Qərmətilərin İraqa yürüşü

Qərmətilərin İraqa yürüşüBəhreyn qərmətilərinin Abbasilər xilafətinin paytaxt bölgəsi İraqa 927-ci ilin payızında başlayan və 928-ci ilin yayına qədər davam edən genişmiqyaslı basqını.

Qərmətilərin İraqa yürüşü
QərmətiAbbasi münaqişəsi
İraqın xəritəsi. IX–X əsrlər.
İraqın xəritəsi. IX–X əsrlər.
Tarix 927-ci ilin oktyabr/noyabrı – 928-ci ilin yayı
Yeri Cənubi MesopotamiyaŞimali Mesopotamiya
Nəticəsi Qərmətilərin qələbəsi
Münaqişə tərəfləri
Komandan(lar)

Əbu Tahir Cənnəbi

Tərəflərin qüvvəsi

1,500–2,300 qərməti[1]
Naməlum sayda üsyançı

40 mindən çox[2]

Bu yürüş əvvəlki illərdə həcc karvanlarına edilən bir sıra dağıdıcı basqınlar, eləcə də BəsrəKufənin yağmalanmasından sonra yaranan gərginliyin kulminasiya nöqtəsi idi. Bu basqınlar qərmətilərə müqavimət göstərməkdə aciz qalan Abbasi hökumətindəki ümumi siyasi nasazlıq fonunda baş vermiş, Bağdadda siyasi gərginliyi artırmış və vəzir ibn Fəratın edamına səbəb olmuşdur.

927-ci ilin oktyabr və ya noyabr ayında qərmətilərin rəhbəri Əbu Tahir Cənnəbi İraqa yürüş etmək üçün tərkibi 2,300 nəfərdən çox olmayan bir qüvvəyə rəhbərlik etmişdir. Qərmətilər dekabrda Kufəni tutmuş və Azərbaycanın əsir götürülən yarımmuxtar əmiri Yusif ibn Əbu Sac xeyli böyük ordusunu məğlub etmişdilər. Qərmətilər daha sonra şimaldan Fərat çayı boyunca Bağdada doğru hərəkət etməyə başlamış, nəticədə paytaxtda burada geniş çaxnaşma baş tutmuşdur. Təhlükəyə qarşı çıxmaq üçün 40 mindən çox qoşun toplanmış, lakin Abbasi sərkərdələri Munis Müzəffər və Əbülheycə Həmdani döyüşdən yayınmış, əvəzində Bağdad yaxınlığındakı körpüləri və kanalları dağıdaraq qərmatilərin irəliləməsinə mane olmuşdular. Baş verən daşqın nəticəsində qərmatilər 7 yanvar 928-ci il tarixində Bağdad yaxınlıqlarında irəliləməyə son qoymuş, daha sonra Fəratın digər tayına çəkilərək Şimali Mesopotamiyaya doğru hərəkət etmiş, burada bölgəni yağmalamış və sakinləri əsir götürmüşdülər. Müqavimətlə qarşılaşmayan qərmətilər 928-ci ilin yayında Bəhreynə qayıtmışlar. Yürüş Kufədə qərməti simpatizanları olan Bəqliyyə üsyanına səbəb olmuşdur, lakin bu üsyan Abbasi qüvvələri tərəfindən yatırılmışdır. Sağ qalan üsyançılar qərmətilərə qoşulmaq üçün Bəhreynə çəkilmişdir.

