Bab

Bab və ya əsil adı ilə Seyid Əli Məhəmməd ŞiraziBabilər hərəkatının rəhbəri və Bəhai dininin iki peyğəmbərindən ilkidir. 1844-cü il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd vəd olunmuş Mehdi olduğunu elan edərək özünü "Bab" (ərəbcə "qapı" deməkdir) adlandırır. Bildirir ki, onun əsas məqsədi insanları müqəddəs kitabların vəd etdiyi Allahın tezliklə zühur etdirəcəyi kəsi qəbul etməyə hazırlamaqdır. Demək olar ki, bütün yazılarında "Allahın zahir edəcəyi Kəs"dən (Bəhaullah) danışmış, özündən sonra mütləq o kəsin zühur edəcəyini müjdələmişdir. Bununla belə, Babın mənəvi dirçəlişə, xurafatdan, mövhumatdan uzaqlaşmağa, bərabərlik, ədalət, qadınları əsarətdən azad etmək çağırışları bütün Yaxın və Orta Şərqi lərzəyə gətirmiş babilər hərəkatına səbəb olur.

Bab
باب
Babın Hayfadakı Məqbərəsi
Babın Hayfadakı Məqbərəsi
Babilər hərəkatının rəhbəri, Bəhai dininin Peyğəmbəri
Şəxsi məlumatlar
Doğum adı عَلی مُحَمَّد شیرَازی
Doğum tarixi
Doğum yeri Şiraz, İran
Vəfat tarixi (30 yaşında)
Vəfat yeri Təbriz, Cənubi Azərbaycan, hazırkı İran
Vəfat səbəbi güllə yarası[d]
Fəaliyyəti ruhani, vaiz[d], tacir
Dini Babilik[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatının ilk dövrləri

[redaktə | mənbəni redaktə et]

Seyid Əli Məhəmməd Şirazi 20 oktyabr 1819-cu ildə Şirazda, orta təbəqəli əhali arasında doğulmuşdur. O hələ azyaşlı ikən atası vəfat etmişdir və bir tacir olan dayısı Hacı Mirzə Seyid Əli onu himayəsinə götürmüşdür.[2][3] O hər iki valideyninin xətti ilə Məhəmməd peyğəmbərin nəslindən, Hüseyn ibn Əlinin övladlarından idi.[4][5][6] Şirazda dayısı 6 və ya 7 il ərzində məktəbə göndərir.[7][8] Təxminən 15-20 yaşları arasında o dayısının ticarət işlərinə qatılır və İranın cənubunda, Fars körfəzi yaxınlığıdakı Buşehr şəhərində tacir olaraq fəaliyyət göstərir.[2][7] Müasirləri onu belə təsvir edirdilər ki, çox sakit, əgər buna ciddi ehtiyac yaranmadıqca bəzən bir kəlmə belə kəsməyən, bəzən ona yönəlmiş suallara belə cavab verməyən, daim təfəkkürə qərq olmuş və müqəddəs ayələri zikr edən biri. Həmçinin incə saqqallı, təmiz paltar geyinən, çiynində yaşıl şalı və başında qara sarığı olan yaraşıqlı bir gənc.[9] Başqa bir müasiri isə onun haqqında belə deyirdi: "Çox zərif və nəzakətli, yaraşıqlı bir gənc, boyu hündür olmayan və farslarla müqayisədə olduqca ədalətli, qeyri-adi avazlı səsə sahib biri, hansı ki, mənə çox təsir etmişdir."[10]

1842-ci ildə 23 yaşında olarkən 20 yaşlı Xədicə-bəyim (1822-1882) ilə evlənir.[7] Xədicə-bəyim tanınmış bir tacir qızı idi. Ailə həyatları çox uğurlu olmuş[11], evliliklərindən bir övlad dünyaya gəlmiş, Əhməd adlı bu uşaq 1843-cü ildə vəfat etmişdir.[11] Mütəvaze cütlük Şirazda sadə bir evdə, Babın anası ilə birgə yaşayırdılar.

Şeyxilər cərəyanı

[redaktə | mənbəni redaktə et]

