Bəhaullah və ya əsl adı ilə Mirzə Hüseyn Əli Nuri (12 noyabr 1817[1][2][…] – 29 may 1892[1][2], Akka, Beyrut vilayəti, Osmanlı imperiyası) — hazırda dünya dinlərindən biri olan Bəhai dininin banisidir. "Bəhaullah" ərəb dilində (بهاء الله,) "Allahın Nuru, Cəlalı, İzzəti" mənasını bildirir. Bəhaullah öz yazılarında və kütləvi çıxışlarında özünü bütün dövrlərin vəd olunmuşu, Hind soyundan sayılan dini təlimlər Hinduizm, Buddizm və Zərdüştilik, həmçinin İbrahimi dinlər olan Yəhudilik, Xristianlıq və İslamda zühuru vəd olunan şəxs olmasını iddia etmişdir və bu inanc Bəhailiyin təməlini təşkil edir.[3] Hazırda dünyada təqribən 5 milyondan yuxarı bəhai var.[4]
Bəhaullah | |
---|---|
بهاء الله, | |
| |
Bəhai dininin banisi və peyğəmbəri | |
Şəxsi məlumatlar | |
Doğum adı | حسینعلی نوری |
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Əkka, Fələstin, Osmanlı İmperiyası (hazırda İsrail) |
Vəfat səbəbi | qızdırma |
Dəfn yeri | |
Fəaliyyəti | peyğəmbər |
Atası | Mirzə Abbas Nuri[d] |
Həyat yoldaşları | |
Uşaqları |
|
Dini | Bəhailik |
Vikianbarda əlaqəli mediafayllar |
Bəhaullah öyrədirdi ki, bütün insanlıq eyni növdən, eyni irqdəndir, "tək bir Allah var, bütün dinlər eyni bir Allahdan göndərilib və artıq zaman yetişib ki, bütün bəşəriyyət öz birliyini etiraf etsin və birləşsin".[5] Onun İlahidən vəhy alması iddiası tezliklə İranın və Osmanlının hakim dairələrinin göstərişi ilə onun təqibi, sürgünü və həbsi ilə nəticələndi və bu, həyatının sonunadək 40 il müddətində davam etdi, hansı ki, onun Osmanlının Əkka şəhərində vəfatı ilə başa çatdı.[6] Bəhaullahın 40 il ərzində qələmindən çoxlu sayda yazılar çıxmışdır. Onların arasında ən məşhurları Kitabi-Əqdəs (Ən Müqəddəs Kitab), Kitabi-İqan (Yəqinlik kitabı), Kəliməti-Məknunə (Gizli Kəlamlar) oldu.[7]
Bəhaullahın əsl adı Mirzə Hüseyn Əlidir. O, 1817-ci il noyabrın 12-də (hicri 1233, məhərrəm ayının 2-si) Tehranın adlı-sanlı, varlı ailələrinin birində dünyaya göz açmışdır. Onun atası şah sarayının vəzirlərindən biri olmuşdur.[8] Bəhai tədqiqatçıların bildirdiklərinə görə, Bəhaullahın nəsil-şəcərəsi bəzi önəmli şəxslərə gedib çıxır: İbrahim peyğəmbərin 3-cü arvadı Qetura vasitəsilə İbrahim peyğəmbərə[9], Zərdüşt peyğəmbərə[10], Sasanilər İmperiyasının sonuncu hökmdarı III Yezdəgirdə[11], həmçinin Davud peyğəmbərin atası Yesseyə.[12][13] Uşaqlıqda Hüseyn Əli var-dövlət, rahatlıq, sərvət içində böyümüşdür.[14] Atasının ölkənin müxtəlif yerlərində zəngin mülkləri var idi. O dövrün zadəgan ailələrindən olan başqa iranlı gənclər kimi Bəhaullah İslamın əsaslarını, İran ədəbiyyatını və poeziyasını, həmçinin xəttatlığı dərindən mənimsəmək üçün hər hansı məktəb və mədrəsə təhsili görməmişdir.[15] Bəhaullah bununla belə öz uşaqlığında geniş biliyi ilə tanınırdı.[16]
