Bəqliyyə və ya Buraniyyə — qərmətilərin XX əsrin əvvəllərində Cənubi Mesopotamiyada fəal olmuş alt qrupu.
Qrup 907-ci ildə Zikrəveyh ibn Mihrəveyhin qərməti üsyanının Abbasilər xilafəti tərəfindən yatırılmasından sonra yaranmışdır. Zikrəveyh öldürülmüş, lakin onun Səvaddakı ardıcıllarının çoxu onun ölümünə inanmaış, onlara yenidən rəhbərlik etmək üçün qayıdacağına inanmışdır.[1][2] 907-ci və ya 908-ci ildə Əbu Hatəm Zutti adlı bir dai Səvadda fəal olmuş və ardıcıllarına sarımsaq, kəvər və şalğam yeməyi, heyvan kəsməyi və İslam dininin bəzi ayinlərinə riayət etməyi qadağan etmişdir.[3] Buna görə də onun ardıcılları Bəqliyyə ləqəbini almış və tezliklə bu addan ümumiyyətlə Səvad qərmətiləri üçün istifadə olunmağa başlanmışdır.[1][2] Çox keçməmiş, Məhəmməd ibn İsmayılın Mehdi olaraq qayıtmasına hələ də inanan Həmdan Qərmət və Əbu Məhəmməd Əbdanın ardıcılları Zikrəveyhin ardıcıllarına qoşulmuşdur.[1][2]
Bu hərəkat sonradan Məsud ibn Hureyt və Əbu Məhəmməd Əbdanın qardaşı oğlu İsa ibn Musanın başçılığı ilə Kufə və Vəsit ətrafındakı ərazilərdə Abbasilərə qarşı bir neçə dəfə üsyan qaldırmışdır.[3] Onlar Bəhreyn qərmətilərinin 927-ci ildə Əbu Tahir Cənnəbinin başçılığı altında İraqa yürüşündən sonra üsyan qaldırmış, lakin Abbasi sərkərdəsi Harun ibn Qərib tərəfindən məğlub edilmişlər. Onların bayraqları ağ fon üzərində Quranda İsrail övladlarının fironun zülmündən xilas olması haqqında yazılar qeydə alınmış şəkildə təsvir edilmişdir.[3] Fars əsilli bir sıra qərməti bəhreynlilərə qoşulmuş, sonra onların ardınca öz yurdlarına qayıtmış və burada "Əcəmiyyun" adlandırılmışlar.[2]