1790-cı illərdə İranda Şiə İslamının içində Şeyx Əhməd Əhsai yeni bir hərəkatın yaranmasına səbəb olur. Onun "şeyxi" adlanan ardıcılları şiələrin "Qaim" adlandırdığı vəd olunmuş Mehdinin tezliklə zühur edəcəyini gözləyirdilər. Şeyx Əhmədin vəfatından sonra şeyxilərin rəhbəri Seyid Kazım Rəşti oldu. 1841-ci ildə Bab İraqa səfər edir və 7 ay ərzində Kərbəla və onun ətrafında olur.[12] Burada o ümid edir ki, şeyxilərin rəhbəri Seyid Kazım ilə görüşə biləcək, hansı ki, sonradan Seyid Kazım onu görəndə ona qeyri-adi ehtiram göstərir.[2] Güman edilir ki, o hətta Seyid Kazımın dərslərində də müridlərin saflarında gəlib oturmuş və dərs prosesini izləmişdir, hərçənd bu haqda heç bir tarixi sənədlər yoxdur.[7] 1843-cü ildə vəfatından öncə Seyid Kazım öz müridlərinə evlərini tərk etmələrini və Mehdini axtarmağı vəsiyyət etmişdi, hansı ki, onun kəhanətinə görə onun vəfatından dərhal sonra o ortaya çıxmalı idi.[2] Onun şagirdlərindən ən məşhuru Molla Hüseyn 40 gün ərzində inzivaya çəkilib məsciddə dua və ibadət etdikdən sonra İranın cənubuna, əvvəlcə Buşehrə, ordan isə Şiraza yollanır, harada ki, o Babla qarşılaşır.[13]

Molla Hüseyn Şiraza çatanda onunla birgə gələn yoldaşlarını şəhərə göndərir, özü isə şəhər divarının bayırında dayanır. Bu zaman yaşıl çalmalı (bu onun seyid olduğunu göstərirdi) bir cavan ona yaxınlaşır və Molla Hüseyni öz evinə dəvət edir. Sonralar Molla Hüseynin nəqlinə görə, naməlum gəncin nəzakəti, dostcasına danışığı və səliqəli geyimi Molla Hüseynə çox yaxşı təsir bağışlayır və onun təklifini qəbul edir. Onlar birlikdə evə gedirlər. Ev sahibi şəxsən özü qonağın qulluğunda durur. Seyid Əli Məhəmməd Molla Hüseyndən səfərinin məqsədini soruşur, ev sahibinin səmimiyyətindən və nəzakətindən təsirlənmiş Molla Hüseyn ürəyinin ən böyük arzusunu ona açır, bildirir ki, o vəd olunmuş Şəxsin axtarılması ilə bağlı Seyid Kazımın vəsiyyətini yerinə yetirməməkdir. Seyid Əli Məhəmməd ona bildirir ki, vəd olunmuş Şəxs və bu dövr üçün ilahi biliyin qaynağı məhz odur.[7] Bu ilk görüşdə Molla Hüseyn bu iddianı qəbul edir və Babın ilk ardıcılı olur.[2][7] Babın görüş ərzində cavabları Molla Hüseyn üçün qaneedici olur və bu görüşdə Bab Quranın Yusif surəsinin şərhini yazmağa başlayır, hansı ki, bu əsər sonradan "Qəyyum`ül-Əsma" adlanır.[2]

"Ey Mənə birinci iman gətirmiş! – məhz bu sözlərlə O, Molla Hüseynə müraciət edir – "Mən, həqiqətən deyirəm, Mən Babam, Mən Allahın qapısıyam!"

"Bab" sözü ərəbcə "qapı" mənasını bildirir. Bununla da Bab Özünü Sülh və Ümümdünya qardaşlığının Yeni Erasının qapısı kimi təqdim edirdi.

Molla Hüseyn onu axtaran dostlarını və vaxtı unudaraq bütün gecəni oturub, Babın söhbətinin davamına qulaq asır. Bab deyir: "Məni əvvəlcə on səkkiz adam, bir-birindən xəbərsiz, öz ürəklərinin səsi ilə tanımalıdırlar. Çağırışsız və dəvətsiz, bir-birlərindən asılı olmadan, onların hamısı mənə olan yollarını tapacaqlar".

Şiraz məscidlərində səhər azanı veriləndə Molla Hüseyn Babın evini tərk edir. Sonralar Molla Hüseyn həmin gecə haqqında nəql edirdi: "O gecə qəflətən mənə ayan olmuş ilahi Əmrin həqiqəti ildırım kimi bir müddət mənim vücudumu sarsıtdı. Gözlərim Onun işığından qamaşırdı, Onun fövqəladə gücü bütün varlığıma hakim kəsilmişdi. Həyəcan və sevinc, qorxu və heyrət qəlbimi bürümüşdü. Eyni zamanda özümdə təsvirə gəlməyən bir yüngüllük və qüvvə hiss edirdim. İlahi Əmri dərk etməzdən öncə o qədər zəif və gücsüz idim ki, deyiləsi deyil. Bir şey yaza bilmirdim, yol yeriyə bilmirdim, əlim-ayağım həmişə əsir və titrəyirdi (Molla Hüseyn bütün həyatını oxumaq və öyrənməyə sərf etdiyi üçün fiziki cəhətdən olduqca zəif idi). Amma İlahi Əmrin Məzhərini tanıdıqdan sonra mənim vücudumda cahilliyin yerini ilahi bilik, zəifliyin yerini qəribə bir güc və qüvvət tutdu. Mənə elə gəlirdi ki, fövqəladə bir gücə malikəm, əgər bütün dünya, bütün insanlar mənə qarşı çıxsa, təkbaşına hamıya qələbə çala bilərəm. Dünyadakı bütün şeylər mənim gözümdə bir ovuc torpağa dönmüşdü".[14]