Qeyri-adi qabiliyyəti onda hədsiz qürur yaratmırdı. Əksinə, o sadə, şən, xeyirxah və mehriban uşaq kimi böyüyürdü. Onun tələbləri çox sadə idi. O, təbiəti, quşları, ağacları, çiçəkləri, heyvanları sevir, sarayda deyil, şəhərdən kənarda, təbiətin qoynunda yaşamağa üstünlük verirdi.[17] Valideynlərinin ona verdiyi pulları əyləncələrə deyil, yoxsullara və ehtiyacı olanlara xərcləyirdi. Dövrünün adət-ənənəsinə uyğun olaraq Hüseyn Əli çox erkən evlənmişdi. Onun ömür yoldaşı da çox varlı ailədən olmasına baxmayaraq, sadə tələblərə malik idi. Onlar bir yerdə ömür sürür və ağır həyat şəraitinə sahib insanların vəziyyətini yaxşılaşdırmaq naminə birgə çalışırdılar. Onların evlərini qapısı həmişə yeməyə, sığınacağa və köməyə ehtiyacı olanların üzünə açıq idi. Onları "yoxsulların valideyni" adlandırırdılar.[18] Atası vəfat edəndə Bəhaullaha sarayda onun vəzifəsini tutmaq təklif edilir, lakin O bundan imtina edir.[19]
1844-cü ildə, Şirazda 25 yaşlı Seyid Əli Məhəmməd İslamın vəd olunmuş zühuru Mehdi olduğunu iddia etdi və özünə "Bab" (ərəbcə "qapı") ləqəbini götürdü. Çox qısa bir zaman kəsiyində minlərlə ardıcılı ortaya çıxdı, çünki Mehdinin o dövrdə zühur edəcəyi xəbəri Şeyxiyyə təriqətinin məşhur alimləri Şeyx Əhməd Əhsai və Seyid Kazım Rəşti tərəfindən xalqa verilmiş və şərh edilmişdi.[20][21][22][23] Hərəkatın geniş vüsət alması və yeni fikirlərlə çıxış etməsi hakimiyyətin və ruhanilərin narahatlığına səbəb oldu və güclü müqavimət yarandı.[24] Bab özü 30 yaşında Təbrizin şəhər meydanında güllələndi və 1852–53-cü ildə demək olar ki onun bütün sayılıb seçilən ardıcılları da məhv edildi.[24]
Bab özü müstəqil vəhyə iddia etsə də o bildirirdi ki, onun özündən dərhal sonra Allah başqa bir şəxsi də göndərəcək[25], hansı ki, bu şəxsin zühuru bütün dövrlərdə, bütün Allah Elçiləri tərəfindən vəd olunub.[26] Bab onu "Allahın zahir edəcəyi kəs" adlandırırdı.[27] Bab öz ardıcıllarına təkidlə bildirirdi ki, bu şəxs zühur edəndə bütün qəlbləri ilə onu qəbul etsinlər və onun təliminə uyğun yaşasınlar.[25] Bab özünü "Allahın zahir edəcəyi kəs"in müjdəçisi sayırdı.
Bab öz missiyasını bəyan edəndən 3 ay sonra, yəni 1844-cü ilin yayında Molla Hüseyn Büşruyi (Babın ilk ardıcılı) Tehrana Babın müraciətindən ibarət yazı gətirir və nəzarət edir ki, bu bağlama Bəhaullahın əlinə keçsin. Bəhaullah müraciəti oxuyub Baba iman gətirir (Onun yeni dövrün Elçisi olmasına) və Onun ən fəal ardıcılı olur.[28] O vaxt onun 27 yaşı vardı. Bəhaullah Bab ilə heç vaxt şəxsən görüşməmişdi, lakin Onunla daim məktubla əlaqə saxlayır[29], təlimini bütün qəlbi ilə müdafiə edir və onu yaymağa çalışırdı. Nəticədə o, maraqları mənsub olduğu zümrənin maraqlarına zidd gələn və hələ az tanınmış hərəkatın sıralarına qoşulur. İlk olaraq o öz doğma yurdu Nur əyalətində Babiliyi təbliğ etməyə başlayır və yüzlərlə insanı bu yeni təlimə cəlb edir. Bu ərəfədə Bəhaullahın şöhrəti Babın ardıcılları arasında artmağa başlayır.[12][30]
Bab həbs edildikdən sonra Bəhaullah Onun təqib olunan tərəfdarlarına hər cür köməklik göstərirdi. O özü iki dəfə həbs edilir, hətta bir dəfə həmfikirlərini zərbə altından çıxarmaqdan ötrü fanatik kütlənin qəzəbini öz üzərinə yönəldir.[30] Dəfələrlə döyülməsinə və daşlanmasına baxmayaq, Bəhaullah qorxmadan, yorulmadan babiləri müdafiə edir, yeri gələndə onlara yardım göstərir və məsləhətlər verirdi. 