Bənövşəyi çanaqlı yastıca

Bənövşəyi çanaqlı yastıca (lat. Parlatoria oleae (Colvee)) — Buğumayaqlılar tipinin Bərabərqanadlılar dəstəsinin Yastıcalar fəsiləsinə aid olan növ.

Bənövşəyi çanaqlı yastıca
Parlatoria oleae.jpg
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Bənövşəyi çanaqlı yastıca
Beynəlxalq elmi adı
  • Parlatoria oleae

Xarici quruluşu[redaktə | mənbəni redaktə et]

Çanaqlı yastıcanın çanağı ovaldır, bəzən hətta dəyirmidir, ağdır, bəzən bozumtul ağdır, sürfə çanaqcığı böyükdür, tünd yaşıl, qəhvəyi və yaxud qaradır. Dişinin çanaqdaxili bədəni bənövşəyi rənglidir. Bədən oval və yaxud geniş ovaldır, arxa döş ən geniş hissədir. Erkəklərin nimfal çanağı ağ rəngli olub, qara rəngli sürfə çanaqcığına malikdir. Yetkin erkək fərdlər 1 cüt qanada, ətraflara malikdirlər və sərbəst gəzirlər. 1-2 gün yaşadıqdan sonra məhv olurlar.[1]. Çanaqlı yastıca bitkiyə yapışdıqdan sonra bədən yığılır, dəyirmi forma alır. Sürfələr sekretor mum maddə ifraz edir və bu maddədən havada saplar yaranır.[2]

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Polifaqdır, əksər meyvə və giləmeyvələrə, o cümlədən dekorativ ağac və kollara zərər vurur. Azərbaycanda meyvə ağaclarına, xüsusən alma, badam, armud, gavalı, göyəmə daha çox zərər vurur. Yastıca ilə yoluxmuş meyvə ağaclarının meyvəsinin üzərində qırmızı-bənövşəyi ləkələr yaranır. Güclü yoluxma zamanı bitkinin ümumi inkişafını zəiflədir, yarpaqların quruyub tökülməsinə, məhsuldarlığın kəskin surətdə aşağı düşməsinə, məhsulun keyfiyyətinin azalmasına səbəb olur.[3] Azərbaycanda bu zərərvericinin bioekoloji xüsusiyyətləri qismən öyrənilmişdir. A.T.İmamquliyev Azərbaycanın Lənkəran zonasında bu zərərvericinin biologiyasını və bəzi yerli entomofaqlarını öyrənmişdir. XaçmazdaAbşeronda bənövşəyi çanaqlı yastıcanın mayalanmış dişi fərdləri ağac, kol bitkilərinin gövdə və budaqlarında qışlayır. İqlim şəraitindən asılı olaraq, çanaqlı yastıcanın oyanması müxtəlif vaxtlarda baş verir. Gündəlik temperatur 10-120C-dən yüksək olduqda yastıcalar qidalanmağa başlayır və ölçüsü artır. Mayın I - II ongünlüyündə ilk yumurta qoyan dişilər yaranır. Yumurtalar ovaldır, açıq bənövşəyi rənglidir. Yumurta qoyma uzunmüddətli prosesdir, təxminən 30-40 gün çəkir. Yumurta qoyulandan sonra dişilər yığılır, büzüşür və məhv olur. Bənövşəyi çanaqlı yastıcanın yumurta qoyma qabiliyyəti müxtəlifdir.[4]

Yumurtalardan 6-7 gün sonra “avara sürfələr” çıxır. Onlar çox həssas olurlar. İlk avara sürfələr mayın II ongünlüyündə çıxmağa başlayır. Avara sürfələrin kütləvi doğuluşu mayın III ongünlüyünə iyunun 1 yarısına təsadüf edir. Avara sürfələr yastı oval olur, bənövşəyi rəngli olub, aktiv hərəkət edir. Zərərvericinin digər bitkilərə yoluxması da məhz bu dövrdə olur. Çox xırda ölçülü olduqları üçün yastıcanın yayılması bu dövrdə daha çox olur.Yumurtadan çıxan “avara sürfələr” ətraflara, bığcığa malik olur, bir müddət sərbəst hərəkət edirlər. Sonradan sürfələr öz xortumlarını bitkinin toxumasına salır, ona yapışır. Avara sürfələr bitkinin üzərində yayılır, ən yumşaq yerlərə yapışır, əsasən yarpaqların əsas damarı boyunca zoğlarda və meyvə yanlığında toplanır.