Molla Hüseyn Babın ilk ardıcılı olmuşdu. Bundan sonrakı 5 ay ərzində şeyxilər arasından daha 17 nəfər dəvətsiz, bir-birindən xəbərsiz Babı tapdılar və qəbul etdilər.[15] Onların arasında bir qadın da var idi, donradan Tahirə (Pak) adlandırılan şairə Fatimə Zərrintac Bərəğani. Babla birlikdə 19 nəfər olan bu qrup Bab tərəfindən "Hürufi-Həyy" (Canlı Allahın hərfləri) adlandırılırlar və onların ilk vəzifəsi bu yeni dəvəti İran və İraq ərazisində yaymaq idi.[7] Lakin Hürufi-Həyy-dən biri olan Qüddusu seçərək Bab özü Məkkə və Mədinəyə yola düşür.[7][16] Bab Məkkədə Kəbə Evinin yanında özünün Qaim Mehdi olmasını kütləvi elan edir və onu eşidənləri dəhşətə gətirir.[16][17] Orada həmçinin o Məkkə Şərifinə məktub yazır və onu bu yeni təlimi qəbul etməyə dəvət edir.[16] İrana qayıdarkən o Kufə şəhərinə gedir və dəvəti orda da elan edir. İrana çatanda o əvvəlcə Buşehrə gedir, ordan isə yenidən Şiraza qayıdır.

Babın iddiaları

[redaktə | mənbəni redaktə et]

Bab ilk vaxtlarda özünü Mehdinin qapısı kimi tanıdırdı, lakin bir müddətdən sonra o Mehdinin özü olduğunu deməyə başlayır.[18][19] İllər sonra Bəhaullah qeyd edir ki, Bab öz məqamını insanlara tədricən açırdı. Çünki İran cəmiyyəti üçün vəd olunmuş Şəxslə xalqa arasında qapı statusunda olmağı elan etmək belə dəhşətli idi və Bab həqiqətin üzərindən pərdəni tədricən qaldırırdı. Eləcə də onun Molla Hüseynlə ilk görüşünün tarixçəsindən də görsənir ki, o özünü sadəcə Seyid Kazımın bir canişini və ya Mehdinin naibi (qapısı) saymır, özünü vəd olunmuş Şəxs və peyğəmbər statusunda təqdim edir.[20] Onun qələmindən çıxan ilk yazı olan Yusif surəsinin şərhi - Qəyyum`ül-Əsma da Quran tərzində olmaqla, onun statusu haqqında təəssürat oyadırdı.[7][21] Onun 2-ci ardıcılı olan Molla Əli Bəstami İraqdakı təbliğinə görə ruhanilər tərəfindən mühakimə olunanda, onun Babın ardıcılı olması, əlindəki "Qəyyum`ül-Əsma"dan olan hissələrin isə Babın Allahdan vəhy aldığı iddiasında olmasına sübut kimi qəbul olunmuşdu.[21] Molla Əli Bəstami ruhanilərin qərarı ilə öldürülən ilk babi olmuşdu. Şagirdlərinin anlayışı tədricən inkişaf etdikcə Bab da həqiqətləri onlara açırdı. Son olaraq o öz məqamının bir peyğəmbərdən aşağı olmadığını bildirdi.[22][23]

İranda babilər hərəkatı

[redaktə | mənbəni redaktə et]

Babın ardıcılları onun təlimini yaymaq sevinci ilə ölkənin müxtəlif yerlərinə yola düşürlər. Onların insanlara çatdırdıqları müjdə İranda qeyri-adi həyəcana səbəb olur. Müjdəni dinləmək üçün hər yerdə insanlar dəstə-dəstə toplaşır, Babın şöhrəti isə gündən günə artırdı; dövlətli və kasıb, savadlı və savadsız, şəhərli və kəndli, hamı eyni dərəcədə imkan daxilində onun haqqında çox eşitmək və çox bilmək istəyirdi. Bir neçə nüfuzlu din xadimi də Babın ardıcılına çevrilir. Tezliklə bu gəncin söhbəti ildırım sürətilə bütün ölkəyə yayılır və İranda kütləviliyinə görə tarixdə görünməmiş babilər hərəkatını törədir. On minlərlə insan bu hərəkata qoşulur.[24]

Bab, yeni təqvim tətbiq edərək, Günəş ilini bərpa edir və Yeni Eranın başlanğıcını özünün zühur etdiyi ildən (1844) qoyur.[25]