1848-ci ildə Babın ən seçkin 81 ardıcılı Xorasanda, Bədəşt kəndində toplaşır və uzun müzakirələrdən sonra bu qənaətə gəlirlər ki, Babın gətirdiyi təlim müstəqil dindir və onlar artıq bu yeni dinin qayda-qanunlarına uyğun yaşamalıdırlar. Məhz bu görüşdə Babın görüş iştirakçılarına məktubu oxunur, Bab onların hər birinə müxtəlif ləqəblər verir və ilk dəfə bu görüşdə Mirzə Hüseyn Əli "Bəha" adı ilə çağırılır.[30] Bu görüşdən xəbər tutan Qacar hökuməti bir müddətdən sonra ordu göndərir və sayları 313 nəfər olan babilər "Şeyx Təbərsi" qalasında müdafiə olunur və hökumət qüvvələri ilə döyüşürlər. Qeyd olunmalıdır ki, Bab öz təlimində "cihad"ı qadağan etmirdi, lakin sonradan Bəhaullahın dövründə bu qanun ləğv edilir və heç bir halda müharibəyə icazə verilməməyə başlanılır.[31]
Sonradan məhz Bəhaullahın göstərişi ilə Babın cəsədinin qalıqları Təbrizdən Tehrana gətirilir və etibarlı yerdə gizlədilir və sonra uzun müddət müxtəlif yerlərdə saxlanılaraq nəhayətdə Hayfaya gətirilir və Karmel dağında basdırılır.[32]
Babın ardıcıllarından öz Ağalarının edamına dözə bilməyən kiçik bir babi qrupu Nasirəddin Şaha sui-qəsd planlaşdırır.[33] Bunu Bəhaullahla da bölüşürlər. O, açıq şəkildə bu fikirdən dönmələrini tələb edir və onların razılığını alır. Lakin Onun yanından ayrıldıqdan sonra yenə öz fikirlərinə qayıdırlar. 1852-ci il avqustun 15-də Şaha sui-qəsd olunur, lakin o çox yüngül yaralanır.[34] İnsidenti törədən babilər dərhal öldürülür, həmçinin bütün babi icması bu işdə təqsirli bilinir, babilərə qarşı hökumətin özü tərəfindən təşviq və təşkil olunan geniş zorakılıq kampaniyası başlayır.[35] Çox sayda babi qətlə yetirilir, bir qismi isə, həmçinin Bəhaullah Tehranın Siyah-Çal zindanında həbsə atılır.[36] Siyah-Çal həbsxanasında Bəhaullah onun gəlişini (zühurunu) Babın öncədən xəbər verdiyi "Allahın zahir edəcəyi kəs" olduğunu izah edən möcüzəli hadisənin şahidi olur. İlk dəfə məhz burada Bəhaullah Vəhy hadisəsi ilə üzləşir.[34][36] Sonralar Bəhaullah bu hadisəni belə xatırlayırdı:
Bu epizod haqqında Bəhaullah həyatının son dövrlərinə aid edilən şaha ünvanlanmış məktubunda yazmışdır:
Başqa bir mənbədə isə onun təsviri belədir:
Bəhaullahı həbsxanaya salmış şəxslər onun şaha sui-qəsddə əli olduğunu sübut edən dəlillər tapa bilmirlər. Şah sarayındakı rus səfiri də öz nüfuzundan istifadə edərək Bəhaullahın azad edilməsinə çalışır və ona Rusiyada yaşamaq üçün sığınacaq təklif edir. Bir müddət tərəddüd etdikdən sonra şah Bəhaullahın həbsdən azad edilməsinə razı olur. Beləliklə, 1852-ci ilin dekabrında Bəhaullahın dəhşətli Siyah-Çal qalasındakı məhbusluğu sona yetir. Lakin o bütün var-dövlətindən məhrum edilir və bir ay ərzində ailəsi ilə birlikdə dərhal ölkəni istədiyi istiqamətə tərk etmək tapşırılır. Bəhaullah Osmanlıya, Bağdad şəhərinə getməyi seçir.[13][34][35]
Bəhaullah 1853-cü il aprelin 8-də əldən düşmüş və xəstə halda Bağdada çatır. Bir çoxları onun yolun ağırlığına tab gətirəcəyinə və ya mənzil başına gəlib çatdıqdan sonra sağ qalacağına ümid etmirdilər. Lakin bir müddət sonra o özünə gəlir. Bəhaullah İraqda on il yaşayır. Tezliklə, onun nüfuzu İraqda başsız qalmış, ümidini itirmiş və düşgün düşmüş babi icmasında hiss olunmağa başlayır.
