Mədrəsə, Müsəlman ölkələrində orta və ali təhsil verilən müəssisələr. Mədrəsə sözü ərəbcə dərs (درس) mənasında işlənir. Mədrəsələrdə dərs deyənlərə müdərris (professor), onların köməkçilərinə "muid" (asistent) deyirlər. Mədrəsədə oxuyanlar "danışmənd", "sohta" və ya "tələbə" adlandırılır.
VIII əsdə Azərbaycan ərəb qoşunları tərəfindən işğal olundu və ölkə Ispaniyadan Hindistana qədər uzanmış Ərəb xilafətinin tərkibinə qatıldı. Müxtəlif xalqların vahid bir dövlətə qoşulması və bir-biri ilə ünsiyyətdə olması elmlərin və mədəniyyətlərin görünməmiş inkişafına səbəb oldu. Bünövrəsi VIII–IX əsrlərdə qoyulmuş bu yüksəliş XIV əsrin sonlarına qədər davam etdi. Mübaliğəsiz demək olar ki, X–XIV əsrlərdə Islam dünyası bəşəriyyət sivilizasiyasının zirvəsini təşkil edirdi. Ən böyük universitetlər, rəsədxanalar, xəstəxanalar, əczaxanalar və kitabxanalar məhz müsəlman Şərqində yerləşirdi, ən güclü alimlər burada çalışırdılar.
Bu dövrdə Azərbaycan şəhərlərində böyük məscidlərin nəzdində mədrəsələr fəaliyyət göstərirdi. Bu mədrəsələrdə ərəb və fars dilləri, ərəb qrammatikası, məntiq, kəlam (dini doqmatika), fiqh (islam hüququ), riyaziyyat, kalliqrafiya (xəttatlıq), tarix və əbəbiyyat öyrədilirdi. Müasir ali məktəblərə (universitetlərə) bənzəyən böyük mədrəsələrdə həm də yunan fəlsəfəsi, astrologiya, məntiq, natiqlik elmi, həndəsə, tibb, əlkimiya və bu kimi fənnlər tədris olunurdu. Burada əsasən mülkədarların və ruhanilərin uşaqları oxuyurdular. Şamaxının "Məlhəm" mədrəsəsi məşhur elm və tədris mərkəzlərindən biri idi. Bu mədrəsəyə görkəmli XII əsrdə yaşamış məşhur Şirvan həkimlərindən və alimlərindən biri Kafiyəddin Ömər ibn Osman rəhbərlik edirdi. Qardaşı oğlu məşhur şair Xaqani Şirvaniyə tibdən və başqa fənlərdən dərs deyirdi. Xaqani Şirvani özünün "Töhfətül-Iraqeyn" poemasında Kafiyəddin Ömər və onun fəaliyyəti haqqında ətraflı məlumat verir.
Gəncədə də mədrəsələr fəaliyyət göstərirdi. XIX əsrin yarısında Gəncənin mədəni həyatı inkişaf edirdi. Mədrəsə və məktəblərdə şagirdləri klassik şərq ədəbiyatı ilə tanış edirdilər. Lakin nə dini məktəblər nə mədrəsələrin aydın proqramları yox idi. Şah Abbas məscidindən bir qədər aralı olan mədrəsədə 100-dən çox şagird təhsil alırdı. Elmi fikirlərin inkişafında Gəncənin böyük rolu olmuşdur. Rusiyada şərqşünaslığın əsasını qoyanlardan biri M. D. Topçubaşev (1784–1869) bu şəhərdə anadan olmuş və ilk təhsilini bu şəhərdə yerləşən mədrəsədə almışdır.