Qərmətilər yürüşdən sonra, 930-cu ilin yanvarında Məkkəni talan etmiş və elə həmin il Omanı tutmuşdular, lakin daxili problemlər onların irəliləyişini dayandırmışdır. İraqda əsir düşmüş fars gənci Əbu Tahir tərəfindən Mehdi elan edilmiş və hakimiyyət ona keçmişdir, fəqət onun qeyri-sabit davranışı onun qərmətilər onun göstərdiyi qeyri-sabit davranış nəticəsində onun gözlədikləri millenniaríst şəxsiyyət olmadığını anlamaqlarına gətirib çıxarmış və o, edam edilmişdir. Bu hadisə qərmətiləri ruhdan salmışdır ki, onlar daha sonra Abbasilərlə sülhsevər münasibətlər qurmağa çalışmışlar. Buna baxmayaraq, 927–928-ci illərdə baş verən basqın Abbasilər xilafətinin maddi və siyasi vəziyyətini xeyli pisləşdirmişdir. Xilafət hərbi çevrilişlər və sərkərdələr arasında daxili müharibə dövranına düşmüş, nəticədə İraqdakı hakimiyyət 946-cı ildə Buveyhilər sülaləsi tərəfindən ələ keçirilmişdir.

Qərmətilərin mənşəyi

[redaktə | mənbəni redaktə et]

880-ci və 890-cı illərdə ismaili missioneri Əbu Səid Cənnəbi Bəhreynin bədəvi qəbilələri arasında güclü nüfuz qazanmışdı.[3] İsmaili hərəkatı 899-cu ildə gələcək Fatimilər xəlifəsi Übeydullah Mehdinin rəhbərliyini izləyənlər və onun imamət iddiasını rədd edən "qərmətilər" olaraq iki qola ayrılmışdır. Əbu Səid ya əqidəsinə ləyaqəti, ya da siyasi məqsədəuyğunluq səbəbilə sonuncunun tərəfini tutmuşdur. Yerli bədəvi tayfaları Bəni Kilab və Bəni Ukeyl, eləcə də İran körfəzindən olan tacirlərlə ittifaq quran Əbu Səid regionun paytaxtını ələ keçirmişdir.[4][5][6] O, 900-cü ildə Bəhreynə nəzarəti bərpa etmək üçün göndərilən Abbasi ordusunu məğlub edərək qərmətilərin müstəqilliyini təmin etmişdir.[7]

Əbu Səidin hakimiyyəti dövründə Bəhreyn qərmətiləri 900-cü illərdə Suriyaİraqda Abbasilər xilafətinə qarşı qərmətilərin qaldıqları üsyanlarda, eləcə də İfriqiyədə Fatimi xilafətinin qurulmasında iştirak etməmişdilər. Onlar 912-ci ildə Bəsrə şəhərinə etdikləri basqın istisna olmaqla, Abbasilərlə sülhü qorumuş və Abbasi vəziri Əli ibn İsa ibn Cərrahdan pul və silah ianələri almışlar.[8] Əbu Səid 913-cü və ya 914-cü ildə öldürülmüşdür və onun yerinə bütün oğulları birlikdə nominal olaraq keçmişdir.[9] Onların ən böyüyü Əbülqasım Səid Cənnəbi ilk vaxtlar aralarından ən nüfuzlusu olsa da, onun hakimiyyəti qısamüddətli olmuşdur. 923-cü ildə onun yerinə Əbu Səidin daha iddialı və döyüşkən kiçik oğlu Əbu Tahir Cənnəbi keçmişdir.[7][10][11]

Bəsrənin yağmanlaması

[redaktə | mənbəni redaktə et]

16 yaşına təzəlikcə çatmış Əbu Tahirin rəhbərliyi altında qərmətilər Abbasilər xilafətinə qarşı basqınlara başlamışlar. Bunlardan birincisi 923-cü ildə, avqustun 11-nə keçən gecə Bəsrə şəhərinə qəfil hücum olmuşdur. Növbəti 17 gün ərzində şəhər tamamilə talan edilmiş, ardınca qərmətilər müqavimət görmədən əllərində böyük qənimət və qul karvanı ilə geri çəkilmişdir.[10][12] Müasir tarixçilərə görə, münaqişənin başlanması, çox güman ki, Əli ibn İsanın vəzir vəzifəsindən uzaqlaşdırılması və onun yerinə hərbi əməliyyatlara üstünlük verən daha döyüşkən rəqibi ibn Fəratın təyin edilməsi ilə bağlı idi.[10][13] Hücumdan xəbər tutan ibn Fərat Bəsrə şəhərinə qoşun göndərmiş, lakin onlar şəhərə çatdıqda qərmətilər şəhəri tərk etmişdi.[14] Bu, Abbasilərin qərməti basqınlarına hərbi müdaxilələrinə xas bir şeyə çevrilmişdi. Qərmətilərin basqınçı qüvvələri sayca az olsa da, çox mobil idi və bu, Abbasilərin istənilən hərbi müdaxiləsinin gecikməsini təmin edirdi. Eyni zamanda, qərmətilərin Bəhreyndəki bazası Abbasilərin hücumundan amanda idi.[15]