Bab öz vəfatından əvvəl "Allahın zahir edəcəyi kəs"in ondan sonra gələcəyini ardıcıllarına bildirmişdi və "Allahın zahir edəcəyi kəs"in gəlişinədək öz ardıcılları arasında bir nümayəndə təyin edir, hansı ki, bu şəxs babilərin birliyini o vaxta qədər qorumağa mükəlləf idi.[37] Bab, Bəhaullahın ögey qardaşı Mirzə Yəhyanı təyin edir və beləliklə hadisələr Bəhaullahın ətrafında baş verəcək, lakin o müdrikcəsinə diqqətdən yayındırılacaqdı ki, düşmənlər onu hədəf almasınlar. Lakin Mirzə Yəhya Babın edamından sonra qorxuya düşür, gizlənir, sonradan isə Bəhaullahın arxasınca Bağdada yollanır.[35] Əksər babilərin də Bağdada üz tutması nəticəsində Bağdad babilərin məskunlaşma mərkəzinə çevrilir və İrandan çoxlu sayda babi bura ziyarət etməyə başlayır.
Lakin tezliklə Mirzə Yəhyanın "rəhbərliyi" mübahisələr yaradır, o özü isə babi icmasından uzaq gəzir. O qiyafət dəyişdirərək və kimliyini gizlədərək yaşamağa başlayır, çətin bir vəziyyətə düşdükdə isə inancından qətiyyətlə imtina edir.[38][39] Mirzə Yəhyanın gizləndiyi bu dövrdə Bəhaullah babiləri qorumağa, onları Babın təlimində dərinləşdirməyə davam edir.[38] Mirzə Yəhyadan fərqli olaraq Bəhaullah babilərin gözü önündə olur və daim onların yanında qalır, getdikcə babilərin gözündə həqiqi ruhani rəhbər kimi yüksəlməyə başlayır.[35] Bu, Mirzə Yəhyanın qıcıqlanmağına və həsədinə səbəb olur, nəticədə o Bəhaullahı babilərin gözündən salmağa çalışan fəaliyyətlərinə başlayır.[35] Onun bu hərəkətləri çoxlu sayda babinin inancını itirməsinə səbəb olur[38]. Bəhaullah yeni ilahi dinin bütövlüyünü qorumaq naminə meydandan çəkilir və 1854-cü ilin aprelin 10-u ailəsinə belə xəbər vermədən, onları qardaşı Mirzə Musaya tapşıraraq öz ardıcıllarından biri ilə Bağdadı tərk edərək şimala hərəkət edir. Onun 2 il davam edən inziva həyatı başlayır.[35]
Bəhaullah Süleymaniyə şəhərinin yaxınlığına, Kürdistan dağlarına çəkilir.[35][38] Daha sonra o yazır ki, aradan çəkilməsinin səbəbi Babi icmasında fikir ayrılığına səbəb olmamaqdır.[35][40]
İki il ərzində Bəhaullah bu torpaqlarda yaşayır.[36] O zahid həyatı sürür, dərvişlər kimi geyinir və sorağı Bağdada çatmasın deyə Dərviş Məhəmməd ləqəbindən istifadə edir.[35][41] Bir dəfə onun qələmindən çıxan xəttatlıq nümunəsi Süleymaniyyənin sufi təriqətlərinin əlinə keçir və onların marağına səbəb olur.[38] Bəhaullahın yanına ziyarətlər başlayır və o elmi və müdrikliyi ilə ad çıxarmağa başlayır. Şeyx Osman, Şeyx Əbdurrəhman və Şeyx İsmayıl, müvafiq olaraq Nəqşibəndi, Qadiriyyə və Xalidiyyə təriqətlərinin liderləri olaraq onun görüşünə gəlir, ünsiyyət edir və hətta ondan məsləhət almağa başlayırlar.[41] Bu görüşlərin ikincisində Bəhaullahın qələmindən məşhur "Dörd vadi" çıxır, həmçinin onun bir çox digər tanınmış yazıları da bu dövrə aiddir.[36]
Bağdaddakı Babi icması isə Bəhaullahın yoxluğu və Mirzə Yəhyanın səriştəsizliyi səbəbindən sürətlə tənəzzül etməyə başlayır.[38] Babilərin bir çoxu və Bəhaullahın ailəsi onu axtarmağa başlayır və Dərviş Məhəmmədin sorağı ətraf şəhərlərə yayıldıqda, ailəsi onun əlamətlərini tanıyır və bir qasid yollayaraq ondan geri qayıtmasını xahiş edirlər.[38] 19 mart 1856-cı ildə o Bağdada geri dönür.