Babın belə bəyanatları hakim dairələri təşvişə salır və bu, hərəkatı məhv etməkdən ötrü göstərilən cəhdlərin getdikcə daha amansız xarakter almasına gətirib çıxarır. Hökumət və ruhanilər hərəkata qarşı ciddi tədbirlər görməyə başlayırlar. Şirazda Qüddusu və Babın ardıcıllarından olan bir nəfər yaşlı şəxsi ələ keçirirlər; onların saqqalını yandırırlar, burun dəliklərində deşik açaraq ip keçirirlər və bu vəziyyətdə Şirazın küçələrində gəzdirirlər. Sonra vəhşicəsinə döyüb, təkrar Şiraza qayıtdıqda çarmıxa çəkəcəkləri ilə hədələyib şəhərdən qovurlar.[26] İranın hər yerində babilərə qarşı qızğın təqib dalğası baş qaldırır. Babın özü isə tutularaq ev dustağı edilir. İğtişaşların səbəbini təhqiq etmək və Babın iddiasını araşdırmaq məqsədi ilə İran şahı Məhəmməd şah Qacar şəxsən etibar etdiyi Seyid Yəhya Darabini - kifayət qədər yüksək təhsilə malik, hörmətli və nüfuzlu din xadimini ölkənin cənubuna göndərir.[27] Bab ilə olan üç görüşdən sonra Seyid Yəhya onun iddialarını qəbul edir, onun ən sədaqətli ardıcılına çevrilir və onun təlimini yaymağa başlayır.[27] Daha sonralar Bab Seyid Yəhya Darabiyə "Vahid" ləqəbini verir. Vahid Babilər hərəkatının 3 qızğın mərkəzindən birinə çevrilən Neyriz hadisələri zamanı öldürülür.[28]

Şirazda yayılan vəba xəstəliyi ancaq şəhər hakiminin başını digər işlərə qatır və o Babın şəhəri tərk etməsinə razılaşır, Bab ordan çıxıb İsfahana yollanır.[7] İsfahan hakimi Mənuçöhr Mötəmidüddövülə şəhər İmam-Cüməsinə tapşırıq verir ki, onu öz evində qonaq etsin. Bab onun evində qalarkən, qeyri-rəsmi görüşlərdən birində din xadimi ilə bəhsdə onun bəlağəti və qələminin sürəti (bəhailərə görə bu vəhy idi) hamını heyrətə salır və onun nüfuzunu xeyli artırır.[29] Babın şöhrətinin artmasından şəhər üləması təşvişə düşür və onun qarşısını almaq üçün əlbir olurlar.[30] Baba qarşı rəğbəti yaranmış şəhər hakimi Mənuçöhr Mötəmidüddövülə onu öz evinə gətirir və Babla uzun söhbətlərdən sonra onun ardıcıllarının safına qatılır[30]. Lakin qısa müddət sonra həyatını dəyişdikdə, onun varisi Şaha məktub yazaraq Babla nə etməsini soruşur. 1847-ci ilin yanvarında cavab məktubu gəlir ki, onu gizlincə Tehrana gətirsinlər, belə ki, Şahın onunla görüşmək arzusu var idi.[30] Hadisələrin gedişində bu cür dönüş Şahın baş vəziri Hacı Mirzə Ağasini çox qorxudur və o Şahın Bab ilə gözlənilən görüşündə Şahın da Babın cazibəsinə düşəcəyindən ehtiyatlanmağa başlayır və necəsə Şahı da buna inandıra bilir ki, onunla görüşməsin.[31] Baş vəzir Babın ölkənin şimal sərhəddi yaxınlığındakı Maku həbsxanasına göndərilməsinə nail olur.[31]

Hadisələr daha çox 3 şəhərdə özünün kulminasiya səviyyəsinə çatır: Mazandaran vilayətində, Neyrizdə və son olaraq Zəncanda. Molla Hüseyn və Qüddus Xorasandan qara bayraqlar qaldıraraq Barfuruşa gəlirlər, yolüstü çoxlu sayda insanlar Babın dəvətini qəbul edir və onlara qoşulur.[32][33] Barfuruşa çatanda onların sayı artıq 313-ə çatır.[32][33] Barfuruş camaatının din üləmalarının təhriki ilə onlara hücum etməsi nəticəsində məcbur qalaraq Şeyx Təbərsi məqbərəsində qala tikmək məcburiyyətində qalırlar və özlərini müdafiə etməklə məşğul olurlar. Düşmənlərin xəyanəti nəticəsində bu şəxslər şəhid olurlar.[32][33]

Babın sürgünləri və həbs həyatı

[redaktə | mənbəni redaktə et]

Babın Makuda həbsə salınması

[redaktə | mənbəni redaktə et]
Maku qalası (2008)