Bəsrə şəhərinin yağmalanmasından yaranan təhlükəsizlik təhdidlərinə baxmayaraq, ibn Fərat hərbi hazırlıq görmək əvəzinə daha çox öz mövqeyini bərkitməklə məşğul idi. Həqiqətən də o, ən güclü rəqibini – Abbasilər ordusunun baş komandanı Munis Müzəffəri Bağdaddan uzaqlaşdırmaq üçün onu ordusu ilə Rəqqə şəhərinə, demək olar sürgünə göndərmişdir.[14] Eyni zamanda, ibn Fəratın oğlu Mühəssin məmurlardan pul qoparmaq üçün onlara qarşı işgəncə kampaniyası başlatmışdır.[16]

Karvanlara hücum

[redaktə | mənbəni redaktə et]

924-cü ilin martında qərmətilər Məkkədən Bağdada qayıdan həcc karvanına hücum edərək onu məhv etmiş, Abbasilər sarayının bir çox əyanlarını əsir götürmüşdülər.[12][17] Şiə tərəfdarları Bəhreynə axın etmiş, fraksiyalararası rəqabətdən əziyyət çəkən və maliyyə çatışmazlığı səbəbindən aciz qalan Abbasi hökuməti qərməti təhlükəsinə təsirli cavab verə bilməmişdir.[18] Həcc karvanının məhv edilməsi Abbasi hökumətinin ən əsas vəzifələrindən birini yerinə yetirə bilməməsinin sübutu idi.[19] Bağdad küçələrində indi bütün dəstəyini itirmiş ibn Fərata qarşı iğtişaşlar başlamışdır. Munis iyun ayında Bağdada geri çağırılmış və hərbi rəhbərlər ibn Fəratın vəzifəsindən azad edilməsində israr etmişdir. Vəzir 16 iyulda devrilmiş və oğlu Mühəssinlə birlikdə edam edilmişdir. Bu hadisə ordunun mülki bürokratiya üzərində qazandığı son üstünlük idi.[20]

Gələn il yola çıxan həcc karvanı Məkkəyə gedərkən hücuma məruz qalmış, karvanın 6 min nəfərlik keşikçi qüvvəsi böyük itki verərək Kufə şəhərinə qədər çəkilmişdir.[18][21] Qərmətilər Bəsrə və Xuzistanın təslim edilməsini tələb etmiş, rədd cavabı aldıqdan sonra isə Kufəyə daxil olaraq bir həftə şəhəri talan etmişdir. Onlar hətta şəhərin dəmir darvazalarını sökərək Bəhreyə aparmışdır.[18][22] Növbəti həcc mövsümündə, 926-cı ilin yanvarında güclü hərbi müşayiət zəvvarların təhlükəsizliyini təmin etmişdir, lakin buna baxmayaraq, Abbasi hakimiyyəti onların keçidi üçün qərmətilərə külli miqdarda pul da ödəmişdi. Növbəti həcc mövsümündə Abbasi hökumətinin zəvvarlara müşayət etməsi üçün keşikçi qüvvəsi yaratmağa imkanı olmadığından karvan tamamilə geri ləğv edilmişdir. Bundan əlavə, sakinlər potensial qərməti hücumundan qorxduğu üçün Məkkədə çaxnaşma yaranmış, belə bir hücumun baş tutmamasına baxmayaraq Məkkə əhalisi şəhəri tərk etmişdir.[18]

Abbasilərin hazırlıq tədbirləri

[redaktə | mənbəni redaktə et]