Bəhaullah geri qayıdanda Babi icmasını tənəzzül etmiş və parçalanmış halda tapır.[35] Bəhaullahın olmadığı dövrdə onlar inanclarından soyumuşdular, çünki Mirzə Yəhya öz uğursuz rəhbərliyini davam etdirməyə çalışmış və babilərə qarşı olanlara qarşı qətllə cavab verməyə davam etmişdi.[35] Həmçinin Mirzə Yəhya Şaha növbəti sui-qəsdi törətmək cəhdi ilə ardıcıllarından birini İrana yollamış və öz rəhbərliyinə qarşı çıxan babilərin öldürülməsini təşviq etmişdi.[35] Növbəti yeddi ili Bəhaullah, babilərin tərbiyəsinə və onlara təliminin əsaslarını öyrətməyə sərf edir.[35] Onlara məktublar göndərir, suallarına cavab verir, bununla belə Babın zühurunu vəd etdiyi "Allahın zahir edəcəyi kəs" olduğunu onlara açıqlamır. Bu dövrdə onun qələmindən məşhur "Kitabi-İqan" (Yəqinlik kitabı) və "Kəliməti-Məknunə" (Gizli Kəlamlar" çıxır. Çoxlu sayda babi, həmçinin hökumət orqanları artıq onu babilərin rəhbəri olaraq qəbul etməyə başlayır və getdikcə daha çox insan Babi hərəkatının sıralarına qoşulmağa başlayır.[35] Bəhaullah həmçinin dövlət məmurlarının və Sünni ruhanilərin rəğbətini qazanmağa başlayır.[35] Bəhaullahın getdikcə artan nüfuzu tədricən İslam üləmasının və Qacar hökumətinin düşmənçiliyini artırır.[42] Qacar hökuməti Osmanlıdan Bəhaullahın ekstradisiyasını istəyir, lakin Osmanlı hökuməti bunu qəbul etmir və Bəhaullahın İrandan uzaq məsafəyə, İstanbula köçürülməsini qərara alır.[35]
Bəhaullahın İstanbula sürgün edilməsi xəbəri onun davamçılarını və ona rəğbət bəsləyənləri bərk həyəcanlandırdı və onlar qəmgin halda sevimli müəllimlərinin evinə tərəf axışmağa başladılar. Deyilənə görə evə və ətrafına toplaşanların sayı o qədər çox olur ki, Bəhaullah ailəsi ilə birlikdə şəhərdən kənarda yerləşən Nəcib Paşanın bağına köçməli olur və burada səfər üçün hazırlanan karvanı on iki gün gözləyirlər.[43]
Bu on iki günün (1863-cü il aprelin 21-dən mayın 2-dək, yəni Babın bəyanından 19 il keçdikdən sonra) birinci günü Bəhaullah bir neçə tərəfdarlarına elan etdi ki, Babın və bütün Peyğəmbərlərin əvvəlcədən müjdələdikləri şəxs məhz Odur, yəni Allahın Seçdiyidir, Onun Elçisidir.[36] Bu bəyanın edildiyi bağ Bəhaullahın ardıcılları arasında "Rizvan" bağı kimi şöhrətlənmişdir. Orada keçirilən on iki gün bəhailər tərəfindən hər il "Rizvan Bayramı" kimi bayram edilir.[43] Beləliklə Bəhaullah bildirirdi ki, o, ilahi vəhyi Siyah-Çal zindanında 11 il əvvəl almasına baxmayaraq onu xalqa elan etmək üçün vaxt yalnız indi Allah tərəfindən ona əmr olunmuşdu.[44] Rizvan bağındakı bəyanat Babi icması üçün həll edici an oldu, beləliklə onların çox böyük əksəriyyəti Bəhaullahı Babın müjdələdiyi "Allahın zahir edəcəyi kəs" olaraq qəbul etdilər.[35]