İranın Baş Vəziri Hacı Mirzə Ağasi Şahı Babın ucqar bir əyalətə sürgün edilməsi gərəkdiyinə inandırdıqdan sonra Bab İranın ən şimalına, Maku şəhərinə aparılır. Maku həbsxanasının ətrafında sadə kəndlilər yaşayırdı, onlar kəndlərindən kənarda baş verən hadisələrlə maraqlanmır, gəlmələri düşməncəsinə qarşılayırdılar. İlk vaxtlar həbsxana rəisi Əli xan Makuyi də Baba düşmən münasibəti bəsləyirdi. Lakin o, tezliklə bu məhbusun qeyri-adi adam olduğunu düşünməyə başlayır, ona ehtiramla yanaşır.[34] Maku həbsxanasında olarkən Babın qələmindən onun yazıları arasında ən önəmlisi sayılan "Bəyan" kitabı çıxır. Bab "Bəyan"dan olan hissələri avazla oxuyurmuş və bu səs dağda əks səda verib bütün şəhərə yayılırmış. Əli xan Makuyinin də dəstəyi ilə həbsaxan qapıları açılır və ölkənin hər yerindən babilər onunla görüşməyə gəlirlər.

Bir müddət sonra vəziyyətdən xəbər tutan Baş Vəzir Hacı Mirzə Ağasi 1848-ci ilin aprelində onun Çehriq qalasına sürgün edilməsini əmr edir.[2]

Çehriq qalasında həbsi

[redaktə | mənbəni redaktə et]

Çehriq qalasının rəisi özünün qəddarlığı ilə ad qazanmışdı. İlk vaxtlar o da Baba pis münasibət bəsləyirdi. Lakin sonra o da başqaları kimi, Babın cazibəsinə qapılır. Burada da Bab yerli sakinlərin hörmət və məhəbbətini qazanır. Makuda olduğu kimi, Çehriqdə də ölkənin hər yerindən zəvvarlar Babın görüşünə gəlirdilər. Baş Vəzir artıq çıxılmaz vəziyyətə düşür və əmr verir ki, Babı Təbrizə gətirsinlər və orada ən yüksək rütbəli din xadimləri, şiə müctəhidləri onu mürtədlikdə ittiham etsinlər və lazım gələrsə alçaltsınlar ki, Babın nüfuzuna xələl gətirsin.[7]

Təbrizdə mühakimə edilməsi

[redaktə | mənbəni redaktə et]

Babın Təbrizdə mühakimə edilməsi üçün gətirildiyi məclisdə şahzadə Nasirəddin və çoxlu sayda din xadimi var idi. Onlar Babın iddiaları barədə onu sorğu-sual etdilər və əgər doğru deyirsə, onda bir möcüzə göstərməyini tələb etdilər. Çalışdılar ki, iddialarından əl çəkməyə məcbur etsinlər. Həmçinin məclisdə 9 nəfər şahid kimi dəvət olunmuşdu, amma onların hamısı Babın iddialarını qəbul etməyən şiə müsəlmanları idilər və sonradan onlardan 6-sı Babın ruhanilər qarşısında aciz qaldığını düşünürdülər.[35] Görüş ərzində Baba 62 sual üvanlanmışdı. Şahidlərin qeydləri arasında bəlkə də ən çox nəzərə çarpan hissə bu idi: Bаbdаn sоruşаndа ki, Sən kim оlduğunu iddiа еdirsən və sənin gətirdiyin müjdə nədir? О, cаvаb vеrir:

“Mənəm, mənəm, mənəm vəd olunmuş kəs! Mən adını min illər boyu çəkdiyiniz, adı gələndə ayağa qalxdığınız, zühurunun şahidi olmağın həsrətini çəkdiyiniz və zühur saatının tezləşməsini Allahdan yalvarıb dilədiyiniz kəsəm. Həqiqətən, mən deyirəm, Şərqin və Qərbin xalqları mənim sözümə itaət etməlidirlər və mənim şəxsiyyətimə sədaqətə and içməlidirlər.”[35]

Toplantıdan bir nəticə çıxmadı. Ruhanilərin bir hissəsi onun edamını tələb etdilər, lakin hökumət buna getmədi, çünki Babın ölkədəki şöhrəti kifayət qədər idi. Hətta hökumət bir sıra görkəmli həkimləri təşviq edirdi ki, Babın əqli çatışmazlığı olduğunu desinlər və beləliklə ruhanilər ona edam cəzası kəsə bilməsinlər ümumiyyətlə. Digər tərəfdən isə Babın bu görüşdən sonra öz iddialarından əl çəkməsi kimi şayiələri yaymaqla ruhaniləri sakitləşdirməyə çalışdılar.[36] Lakin ruhanilərin təzyiqi ilə Baba qarşı fələqqə cəzası tətbiq olunur.[36] Hökumətə yaxın mənbələrin təqdim etdiyi sənədlərə görə Bab bu cəzadan sonra öz iddialarından əl çəkir, üzr istəyir və tövbə edir.[37] Geniş yayılmış bir versiyaya görə bu Babı biabır etmək və ardıcıllarının gözündən salmaq üçün atılmış bir addım ola bilərdi.[36] İmzasız və tarixsiz olan bu sənəddə Bab öz iddialarından əl çəkdiyini və heç bir ilahi statusu olmadığını yazır. Lakin həm dili, həm də üslubu baxımdan bu yazı Babın adətən istifadə etdiyi dil və üslubdan fərqlənir, həmçinin Babın sənədin altına imza atmaqdan imtina etməsinə görə də sənəd imzasızdır.[35][36] Nəhayətdə, Bab geriyə, Çehriq qalasına göndərilir.

