Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyi

Bərdə Rayon Tarix-Diyarşünaslıq MuzeyiBərdə rayonunda fəaliyyət göstərən muzey. Rayon ərazisindən aşkar edilən arxeoloji tapıntılar, qədim əmək alətləri və əşyalar Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunub saxlanılır.

Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Əsası qoyulub 1982
Mövzu Tarix
Yerləşir Bərdə, Heydər Əliyev prospekti 88.
Kolleksiyası 3000-dən çox eksponat

Muzeyin tarixi[redaktə | mənbəni redaktə et]

Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildən fəaliyyət göstərir. Muzey 2008-ci ildə əsaslı təmir edilmiş, 2009-cu ildə mart ayının 2-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə muzeyin açılışı olmuşdur.

Muzeydə hazırda Bərdənin qədimliyini əks etdirən 3179 eksponat qorunub saxlanmaqdadır. Muzeyin bir foyesi bir zalı və 4 yardımçı otağı var, Muzeyin foyesində Bərdənin orta əsrlərə aid, yəni VII-IX əsrə aid maketi yer tutur. Zalda isə Bərdənin qədimliyini əks etdirən eksponatlar sərgilənmişdir[1].

Ekspozisiyası[redaktə | mənbəni redaktə et]

Muzeydə Bərdənin tarixini, mədəniyyətini, etnoqrafiyasını, məişətini, adət-ənənəsini əks etdirən 3179 eksponat, o cümlədən qədim şəhərin maketi nümayiş etdirilir. Burada VII-IX əsrlərdəki Bərdənin şəhər həyatı canlandırılıb. Şəhərin ikiqat qala divarları ilə mühafizəsi təsvir olunur. Çöl qala divarları ilə yanaşı içəri məhəllələr, mədrəsə, məscidlər var. Qala divarlarının hər tərəfi su ilə dolu xəndəklərlə əhatə olunub. Hökmdarın sarayı və Cümə məscidi Qala divarının içərisində yerləşir. Vaxtilə Yaxın Şərqin ən böyük bazarı olan Əl-Kürki bazarı da Bərdə şəhərinin maketində yer alıb.

Eksponatların bir çoxu şəhərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılmışdır. Burada ən qədim eksponatın — daş dövrünə aid daşdan hazırlanmış əmək alətinin 3500 yaşı var. Arxeoloji qazıntılar zamanı tapılmış bir çox əmək alətləri, misgərlik nümunələri, saxsı qablar, III-V əsrlərə aid, Sasanilər dövründə zərb edilmiş dəmir pullar, e.ə. aid şüşə parçaları Bərdənin qədim tarixini özündə yaşadır. Eksponatlardan 900-ü arxeoloji əşya, 1086-sı məişət və etnoqrafik əşya, 104-ü fotoşəkil, 10-u isə sənəddir. Şəhərin VII-IX əsrlər dövrünü əks etdirən maketi isə muzeyin ziyarətçilərinin daha çox marağına səbəb olur. Maketdə şəhərin qala divarları, müxtəlif istiqamətlərdə qapılar, Nüşabə qalası, Tərtər çayı üzərində körpü, yaşayış evləri, mədrəsəməscidlər, bazar, sənətkar məhəlləsi orta əsrlərdə Bərdə şəhəri, onun əhalisi haqqında geniş təsəvvür yaradır[2].

Rayon ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində tapılan maddi mədəniyyət nümunələri hesabına muzeyin ekspozisiyası getdikcə zənginləşir. Təkcə 2016-cı ildə Həsənqaya kəndində aparılan qazıntı zamanı aşkar edilən 150 ədəd, Şatırlı kəndi ərazisindəki arxeoloji tədqiqatlar nəticəsində isə tapılan 50 ədəd maddi mədəniyyət nümunəsi muzeyə təhvil verilmişdir. Bu eksponatlar içərisində nadir və maraqlı arxeoloji və etnoqrafik əşyalar diqqəti cəlb edir[2].

Ekspozisiyaların zənginləşməsinin nəticəsidir ki, muzeyi ziyarət edənlərin sayı ildən-ilə artır. Muzey rayon sakinlərinin, xüsusən də məktəblilərin və şəhərin qonaqlarının ən çox ziyarət etdikləri məkanlardandır. 2015-ci ildə muzeyi 12 min nəfər ziyarət etmişdir. Onlardan iki mini xarici turistdir. Muzeydə mütəmadi olaraq müxtəlif sosial və yaş təbəqələri, məktəblilər üçün tədbirlər, mühazirə, sərgi və tarix dərsləri keçirilir.

Əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Tarix-diyarşünaslıq muzeyində nümayiş etdirilən eksponatlar Bərdənin keçmişi, məişəti, təsərrüfatı, sənətkarlığı, ticarəti haqqında hərtərəfli informasiya verə bilir. Fondda toplanan müxtəlif çeşidli eksponatlardan da görünür ki, burada sənətkarlığın bir çox sahələri inkişaf yolu keçib. Misgərlik, dulusçuluq, toxuculuq sahəsində mahir sənətkarların əl işləri muzeyin vitrinlərini bəzəyir. Mis qablar, sərnic, səhəng, güyüm misgərlik sənətinin keçmiş ənənələrindən xəbər verir. Saxsı küplər, badyalar da dulusçuların yadigarıdır. Toxuculuğa aid daraqlar, cəhrələr də var ki, bu da misgərlik və dulusçuluqla yanaşı, toxuculuğun da məişətimizdə önəmli rola malik olduğunu göstərir[3].

Xalçalar, fərməclər, xurcunlar tək məişət nümunələri yox, həm də yerli camaatın tətbiqi dekorativ sənət düşüncəsinin estetikasına malik olması deməkdir. Sənətkarların yaratdığı əl işləri onların geniş dünya görüşünü, yüksək fəlsəfi fikirlərini təcəssüm elətdirir.

Muzeydə maraq doğuran eksponatlardan biri də eramızdan əvvəl III-II əsrlərə aid edilən şüşə parçalarıdır. Burada aşkar olunan şüşə parçaları Bərdədə hələ qədim zamanlarda şüşə istehsalının həyata keçirildiyini göstərir.

Muzeydəki antik dövrə — e.ə. VI-II əsrlərə aid su qabları, vazalar, gil, çiy saxsı qabları, məişətdə işlənən küp, qazan, bardaq, e.ə. XI-VIII əsrlər erkən dəmir dövrünə aid qablar, XIX əsrə aid dəmirçilikdə istifadə olunan körük tarixilik baxımından çox qiymətlidir.

Muzeyin numizmatika bölməsində Bərdə də tapılmış bir çox qədim dövlətlərin pulları saxlanılır. Həmin dövrdə tərkibində olduğu Sasanilər dövləti ilə yanaşı başqa xarici ölkələrə aid pullardan istifadə göstərir ki, Bərdə ticarət əlaqələrində əhəmiyyətli rola malik olub[3].

Muzeydə 2016-cı il Aprel döyüşlərində şəhid olan qəhrəman Vətən övladlarının şəkillərindən ibarət guşə yaradılmışdır[4].

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyi". 2019-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-11.
  2. 1 2 "Bərdə Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyası zənginləşir". 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-11.
  3. 1 2 "Bərdə Tarix-Diyarşünaslıq Muzeyi haqqında". 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-11.
  4. "Tarix-Diyarşünaslıq Muzeyi". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-11.