Bəhaullahın İstanbula tərəf səfəri 3 may-17 avqust 1863-cü il müddətində ailə üzvlərinin və ardıcıllarından ibarət böyük bir qrupun onu müşayiəti ilə baş tutdu. Tarixi məlumatlara görə Bəhaullah keçdiyi bütün şəhərlərdə ehtiramla qarşılanır.[35] Bəhaullahın Osmanlı hökuməti tərəfindən niyə İrana təhvil verilməməsi, əvəzində İstanbula dəvət olunması dəqiq məlum deyildir.[35] Onun 3 ay yarımdan sonra Ədirnəyə sürgün olunması qərarı çıxır və bu qərarın da səbəbi bilinmir. Lakin bu məlumdur ki, İranın Osmanlıdakı səfirinin Bəhaullahı mümkün qədər əziyyətə qatlaşdırmaq istəyi var idi və bu bəzən öz nəticəsini verirdi.[35]
1–12 dekabr 1863-cü il tarixlərində Bəhaullah və onun ailəsi Ədirnəyə doğru səfər edir. Bu dəfəki səfərin təbiəti əvvəlkindən fərqli idi, bu, açıq-aşkar qovulma idi.[35] Bəhaullahın Ədirnədə sakin olması dörd il yarım çəkdi və bu dövrdə artıq o Babi icmasının qəbul olunmuş rəhbəri olaraq tanınırdı.[35][45] Bəhaullahın artan nüfuzu fonunda Mirzə Yəhyanın nifrəti artmaqda davam edir və bu Ədirnədə özünün kulminasiya nöqtəsinə çatır.[35] 1865-ci ildə Mirzə Yəhya Bəhaullaha sui-qəsddə təqsirləndirilir.[35] Tarixi məlumatlara görə, Mirzə Yəhya Bəhaullahın bərbərini onu öldürməyə təşviq edir. Bərbər, Məhəmməd Əli İsfahani, Bəhaullaha sadiq biri idi və o Mirzə Yəhyanın təklifini qətiyyətlə rədd edir və Babi icmasını bu niyyət barədə məlumatlandırır. Bəhaullah, ardıcıllarını "səbir, təmkin və nəzakətə dəvət edir".[46] Oxşar niyyət bir müddətdən sonra yenidən təkrarlanır, bu dəfə Mirzə Yəhya Bəhaullahı hamamda öldürməsi üçün Ustad Məhəmməd Əli Salmanini dilə tutmağa çalışır.[47] Sonda Mirzə Yəhya Bəhaullahı zəhərləməyə nail oldu və bu zəhərlənmənin Bəhaullahın üzərində ciddi təsiri qaldı, hətta bu onun bir əlinin ömrünün sonunadək əsməsinə səbəb oldu.[35][46][48][49][50]
Bu hadisədən sonra Bəhaullah özünün Babın vəd etdiyi "Allahın zahir edəcəyi kəs" olduğunu ictimai şəkildə elan etdi və ilk dəfə öz ardıcıllarına "Bəha əhli" deyə müraciət etdi.[35] Bu elandan sonra o bir müddət öz evinə qapanır və babilərdən onunla Mirzə Yəhya arasında birdəfəlik seçim etməsini istəyir.[35] Bəhaullahın bu iddiası Mirzə Yəhyanın statusunu sual altına qoyur, belə ki, Babın özünün bildirdiyinə görə də onun nümayəndəsi (Mirzə Yəhya) ancaq "Allah zahir edəcəyi kəs"in zühuruna qədər babilərin rəhbəri təyin edilmişdi.[38] Mirzə Yəhya isə liderliyini əldən verməməyə çalışır və özünəməxsus iddialar irəli sürərək bunu təmin etməyə çalışır, lakin qısa zamanda onun ətrafındakılar azalır və ancaq çox kiçik bir qrup onu dəstəkləməkdə davam edir.[39]
1867-ci ildə Mirzə Yəhya güman edərək ki Bəhaullah imtina edəcək, onu Ədirnənin yerli məscidinə bəhsə dəvət etdi, o adla ki, "Allah saxtakarı üzə çıxartsın".[35] Bəhaullah razılaşdı və təyin olunan vaxtda Səlimiyyə məscidinə getdi, lakin Mirzə Yəhya görüşə gəlmir və bununla bütün etibarını da itirmiş olur.[35][46][47] Nəhayətdə Bəhaullah Babi icmasının böyük çoxluğu tərəfindən "Allahın zahir edəcəyi kəs" olaraq qəbul olunur və onun ardıcılları bundan sonra özlərini "bəhai" adlandırmağa başlayırlar.[51]