Təbrizdə Babın edam olunduğu meydan

Ardı-arda ölkənin müxtəlif əyalətlərində (xüsusilə, Mazandaran, Zəncan və Neyrizdə) babilərin kütləvi şəkildə artması və hökumət qüvvələrinə qarşı dirənmələri yeni Baş Vəzir Mirzə Tağı xan Əmir Kəbir vəziri təşvişə saldı. Bab artıq bütün ölkə boyu məşhur bir sima idi, sıravi kəndlilərdən tutmuş yüksək səviyyəli din xadimlərinə qədər ölkə həcmində çox sayda insan Babın ardıcıllarının safına qatılır və Babın ideyalarına tərəfdar çıxırdılar. Əmir Kəbir vəziyyətin idarəolunmaz hala gəlməsindən qorxaraq Babın edamına fərman verir.[38] Bab Çehriqdən bir daha Təbrizə qaytarılır ki, burada atıcı alay tərəfindən güllələnsin. Onun edamından əvvəlki axşam Bab gecəni saxlanılacağı həbsxanaya gətirilərkən Ənis ləqəbli gənc babi Mirzə Məhəmmədəli Zünuzi küçədə özünü onun ayaqlarına atır və yalvarır ki, onu da Babla birgə öldürsünlər. O da dərhal həbs olunur və Babla eyni kameraya salınır. Sabahki gün, 1850-ci il iyulun 9-u səhər Bab kameradan çıxarılıb edam ediləcəyi meydana gətirilir, harada ki, artıq minədək insan bu səhnəni izləməyə toplaşmışdı. Bab seyid olduğuna görə onu güllələmək üçün xristianlardan ibarət bir alay gətirmişdilər, Bab və Ənis havadan bədənlərindən asılmış və alay atəş açmağa hazır vəziyyətə gətirilmişdi.[7] Çoxlu sayda şahid səhnəni izləmək üçün dəvət edilmişdi, bunların arasında qərbli diplomatlar da var idi.[39] Bab həmin gün öz şagirdi ilə birgə öldürülüb bir xəndəyə atılır. Həmin gecə babilər tərəfindən ordan götürülüb gizlədilir. Babın qalıqları 59 il boyunca Bəhaullah və ondan sonra Əbdül-Bəhanın göstərişləri ilə İsfahan, Kirmanşah, Bağdad, Dəməşq, Beyrut, ordan isə dəniz yolu ilə Əkkaya gətirilmişdir.[40] 21 mart 1909-cu ildə Əbdül-Bəha tərəfindən Hayfada, Kərmil dağında xüsusi olaraq hazırlanmış məqbərəyə yerləşdirilir.[41] Hazırda Bəhai dininin ümumdünya mərkəzi məhz bu dağda və bu məqbərənin yanında yerləşir. Əraziyə insanların ziyarət etməsi mümkündür.

Bab Özünü Allah Vəhyinin müstəqil daşıyıcısı və ondan sonra gələcək daha böyük Allah Elçisinin müjdəçisi elan edir. Onun vəhyi İslamın namaz, oruc, kəbin, boşanma və vərəsəlik ilə bağlı qanun və mərasimlərinin şəklini dəyişir. Babın yazıları olduqca çox idi. Babın təlimini analiz edərkən, 3 mərhələni ayırd etmək mümkündür:

1. Əsasən Quranın təfsiri (izahı) 2. Fəlsəfi mövzular 3. Yeni qanun və hökmlər

Babın yazılarında daim diqqət mərkəzində olan bir mövzu isə "Allahın zahir edəcəyi kəs"in gəlişi idi. O bildirirdi ki, onun missiyası ondan sonra gələcək daha böyük Allah Elçisinin gəlişini əvvəlcədən xəbər verməkdir. Bab deyirdi ki, bu gələcək Allah Elçisi bütün xalqları birləşdirəcək, yerdə ədalətli və əbədi sülhü bərqərar edəcəkdir.