Bu əsnada Abbasilər hökuməti daha çox qoşun toplamaq məqsədilə hiddətli şəkildə pul yığmağa çalışmışdır, lakin ibn Fəratın edamından sonra qüvvəyə gələn iki qısamüddətli vəzir Abdullah Xaqani və Əhməd Kəsibi dövlətin maliyyəsini gücləndirə bilməmişdilər. Vəziyyət Abbasi hökumətindəki ünsürlərin qərmətilərlə gizlincə əməkdaşlıq etməsi barədə davamlı şayiələr ilə daha da gərginləşmişdir və bu ittiham o zamanlar siyasi müxaliflərə qarşı geniş istifadə olunurdu.[23]

Çarəsizlik içində qalmış vəzir Kəsibi 926-cı ildə AzərbaycanƏrməniyyənin yarımmuxtar əmiri Yusif ibn Əbu Sacı öz qoşunları ilə qərməti təhlükəsinə qarşı mübarizə aparmağa çağırmışdır. Xəzinə boş olduğuna görə Abbasi xilafətinin nəzarətində olan Cibəlİranın şimal-qərb ərazilərindən, həmçinin ibn Əbu Sacın öz mülklərindən gələn gəlirlər ordunun xərclərini qarşılamaq üçün istifadə edilmişdir.[24][21] Müasir tarixçi Hyu Naycel Kennedi bunun "axmaq bir fikir" olduğunu qeyd etmişdi, çünki Əbu Sacın əsasən dağlıq ərazilərdə vuruşan qoşunlardan təşkil olunmuş ordusu İraqın çöllərində vuruşmağa alışmamışdı, Əbu Sacın özünün Bağdada sədaqəti şübhə altında qalmışdı və hərbi qüvvənin mövcudiyyəti vəd edilmiş məbləğin ödənilməsindən asılı idi.[1]

Nəhayət, 927-ci ilin aprelində Əli ibn İsa Munisin israrı ilə böhranı həll etmək üçün bir növ "milli birlik hökuməti"nə başçılıq etsin deyə vəzir vəzifəsinə geri gətirilmişdir.[23] Əli ibn İsa alternativ bir həll yolu taparaq Əsəd və Şeyban bədəvi qəbilələrindən xəzinəyə çox daha az başa gələcək və regionun relyefinə daha uyğun olan qoşunlar yığmağı təklif etmişdir. Eyni zamanda, o, Əbu Sacı öz vilayətinə qayıtmağa razı salmağa çalışmışdır, lakin öz qoşunlarını vəd edilən məbləğ ödənilənə qədər döyüşə aparmaqdan imtina edən Əbu Sac bunu da rədd etmişdir. Bu vaxt saci qoşunları Vasitdə möhkəmlənərək yerli əhaliyə zülm vermişdir.[1]

Kufə döyüşü

[redaktə | mənbəni redaktə et]

Əli ibn İsanın bütün planlarının həyata keçirilməsi vaxt tələb edirdi, lakin bu da tükənmək üzrə idi. 927-ci ilin oktyabr və ya noyabr ayında Əbu Tahirin rəhbərliyi altındakı qərməti qüvvələri İraqa hücuma keçərək Kufəyə doğru irəliləməyə başlamışdılar. Munis Bizans imperiyasına qarşı yürüşdən geri çağırılmışdı, Kufədə böyük silah və təchizat anbarları yaradılmışdı və ibn Əbu Saca şəhərə getməyə əmr edilmişdi. Sürətlə hərəkət edən qərmətilər Kufəyə birinci çataraq sözügedən anbarları ələ keçirmişdilər.[1]

Yürüşdə iştirak edən qərməti qüvvələri sayca az idi. Orta əsr mənbələrində Əbu Tahirin rəhbərliyi altında 1,500–2,300 əsgərin olduğunu bildirir, buna görə də ibn Əbu Sac qərməti qüvvələrinə hücum etmək qərarına gəlmişdir. Əhəmiyyətli say üstünlüyünə baxmayaraq, 7 dekabr 927-ci ildə baş tutan Kufə döyüşündə saci qoşunları məğlub olmuş və ibn Əbu Sac özü əsir düşmüşdür.[22][25]