Bəhaullahın Ədirnədəki dövründə onun qələmindən çıxan yazılarda artım olmuşdur. Bu yazılarında ən çox rast gəlinən mövzular öz missiyası haqqında bəyanının elanı idi və Bəhaullah öz ardıcıllarından bəzilərini bu xəbəri Babi icmasına çatdırmaları üçün İran və İraqın müxtəlif əyalətlərinə göndərir, o yerlər ki, bu yeni xəbər hələ onlara çatmamışdı.[35] Bu dövrdə o həmçinin bəhai qanun və prinsiplərini açıqlamağa başlayır. Bundan əlavə, Bəhaullah yeni din haqqında dünya hökmdarlarına yazmağa başlayır. O onları "Allahın bu yeni dinini" qəbul etməyə, öz maddi mənfəətlərindən əl çəkməyə, hökmdarları əməkdaşlıq etməyə çağırır ki, aralarındakı ixtilaf həll olunsun və onlar dünyanın yaxşılaşması və onun millətlərinin tərəqqisini yönəlsinlər. O ilk məktubunu Osmanlı Sultanı Əbduləziz və onun vəzirlərinə göndərir, hansı ki bunu "Sureyi-Müluk" (Hökmdarlar surəsi) müşayiət edir və orada o bütün hökmdarla müraciət edir.[35] Bu surədə dünya hökmdarları "Allahın bu dövr üçün elçisi" Bəhaullahı eşitməyə, maddi mülkiyyətlərindən imtina etməyə dəvət olunur, hakimiyyətə sahib olduqları üçün ölkəni ədalətlə idarə etməyə və xalqı incitməməyə çağırılırlar. O həmçinin onları silahlanmanı azaltmağa və ixtilafları aradan qaldırmağa dəvət edir.[35] Bundan başqa o xristian din xadimlərinə Məsihə sədaqətli qalmağı və vəd olunan "Həqiqət Ruh"u olan kəsi axtarmağı məsləhət görür.[35] Daha sonra Bəhaullah Əkka sürgünlüyü müddətində də dünya hökmdarlarına yazmaqda davam edir. Bura daxildir:
Son hadisələrin nəticəsində Babi icmasından tamamilə qopan Mirzə Yəhyanın ardıcılları Bəhaullahı Osmanlı hökumətinə Sultanlığa qarşı fəaliyyətdə olan biri kimi təqdim etməyə cəhd edirlər.[35] Bu cür fəaliyyət tədricən Osmanlı hakim dairələrində şübhələri artırır, onlar Bəhaullahın və Mirzə Yəhyanın "dini iddialarından" narahat olmağa başlayırlar və yarana biləcək "mümkün fəsad"ın qarşısını almaq üçün onların hər ikisini sürgün etmək qərarına gəlirlər.[35] Babiləri cəzalandıran fərman 1868-ci ildə verildi, Mirzə Yəhya və tərəfdarları Kiprin Famaqusta şəhərinə, Bəhaullah və tərəfdarları isə Fələstinin Əkka şəhərinə sürgün olunur və ömürlük həbsə məhkum edilirlər.[35]
Bəhaullah və ailəsi də daxil olmaqla bəhailər 12 avqust 1868-ci ildə Ədirnəni tərk edirlər, dənizdə və quruda hərəkət edərək Gelibolu və Misirdən keçməklə, 31 avqust tarixində Əkkaya çatdılar və əsgər barakalarında məskunlaşdırıldılar.[35] Məhkumlar yerli əhaliyə "Allahın və dinin düşməni" kimi tanıdılmışdı və onlarla əlaqə qurmaq qəti şəkildə qadağan edilmişdi. Əkkadakı birinci il məhbuslar üçün dəhşətli sınaqlar və çətinliklərlə dolu oldu və nəticədə onlardan üçü vəfat etdi.[35] Növbəti fəlakət Bəhaullahın 22 yaşlı oğlu Mirzə Mehdinin damda meditasiya edərək gəzişərkən ordan yıxılıb zədələnməsi və sonra da ölməsi oldu.
