aiddir. "Mahur–Hindi", "Orta Mahur", "Bayatı–Qacar", "Dügah" dəstgahları məhz Rastın variantlarıdır. Bu muğamlar öz quruluşu və musiqi məzmunu baxımından bir-birinə çox uyğundur.
Yaxın Şərq xalqları klassik musiqisinin 12 muğamından biri. “Qədim musiqişünaslar rastı muğamların anası adlandırmışlar. Rast muğamı nəinki öz adını və kökünün səsdüzümünü, hətta öz tonikasının (mayəsinin) ucalığını belə zəmanəmizə qədər mühafizə edib saxlaya bilmişdir.” [2]
Azərbaycan musiqisində: novruz-rəvəndə, rast, üşşaq, hüseyni, vilayəti (bəzən dilkeş), xocəstə, xavəran, əraq, pəncgah, rak, əmiri və məsihi şöbələrindən ibarət dəstgah.
Muğam şöbələri arasında ifa olunan rənglər də əsas muğamın adını daşıyır.[3]
Bakı musiqi məclislərində “Rast” dəstgahı 15, Şuşa muğam məclisində 18 şöbə və guşədən ibarətdirsə, Şamaxı məclisində isə şöbə və guşələrin sayı 21 olmuşdur. Həmin bu üç muğam məclisində oxunan “Rast” dəstgahının sayı və ardıcıllığı aşağıdakı cədvəldə verilir [4][5]:
Bakı (Abşeron) | Şuşa (Qarabağ) | Şamaxı (Şirvan) |
---|---|---|
1. Mayeyi Rast | 1. Rast | 1. Rast |
2. Novruzi rəvəndə | 2. Pəncgah | 2. Üşşaq |
3. Rast | 3. Vilayəti | 3. Mücrü |
4. Üşşaq | 4. Mənsuriyyə | 4. Hüseyni |
5. Hüseyni | 5. Zəminxarə | 5. Vilayəti |
6. Vilayəti | 6. Rak-hindi | 6. Siyahi-ləşgər |
7. Xocəstə | 7. Azərbaycan | 7. Məsihi |
8. Xavəran | 8. Əraq | 8. Dəhri |
9. Əraq | 9. Bayatı-Türk | 9. Xocəstə |
10. Pəncgah | 10. Bayatı-Qacar | 10. Şikəsteyi-Fars |
11. Rak | 11. Mavəraənnəhr | 11. Rak-hindi |
12. Xavəran | 12. Balu-Kəbutər | 12. Rak-Xosrovani |
13. Əmiri | 13. Hicaz | 13. Saqinamə |
14. Məsihi | 14. Şahnaz | 14. Əraq |
15. Rast | 15. Əşiran | 15. Təsnif-Qərai |
16. Zəngi-Şötər | 16. Məsnəvi | |
17. Kərkuki | 17. Zəngi-Şötər | |
18. Rast | 18. Nəğməyi-Hindi | |
19. Mənəvi | ||
20. Kabili | ||
21. Rast |
Rast muğamı əsasında bəstələr
İran musiqisində "Rast-pəncgah" kimi bilinir: zəngulə, pərvanə nəğmə, ruh-əfza, Xosrovani, pəncgah, süpehr, üşşaq, Şiraz, bayatı-əcəm, mübərriqə, qərəcə, bəhr-nur və əlavə olaraq Əbül-çəp, Leyli və Məcnun, ravəndi, novruz-ha, nəfir, fərəng, əraq şöbə və guşələrindən ibarət dəstgah.[6]
13 əsas (basit) makamdan biridir.[7][8][9]
Şeşməqama daxil olan altı əsas muğamlardan biridir [10][11].
Quruluşu: 1-1- 1/2 ton formullu üç tetraxordun qovuşuq üsulla (x.1 - intervalı məsafəsində) birləşməsindən ibarətdir; səssırası 10 pilləlidir, IV pillə mayə (tonika) pilləsidir. Məqamın səssırasının IV, VI, VII, VIII pillələri istinad-dayaq pilləsi kimi “Rast” muğamının şöbələrinin əsasını təşkil edir; bu məqamda qurulan musiqi nümunələri – xalq mahnıları, rəqsləri, aşıq havaları həmin pillələrə əsaslanır.[12]