Babın təliminin bir hissəsini Dirilmə, Qiyamət Günü, Cənnət və Cəhənnəm məsələlərinin şərhi təşkil edirdi. O söyləyirdi ki, Dirilmə anlayışı Həqiqət Günəşinin (İlahinin) yeni zühurudur. Ölülərin Dirilməsi – nadanlıq, etinasızlıq və cəhalət məzarlarında yatanların ruhani oyanması deməkdir. Qiyamət Günü – Yeni Zühur günüdür, Cənnət – Allahı Onun Peyğəmbəri vasitəsilə dərk etmək və sevmək səadətidir ki, bu zaman insan kamilləşəcək, ölümündən sonra isə İlahi Səltənətə daxil olma və əbədi həyat hüququdur. Cəhənnəm – Allahı bu cür dərk etməkdən məhrum olmaqdır ki, bunun da nəticəsində kamilliyə nail olmaq qeyri-mümkün olur və Əbədi Mərhəmət itirilir. Bab qətiyyətlə bildirirdi ki, bu anlayışların başqa mənası yoxdur və insanın fiziki dirilməsi, Maddi Səma və Cəhənnəm haqqında mülahizələr hərfi mənada başa düşülməməlidir.

Babın Yazılarında öyüd-nəsihətlər də xüsusi yer tuturdu. O, öz ardıcıllarına buyururdu ki, onlar bir-birlərinə bəslədikləri qardaş məhəbbəti və nəzakətli davranışla fərqlənməlidirlər. Onlar faydalı sənətə və peşələrə yiyələnməli, təhsil almalıdırlar. Onun təliminə görə qadınlarla kişilər hüquq baxımdan bərabər olmalıdır. Lakin o dilənçiliyi, narkotik maddələrlən və spitli içkilərdən istifadəni qəti qadağan edirdi. Bab "Bəyan" kitabında yazırdı:

"Allaha ibadət et, hətta əgər ibadətinin mükafatı atəş də olsa, sənin ibadətində heç bir dəyişiklik olmamalıdır. Əgər sən qorxudan Allaha ibadət edirsənsə, onda bu Allahın Dərgahına layiq deyil; əgər sən nəzərlərini Cənnətə dikib yalnız ora düşmək ümidi ilə ibadət edirsənsə, bu zaman sən Allahın yaratdığını Ona şərik qoşursan".