İllər keçdikcə Bəhaullah əhali və məmurların hörmət və ehtiramını qazanır və bu onun məhbusluq şəraitinin tədricən yumşalması, Sultanın vəfatından sonra isə o şəhərdə sərbəst dolaşa bilməsi və şəhər ətrafına çıxa bilməsi ilə nəticələnir. 1877–79-cu illərdə Bəhaullah "Məzrai" deyə bilinən evdə yaşayır.[35]
Bəhaullahın həyatının son illəri (1879–1892) Əkkanın kənarındakı Bəhci evində keçir, baxmayaraq ki, o hələ də rəsmən məhbus idi. Bu illərdə Bəhaullahın böyük oğlu Abbas evlə bağlı bir çox işlərin məsuliyyətini öz üzərində götürdüyündən, Bəhaullah özünü yazılara həsr edir və bu illərdə onun qələmindən Kitabi-Əqdəs də daxil olmaqla, çoxlu həcmdə kitablar çıxır.[35] Onun yazılarındakı əsas mövzular gələcək dünya sivilizasiyasının konturları, əxlaqi kodekslər və çoxlu sayda dualar idi.[35]
1890-cı ildə Kembric universitetinin şərqşünası Eduard Qranvil Braun Bəhaullahla onun evində görüşür və bu görüşdən sonra o Bəhaullah barədə öz məşhur təsvirini yazır:
1892-ci il mayın 9-da Bəhaullah yüngül qızdırma keçirdi, lakin tədricən vəziyyəti ağırlaşdı və 29 may tarixində dünyasını dəyişdi. O evinin bağçasında dəfn edilir.[41]
Bəhaullah İran şahına məktubunda yazır:
Bəhaullah bəzi hallarda bilavasitə Allahın adından danışardı. Bu ifadələrdə Onun insani şəxsiyyəti tamamilə yox olurdu. Onun vasitəsilə Allah Öz yaratdığı bəndələrinə müraciət edir və öz məhəbbətini aşkarlayır, onları xeyirxahlıq yoluna yönəldir, Öz iradəsini onlara bildirir, onlardan məhəbbət, sədaqət və xidmət gözləyərək, onları istiqamətləndirmək üçün Öz tövsiyə və qanunlarını göndərirdi.
Bəhaullahın yazılarında onun deyim tərzi tez-tez dəyişir: bəzən o, sadə insan kimi danışır, sonra isə yazısını kəsmədən Allahın Özü kimi buyurur. Bu tərz Quranın da müxtəlif hissələrində hiss olunan tərzlə oxşarlıq təşkil edir.
"Surətul Heykəl"dəki (Heykəl surəsi) bir hissə belədir:
Bəhaullahın yazılarında onun məqamı "Məzhər" (Allahın zühuru) kimi təsvir olunur. Zühur, zahir etmək feilindən törəyib, aşkara çıxmaq mənası daşıyır. Allahın Məzhəri ifadəsi "Allahın əlamətlərinin, ad və sifətlərinin aşkara çıxdığı yer" deməkdir. Bəhai dinində iddia olunur ki, Bəhaullah bütün qədim dinlərdə vəd olunmuş bəşəriyyətin xilaskarıdır.[53] Yəhudiliyin vəd olunmuşu "Əbədi Ata" (Tövrat, Yeşaya 9:6) və Ordular Rəbbi, Xristianlığın vəd olunmuşu "Həqiqət ruhu" və "Vəsatətçi" (İncil, Yəhya, 14:16–17) və İsanın "Atanın izzətində geri dönüşü", Şiə İslamının vəd olunmuşu İmam Hüseynin rəcəti (qayıdışı), Sünni İslamın vəd olunmuşu İsanın ikinci gəlişi, Babi dininin vəd olunmuşu "Allahın zahir edəcəyi kəs", həmçinin Hinduizmin vəd olunmuşu 10-cu Avatara, Buddizmin vəd olunmuşu Maytreyya və Zərdüştiliyin vəd olunmuşu "Şah Bəhram"dır.