Çanaqlı yastıca bitkiyə yapışdıqdan sonra bədən yığılır, dəyirmi forma alır. Sürfələr sekretor mum maddə ifraz edir və bu maddədən havada saplar yaranır. Təxminən 1-1,5 gündən sonra sürfənin bədəni saplarla örtülür və ilk çanaq yaranır. Çanağın altında bədən aydın görünür. 18-20 günlük inkişafdan sonra I yaşlı sürfələr qabıq dəyişir, II yaşlı sürfələr yaranır. Bu dövrdə artıq erkək və dişi fərdlər həm çanaqları, həm də çanaqdaxili bədənləri ilə bir-birindən fərqlənirlər. Dişilər dəyirmi çanağa malik olur, erkəklərin çanağı isə uzunsov olur. Dişi fərdlərin çanaqdaxili bədəni açıq qırmızımtıl bənövşəyi rəngli, erkəklərin bədəni uzunsov olub, tünd qırmızımtıl bənövşəyi rəngli olur. II yaşlı sürfələr 20-25 günlük inkişafdan sonra artıq cavan fərdlərə çevrilir. II yaşlı dişi sürfələr cavan dişilərə, erkək sürfələr isə nimfalara çevrilir. Təxminən 45-50 günlük inkişafdan sonra erkəklər uçmağa başlayır, onlar dişilərlə cütləşdikdən sonra məhv olurlar. Erkəklərin intensiv uçuşu 12-14 gün davam edir, əsasən səhər və axşam saatlarda uçurlar. Tək-tək fərdlərə 30-35 gün sonra da təsadüf edilir. Erkəklərlə mayalandıqdan sonra 10-15 gün sonra artıq dişi fərdlər yumurta qoymağa başlayır. Deməli, I yaz nəslinin inkişafı 60-65 gün çəkir.[5] II nəslin yumurta qoyan dişiləri iyulun I və II dekadasında yaranır. Kütləvi yumurtaqoyma iyulun II - III ongünlüyündə baş verir. 8-10 günlük embrional inkişafdan sonra sürfələr çıxır, kütləvi sürfə çıxışı təxminən 10-15 gün sonra baş verir. İyul ayında kütləvi sürfə mərhələsi olur. Qısa müddətli sərbəst həyatdan sonra sürfələr oturaq həyata keçir və I yaşlı sürfələrə çevrilir. 20 günlük inkişafdan sonra I yaşlı sürfələr II yaşlı sürfələrə çevrilir. Sentyabrın I-II dekadasında cavan dişilər yaranır, erkəklər uçur. Dişilərlə mayalandıqdan sonra erkəklər məhv olur. Mayalanmış dişi fərdlər qışlayır. Mayalanmadan sonra dişilər çanaqlarını xeyli böyüdürlər və qışlayırlar. Temperaturun aşağı olması nəticəsində çanağın böyümə sürəti yaza nisbətən çox az olur.[1]

Yayılması[redaktə | mənbəni redaktə et]

Zərərverici dünyada geniş yayılmışdır. Keçmiş SSRİ məkanında əsasən Krım, Krasnodar vilayətlərində, QafqazOrta Asiya respublikalarında yayılmışdır. Zərərvericinin vətəni Palearktikanın Aralıq dənizi sahilidir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Mustafayeva G.Ə. Azərbaycanın çanaqlı yastıcalarının (Homoptera, Diaspididae) növ tərkibi, yayılması və zərər vurduqları bitkilər. Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri, Bakı, 2013, səh.65-77.
  • Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
  • Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri, Bakı, 2013, səh.65-77.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
  2. "Bənövşəyi çanaqlı yastıca". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-17.
  3. "Mustafayeva G.Ə. Fauna of scales" (PDF). 2016-01-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-17.
  4. Mustafayeva G.Ə. Azərbaycanın çanaqlı yastıcalarının (Homoptera, Diaspididae) növ tərkibi, yayılması və zərər vurduqları bitkilər. Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri, Bakı, 2013, səh.65-77.
  5. Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri, Bakı, 2013, səh.65-77.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]