Kufədə Bəqliyyə adı ilə tanınan gizli ismaili tərəfdarları özlərini üzə çıxararaq üsyan qalmışdılar. Üsyançılar Rifayə, Zül və Əbs bədəvi qəbilələrindən təşkil olunmuşdu, aralarında ilk ismaili missioneri Əbu Məhəmməd Əbdanın qardaşı oğlu da var idi. Onlar Kufəni tutmuş və Abbasilər xilafətinin hakimiyyətini sona çatdığını, islam məsihi Mehdinin qayıdışının yaxınlaşdığını elan etmişdilər. Üsyançılar çox keçməmiş Harun ibn Qəribin komandanlığı altında Vəsitdən olan Abbasi qüvvələri tərəfindən darmadağın edilmişdir, lakin onların qalıqları Əbu Tahirin qüvvələrinə qoşulmuşdur.[22][26]

Bağdada yürüş

[redaktə | mənbəni redaktə et]

Kufədə qələbə çaldıqdan sonra qərmətilər Bağdad şəhərini hədəfə alaraq şimala doğru irəliləməyə başlamışdılar. Qərmətilər irəlilədikcə Bağdadda çaxnaşma baş vermiş, şəhər əhalisinin çoxunda şəhərin alınması və Abbasi xilafətinin süqutu barədə qorxu yaranmışdır. Hətta Əbu Tahirin artıq xəlifənin saraylarını öz tərəfdarları arasında bölüşdürdüyü barədə şayiələr də yayılmışdı.[26][27] Abbasi hökuməti çarəsizcəsinə paytaxtı nadir hallarda tərk edən saray qoşunlarını təhlükə ilə üz-üzə saxlamaq üçün səfərbər etmişdir.[28] Əli ibn İsa Bağdad qayıqçılarını dövlət xidmətinə cəlb etmək üçün pul yığmaq məqsədilə xəlifənin anası Şəğəbə müraciət etməyə məcbur qalmışdır.[27]

Qərmətilər 14 dekabrda Ənbara çatmışdılar, lakin Fərat çayı üzərindəki körpü dağıdılmışdı. Bəzi əsgərlər qayıqlarla çayı keçərək körpünü təmir etməyə təmir etmişdir, ardınca ordunun qalan hissəsi isə əşyalarını çayın qərb sahilində tərk edərək çayı keçmişdir.[29][27] Gecə vaxtı Abbasilər körpünü yenidən dağıdaraq qərmətiləri çayın şərqində izolyasiya etmişdilər, lakin qərmətilər buna baxmayaraq Bağdad şəgirnə doğru irəliləməyə davam etmişdir.[30]

Bir neçə minlik qərməti qüvvəsi Munis və Həmdanilərin başçısı Əbülheycənin komandanlığı altında[31] 40 mindən çox qoşundan ibarət ordu ilə qarşılaşmışdır.[a] Buna baxmayaraq, Abbasi qoşunları keyfiyyətsiz idi və təlim keçmiş hərbi qüvvə yox, təcili kütləvi səfərbərlik nəticəsində orduya çağırılmış qoşunlardan ibarət idi.[2] Müasir tarixçi Hyu Kennedinin fikrincə, o dövrdə Abbasi hökumətinin əlində olan effektiv nizami qoşunların faktiki sayı, yəqin ki, 10 mindən aşağı idi.[32] Buna görə də Munis qərmətilərlə döyüş meydanında üz-üzə gəlmək əvəzinə oların irəliləyişini dayandırmaq üçün kanalları yarmağa, tarlaları daşqına salmağavə Bağdad yolundakı körpüləri dağıtmağa üstünlük vermişdir.[26][31] 7 yanvar 928-ci ildə Bağdad qüllələrini müşahidə edən qərmətilər Əkərkuf tellində yollarının kəsildiyini gördükdən sonra şəhərə doğru irəliləyişlərinə son qoymuşdur.[26]

