Süleymanov Bağir Ələkbər oğlu 22 iyun 1959-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Qazneftmədən fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
B. Süleymanov 1987-ci ildə texnika elmləri namizədi, 1997-ci ildə texnika üzrə elmləri doktoru elmi dərəcələrini, 2011-ci ildə ixtisas üzrə professor elmi adını almış, 2014-cü ildə AMEA-nın Yer Elmləri bölməsinin "Neft və qaz yataqlarının işlənməsi" ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2019-cu ildən isə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilmişdir. Akademik Azad Mirzəcanzadənin elmi məktəbinin yetirməsidir.
B. Süleymanov əmək fəaliyyətinə N. Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsində başlayaraq 1981–1985-ci illərdə neft və qaz hasilatı üzrə operator, mühəndis vəzifələrində işləmişdir. 1985–1988-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "Neft yataqlarının işlənməsi və istismarı" kafedrasında assistent, 1988–2000-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Neft və qazın qeyri-xətti mexanikası" şöbəsində böyuk, aparıcı və baş elmi işçi vəzifələrində çalışmışdır. 2000-ci ildən başlayaraq SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunda neft və qaz hasilatı sahəsində elmi işlər üzrə direktor müavini, direktor əvəzi, direktorun elm işləri üzrə müavini vəzifələrində çalışmış, hal-hazırda isə neft və qaz hasilatı üzrə direktor müavinidir.
B. Süleymanovun elmi fəaliyyətinin əsas istiqamətini neft yataqlarının işlənməsində heterogen sistemlərin tətbiqinin elmi və təcrübi əsaslarının yaradılması, neft hasilatı üçün yeni texnika, texnologiyaların və kimyavi tərkiblərin işlənib hazırlanması təşkil edir.
B. Süleymanov 310 elmi əsərin, o cümlədən 118 ixtiranın, 2 monoqrafiyanın və 4 dərsliyin müəllifidir.
B. Süleymanov 24 fəlsəfə və 6 elmlər doktoru hazırlamışdır.
Atası — texnika elmləri doktoru, professor, fəxri neftçi, Dövlət mükafatları laureatı Ələkbər Bağır oğlu Süleymanov[1][2]. Anası — ədliyyə generalı Şəfiqə Dadaş qızı Əliyeva.
Neft yataqlarının işlənməsində heterogen sistemlərin qeyri-bircinsli məsaməli mühitlərdə süzülməsinin fiziki və riyazi modelləşdirilməsi əsasında, layların neftveriminin artırılması, quyudibi zonanın işlənməsi və su axınlarının təcrid olunmasının yeni texnologiyaları yaradılmış və uğurla tətbiq olunmuşdur;
Qeyri-bircins laylarda qeyri-Nyuton mayelərinin axını zamanı S-vari filtrasiya qanununun mövcudluğu təyin edilmiş, təcrübi və nəzəri cəhətdən əsaslandırılmışdır;
Qazlı Nyuton, qeyri-Nyuton mayelərin və qazın təzyiqin böhrana qədər faza şəraitində stasionar və qeyri-stasionar süzülməsi hərtərəfli öyrənilməsi nəticəsində tətqiq edilən sistemlərin məsaməli mühitdə sürüşmə effektinə əsaslanan süzülməsi nəzəriyyəsi işlənmişdir;
Neft yataqlarının işlənməsinin statistik modelləşdirilməsi nəticəsində işlənmə prosesinin mərhələlərə bölünməsinin, maksimal hasilatın və çıxarıla bilən ehtiyatların təyini metodikası işlənmişdir;
Fraktal, multifraktal ölçülərin və Fişer-Şenon göstəricilərinin istifadəsi əsasında neft yataqlarının işlənməsinin analizinin yeni üsulları işlənmiş və tətbiq edilmişdir;
Riyazi modelləşdirmə əsasında müxtəlif geoloji-texniki tədbirlərin tətbiqi üçün namizəd quyuların seçilməsi üsulları işlənmişdir;
Neft hasilatı quyularında müxtəlif texnoloji proseslərin modelləşdirilməsi nəticəsində yeni tipli quyu avadanlığı – dalma nasosları, yeraltı təmiri avadanlığı, quma qarşı süzgəclər və s., işlənmiş və uğurla tətbiq edilmişdir;
Neft sənayesi üçün müxtəlif reagentlər – deemulqatorlar, depresatorlar, səthi aktiv maddələr və s. işlənmiş və uğurla tətbiq olunmuşdur.
Ümumilikdə işlənmiş texnika və texnologiyaların tətbiqi nəticəsində əlavə olaraq 500 min tondan artıq neft və qaz (neft ekvivalentində) hasil olunmuşdur.
Journal of Petroleum Science & Engineering; Results in Engineering; Petroleum Science & Technology; International Journal of Oil, Gas and Coal Technology; Physics of Fluids; Industrial & Engineering Chemistry Research Journal; Energy & Fuels; Fuels; Colloids and Surfaces A: Physicochemical and Engineering Aspects Journal; Journal of the Chemical Society of Pakistan; RSC Advances; Journal of Molecular Liquids; Heliyon; ACS Omega; Коллоидный журнал (Colloid Journal) jurnalların rəyçi ekspertidir.
ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya, Belarus, Ukrayna, Kazahıstan, Özbəkistan və s. ölkələrdə keçirilən beynəlxalq forum, konfrans və simpoziumlarda məruzəçi kimi iştirak etmişdir.
Əhməd Salmanov, Bakir Məhərrəmov, Elmir Qaragözov, Nizami Kərimov. Azərbaycanın dəniz akvatoriyasında neft-qaz yataqlarının geologiyası və işlənmə göstəriciləri. Sorğu kitabı / Elmi red. Bağır Ələkbər oğlu Süleymanov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor. — Bakı: "MSV" MMC nəşriyyatı, 2023, 508 səh. ISBN 978-9952-39-083-4
Süleymanov Bağır Ələkbər oğlu / Y. Əhmədov, B. Nəzərov. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti: Məzunlar // Bakı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, 2022, səh.22. ISBN 978-9952-8424-8-7