  1. Бабизм (rus.). // Большая Советская Энциклопедия, том 4: Атоллы — Барщина 1926. Т. 4. С. 262.
  2. 1 2 3 4 5 6 7 Bausani, A. (1999). "Bāb". Encyclopedia of Islam. Leiden, The Netherlands: Koninklijke Brill NV.
  3. Balyuzi, H.M. (1973). The Báb: The Herald of the Day of Days. Oxford, UK: George Ronald. pp. 30–41.
  4. Balyuzi, H.M. (1973). The Báb: The Herald of the Day of Days. Oxford, UK: George Ronald. p. 32
  5. ""Overview of the Bábi Faith". Bahá'í International Community. Retrieved April 9, 2008". February 13, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 14, 2016.
  6. ""The Genealogy of Bab, showing connection with Bahá'u'lláh's descendants, by Mirza Abid, Published in Nabil's Dawnbreakers". bahai.library.org. Retrieved April 9, 2008". August 5, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 14, 2016.
  7. 1 2 3 4 5 6 7 8 9 10 11 12 MacEoin, Dennis (1989). "Bāb, Sayyed `Ali Mohammad Sirazi". Encyclopædia Iranica.
  8. "Lambden, Stephen (1986). "An Episode in the Childhood of the Báb". In Smith, Peter. Studies in Bábí and Bahá'í History – volume three – In Iran. Kalimát Press. pp. 1–31". 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-14.
  9. Hajji Muhammad Husayn, quoted in Amanat, Abbas (1989). Resurrection and Renewal: The making of the Babi Movement in Iran, 1844–1850. Ithaca: Cornell University Press. pp. 132–33.
  10. H.M. Balyuzi, The Bab – The Herald of the Day of Days, p. 146
  11. 1 2 H.M. Balyuzi, Khadijih Bagum – Wife of the Bab
  12. Balyuzi, H.M. (1973). The Báb: The Herald of the Day of Days. Oxford, UK: George Ronald. p. 41.
  13. H.M. Balyuzi, The Bab – The Herald of the Day of Days, p. 13
  14. "The Dawn-Breakers: Nabíl's Narrative of the Early Days of the Bahá'í Revelation: CHAPTER III: THE DECLARATION OF THE BÁB'S MISSION". 2017-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-15.
  15. ""The Time of the Báb". BBC. Retrieved July 2, 2006". October 10, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 15, 2016.
  16. 1 2 3 "The Dawn-Breakers: Nabíl's Narrative of the Early Days of the Bahá'í Revelation: CHAPTER VII: THE BÁB'S PILGRIMAGE TO MECCA AND MEDINA". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-15.
  17. Balyuzi, H.M. (1973). The Báb: The Herald of the Day of Days. Oxford, UK: George Ronald. p. 71–72
  18. "Saiedi, Nader (2008). Gate of the Heart. Waterloo, ON: Wilfrid Laurier University Press. p. 19". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-15.
  19. Amanat, Abbas (2000). "Resurgence of Apocalyptic in Modern Islam". In Stein, Stephen J. The Encyclopedia of Apocalypticism, vol. III: Apocalypticism in the Modern Period and the Contemporary Age. New York: Continuum. pp. 241–242
  20. Amanat, Resurrection and Renewal, 171.
  21. 1 2 Amanat, Resurrection and Renewal, 230-31.
  22. "Manuchehri, Sepehr (1999). "The Practice of Taqiyyah (Dissimulation) in the Babi and Bahai Religions". Research Notes in Shaykhi, Babi and Baha'i Studies 3 (3). Retrieved September 23, 2007". January 4, 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 15, 2016.
  23. "MacEoin, Denis (May 1997). "The Trial of the Bab: Shi'ite Orthodoxy Confronts its Mirror Image". Occasional Papers in Shaykhi, Babi and Baha'i Studies 1. Retrieved July 2, 2006". June 15, 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 15, 2016.
  24. Smith, Peter (2000). "Báb". A concise encyclopedia of the Bahá'í Faith. Oxford: Oneworld Publications. pp. 55–59.
  25. "Taylor, John (2000-09-01). "On Novelty in Ayyám-i-Há and the Badí Calendar". bahai-library.org. Retrieved 2006-09-24". 2010-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-15.
  26. "The Dawn-Breakers: Nabíl's Narrative of the Early Days of the Bahá'í Revelation:CHAPTER VIII: THE BÁB'S STAY IN SHÍRÁZ AFTER THE PILGRIMAGE". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-15.
  27. 1 2 "The Dawn-Breakers: Nabíl's Narrative of the Early Days of the Bahá'í Revelation:CHAPTER IX: THE BÁB'S STAY IN SHÍRÁZ AFTER THE PILGRIMAGE (CONTINUED)". 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-15.
  28. "The Dawn-Breakers: Nabíl's Narrative of the Early Days of the Bahá'í Revelation:CHAPTER XXII: THE NAYRÍZ UPHEAVAL". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-15.
  29. Amanat, Resurrection and Renewal, 257.
  30. 1 2 3 "The Dawn-Breakers: Nabíl's Narrative of the Early Days of the Bahá'í Revelation:CHAPTER X: THE BÁB'S SOJOURN IN ISFÁHÁN". 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-15.
  31. 1 2 "The Dawn-Breakers: Nabíl's Narrative of the Early Days of the Bahá'í Revelation:CHAPTER XII: THE BÁB'S JOURNEY FROM KÁSHÁN TO TABRIZ". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-15.
  32. 1 2 3 "The Dawn-Breakers: Nabíl's Narrative of the Early Days of the Bahá'í Revelation:CHAPTER XIX: THE MÁZINDARÁN UPHEAVAL". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-15.
  33. 1 2 3 "The Dawn-Breakers: Nabíl's Narrative of the Early Days of the Bahá'í Revelation:CHAPTER XIX: THE MÁZINDARÁN UPHEAVAL". 2017-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-15.
  34. "The Dawn-Breakers: Nabíl's Narrative of the Early Days of the Bahá'í Revelation:CHAPTER XIII: THE BÁB'S INCARCERATION IN THE CASTLE OF MÁH-KÚ". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-16.
  35. 1 2 3 MacEoin, Denis (May 1997)."The Trial of the Bab: Shi'ite Orthodoxy Confronts its Mirror Image". Occasional Papers in Shaykhi, Babi and Baha'i Studies 1. Retrieved July 2, 2006.
  36. 1 2 3 4 Amanat, Abbas (1989). Resurrection and Renewal: The Making of the Babi Movement in Iran. Ithaca: Cornell University Press. pp. 390–393.
  37. Browne, E.G. (1918). Materials for the Study of the Babi Religion. Cambridge: Cambridge University Press.
  38. "Shoghi, Effendi (1944). God Passes By. Wilmette, Illinois, USA: Bahá'í Publishing Trust. p. 52". 2012-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-17.
  39. "Sir Justin Shiel, Queen Victoria's Envoy Extraordinary and Minister Plenipotentiary in Tehran, wrote to Lord Palmerston, the British Secretary of State for Foreign Affairs, on July 22, 1850, regarding the execution. The letter, can be found in its original form as document F.O. 60/152/88 in the archives of the Foreign Office at the Public Records Office in London". August 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 17, 2016.
  40. "Shoghi, Effendi (1944). God Passes By. Wilmette, Illinois, USA: Bahá'í Publishing Trust. pp. 273–289". 2019-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-18.
  41. "Brian D. Lepard (October 2008). In The Glory of the Father: The Baha'i Faith and Christianity. Baha'i Publishing Trust. p. 50". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-18.