Qərməti ordusu hələ Fərat çayının şərqində ikən Abbasilər qərb sahilindəki düşərgələrinə hücum edərək ibn Əbu Sacı əsarətdən azad etməyi planlaşdırdılar.[31] Bu məqsədlə Munis öz hacibi Yəlbəlkin komandanlığına əksəriyyəti saci ordusundan olan 6 min qoşun vermişdir.[33] Əbu Tahir onların məqsədlərindən şübhələnmiş və düşərgəsini xəbərdar etmək, onları müdafiəyə hazırlamaq üçün gecə vaxtı çayı keçmişdir. Abbasilərin ardınca qərməti qüvvələrinə hücum etmiş, lakin onlar dəf edilmişdir və ibn Əbu Sac nəticədə edam olunmuşdur.[31]

Şimali Mesopotamiyaya basqın

[redaktə | mənbəni redaktə et]

Qərməti ordusu Fərat çayını keçməyə nail olmuşdur. Onların Bağdada hücumunun qarşısı alınsa da, Əbu Tahir təslim olmamışdı. Onun qoşunları çay boyunca irəliləyərək Şimali Mesopotamiyaya doğru getmiş və yol boyu bölgəni talan etmişdilər.[26][31] Hit şəhəri onların hücumlarına müqavimət göstərsə də, Salehiyyə və Rəhbəni ələ keçirmiş, Rəqqəyə uğursuzcasına hücum etmişdilər. Daha kiçik qərməti dəstələri RəsulaynSincara qədər irəliləmiş, şəhərlərdə fidyə toplamış və şəhərətrafı əraziləri yağmalamışdılar.[31][34]

Müasir tarixçi Hyu Kennedi qeyd etmişdir ki, Abbasi hökumətinin qoşunlarını paytaxtda cəmləşdirmək siyasəti xilafətin digər şəhərlərinin müdafiəsiz qalması, oradakı şəhər əhalisinin tələsik müdafiə sistemi qurmağa cəhd göstərməsi və hücumçuları dəf etmək üçün milislər toplamaq məcburiyyətində qalmasına gətirib çıxarmışdır.[35] Nəhayət, 928-ci ilin yayında qərmətilər Bəhreynə geri çəkilmiş, Əbu Tahir isə geridə qayıdacağını vəd etdiyi bir şeir buraxmışdır.[36]

Məkkənin yağmalanması

[redaktə | mənbəni redaktə et]

Əbu Tahir bölgədə təhlükəli bir fiqura çevrilməsindən yaranan fürsətdən istifadə edərək 930-cu ilin yanvarında, həcc mövsümündə Məkkə şəhərinə hücum etmişdir. Qərməti dəstələrinə həccə gedən zəvvarları öldürmüş, cəsədlərini Zəm-zəm bulağına atmış, Kəbəni qarət edərək oradakı reliktləri, o cümlədən qara daşı da özləri ilə paytaxt Əl-Xasaya aparmışdılar.[22][37] Müasir tarixçilərə görə, bu hadisə qərməti dövlətindəki daxili hadisələrlə əlaqələndirilə bilər. Əbu Tahir İraqdan qayıdarkən özü ilə gətirdiyi əsirlərdən birini, Qəsr ibn Hubeyrədə əsir düşmüş fars gəncini Mehdi kimi tanımışdır. O, 931-ci ildə həmin gənci ictimai formada Mehdi elan etmiş, qərməti rəhbərləri isə bütün səlahiyyətləri onu təhvil vermişdir.[38][39] Mehdinin Məhəmmədin mövcud dini qanununu ləğv etməsi, yeni və son vəhyi elan etməsi gözlənildiyinə görə[40] Məkkənin misli görünməmiş şəkildə yağmalanması qərmətilər arasında onların yeni məsihi ilə bağlı millennialist gözləntiləri ilə bağlı idi.[41] Yaşayan tanrı kimi sitayiş edilən və bir neçə qabaqcıl qərməti rəhbəri edam etmiş iddia edilən Mehdinin qəribə və avtokratik davranışı müqavimətə səbəb olmuş və o, qısa müddət sonra öldürülmüşdür.[42]

Əbu Tahir Bəhreyn üzərində hakimiyyəti saxlaya bilmiş, qərməti rəhbərliyi bu hadisələri yanlış adlandıraraq qınamış və əvvəlki şəriət qanunlarına qayıtmışdır.[43][44] Hər halda, yalançı Mehdi dövründə baş verənlər Əbu Tahirin nüfuzunu ləkələmiş və qərmətilərdə ruh düşkünlüyünə səbəb olmuşdur. Bir çox qərməti müxtəlif regional sərkərdələrin ordularında xidmət etmək üçün Bəhreyni tərk etmişdir.[43] Eyni zamanda, bu hadisə Əbu Tahirin ambisiyalarını açıq şəkildə dayandırmışdı; 930-cu ildə Omanı fəth etdikdən sonra o, İraqa yenidən yürüş etmək üçün hazırlıq tədbirləri görürdü, lakin 931-ci ildə Kufəni yağmaladıqdan sonra yalançı Mehdini devirmək üçün öz qüvvələri ilə birlikdə Bəhreynə qayıtmışdır.[45] Sonrakı illərdə Bəhreyn qərmətiləri Abbasilər hökuməti ilə danışıqlara başlamış, nəticədə 939-cu ildə sülh müqaviləsi bağlanmış və 951-ci ildə qara daş Məkkəyə qaytarılmışdır. Müasir tarixçi Hyu Kennediyə görə, bu hadisələr "qərməti dövlətinin müsəlman siyasi nizamı ilə assimilyasiyası"nın başlanğıcı idi.[43][46]

Abbasilərin süqutu

[redaktə | mənbəni redaktə et]

Abbasilər xilafətində qərmətilərin Səvad bölgəsinin bir vaxtlar münbit torpaqlarını viran qoyan İraqa fəlakətli yürüşü Bağdadda siyasi çəkişmələri gücləndirmişdi.[21] Görünən təhlükə aradan qalxan kimi, 928-ci ilin mayında saray Əli ibn İsanı vəzifəsindən azad etmək qərarını almış[31] və bu dəfə Munis ilə Harun ibn Qərib arasında intriqalar və hakimiyyət mübarizələri başlamışdır. Mübahisə 929-cu ilin fevralında xəlifə Müktədirin qısa müddətə devrilməsinə səbəb olmuşdur.[47] Xəlifə bir neçə gün sonra öz vəzifəsinə geri qayıtsa da, sonrakı illərdəki siyasi vəziyyət çevrilişlər və əks-çevrilişlər ilə xarakterizə olunmuş və 932-ci ildə Müqtədirin Munis tərəfindən devrilməsi və öldürülməsi ilə yekunlaşmışdır.[21] Bu hadisə vəziyyəti sabitləşdirməmiş, sadəcə olaraq hərbçilərin saray siyasətində oynaya biləcəyi rolu vurğulamışdır. Sonrakı onilliklərdə bir sıra ordu xadimləri və regional sərkərdələr artıq faktiki olaraq səlahiyyətsiz qalmış xəlifələr, Bağdada nəzarət və İraqın gəlirləri üçün bir-biri ilə mübarizə aparmışdılar. Bu dövran 945-ci ildə Bağdaddakı hakimiyyətin Buveyhilər sülaləsi tərəfindən ələ keçirilməsi ilə sona çatmışdır.[48]

  1. Dövrün mənbələrinə görə, ordu siyahısında 42 min əsgərin adı qeyd olunmuşdu. Müasir tarixçilər siyahıya Munis və digər yüksək rütbəli komandirlərin, eləcə də Əbülheycinin komandanlığı altında olan bədəvi qüvvələrinin əhəmiyyətli şəxsi məiyyətinin əlavə edildiyinə inanırlar.[2]
  1. 1 2 3 4 Kennedy, 2013. səh. 37
  2. 1 2 3 Kennedy, 2001. səh. 163
  3. Halm, 1991. səh. 37–38
  4. Daftary, 2007. səh. 116–117, 121
  5. Madelung, 1996. səh. 24–29
  6. Kennedy, 2004. səh. 285, 287
  7. 1 2 Kennedy, 2004. səh. 287
  8. Halm, 1991. səh. 176, 225–226
  9. Halm, 1991. səh. 176, 225
  10. 1 2 3 Halm, 1991. səh. 226
  11. Daftary, 2007. səh. 121, 147–148
  12. 1 2 Daftary, 2007. səh. 148
  13. Kennedy, 2004. səh. 191
  14. 1 2 Kennedy, 2013. səh. 34
  15. Kennedy, 2013. səh. 35–36
  16. Kennedy, 2013. səh. 33–34
  17. Halm, 1991. səh. 226–227
  18. 1 2 3 4 Halm, 1991. səh. 227
  19. Kennedy, 2013. səh. 34–35
  20. Kennedy, 2013. səh. 35
  21. 1 2 3 4 Kennedy, 2004. səh. 192
  22. 1 2 3 4 Daftary, 2007. səh. 149
  23. 1 2 Kennedy, 2013. səh. 36
  24. Kennedy, 2001. səh. 161–162
  25. Kennedy, 2013. səh. 37–38
  26. 1 2 3 4 5 Halm, 1991. səh. 228
  27. 1 2 3 Kennedy, 2013. səh. 38
  28. Kennedy, 2001. səh. 160–162
  29. Halm, 1991. səh. 227–228
  30. Kennedy, 2013. səh. 38–39
  31. 1 2 3 4 5 6 7 Kennedy, 2013. səh. 39
  32. Kennedy, 2001. səh. 163–164
  33. Kennedy, 2001. səh. 162
  34. Halm, 1991. səh. 228–229
  35. Kennedy, 2001. səh. 162–163
  36. Halm, 1991. səh. 229
  37. Halm, 1991. səh. 229–230
  38. Halm, 1991. səh. 230–231
  39. Daftary, 2007. səh. 150
  40. Daftary, 2007. səh. 97–98
  41. Halm, 1991. səh. 231
  42. Halm, 1991. səh. 231–235
  43. 1 2 3 Daftary, 2007. səh. 151
  44. Halm, 1991. səh. 236
  45. Daftary, 2007. səh. 149–150
  46. Kennedy, 2004. səh. 288–289
  47. Kennedy, 2013. səh. 39–41
  48. Kennedy, 2004. səh. 193–197
  • Daftary, Farhad. The Ismāʿı̄lı̄s: Their History and Doctrines (ingilis) (Second ed.). Kembric: Cambridge University Press. 2007. ISBN 978-0-521-61636-2.
  • Halm, Heinz. Das Reich des Mahdi: Der Aufstieg der Fatimiden (alman). Münhen: C. H. Beck. 1991. ISBN 3-406-35497-1.
  • Kennedy, Hugh. The Armies of the Caliphs: Military and Society in the Early Islamic State (ingilis). London və Nyu-York: Routledge. 2001. ISBN 0-415-25093-5.
  • Kennedy, Hugh. The Prophet and the Age of the Caliphates: The Islamic Near East from the 6th to the 11th Century (ingilis) (Second ed.). Harlout: Longman. 2004. ISBN 978-0-582-40525-7.
  • Kennedy, Hugh. The Reign of al-Muqtadir (295–320/908–32): A History // Crisis and Continuity at the Abbasid Court: Formal and Informal Politics in the Caliphate of al-Muqtadir (295-320/908-32) (ingilis). Leyden: Brill. 2013. 13–47. ISBN 978-90-04-25271-4.
  • Madelung, Wilferd. The Fatimids and the Qarmatīs of Bahrayn // Daftary, Farhad (redaktor). Mediaeval Isma'ili History and Thought (ingilis). Cambridge University Press. 1996. 21–73. ISBN 978-0-521-00310-0.