Baba bəy Şakir (tam adı: Baba bəy Məhəmmədəli bəy oğlu Sarıcalı-Cavanşir; 1772, Şuşa – 1844, Şuşa, Kaspi vilayəti) — şair.
Baba bəy Şakir | |
---|---|
Baba bəy Məhəmmədəli bəy oğlu Şakir | |
Təxəllüsü | Шакир |
Doğum tarixi | 1772 |
Doğum yeri | |
Vəfat tarixi | 1844 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Baba bəy Şakir Vikimənbədə |
Baba bəy Şakir Qarqar çayının sahilində, qədim Mehriban kəndində dünyaya gəlib. Araşdırmalarda, xüsusilə də Mir Möhsün Nəvvabın təzkirələrində, Firidun bəy Köçərlinin əsərlərində o, "Mehribanlı Baba bəy" kimi təqdim edilir. Baba bəy Şakirin həyatı və yaradıcılığı ilə bağlı məlumat olduqca azdır. Bəzi mənbələrdə onun 1780-ci ildə doğulduğu qeyd olunub. Akademik Feyzulla Qasımzadə onun 1769-cu ildə anadan olduğunu qeyd edib. Rus tədqiqatçıları Baba bəy Şakirin təvəllüd tarixini qeyri-müəyyən tarixlə yazıblar. Firidun bəy Köçərli isə Baba bəy Şakiri müasirləri ilə müqayisə edərək 1772-ci ildə anadan olduğunu göstərib.
Baba bəy Şakir mükəmməl mədrəsə təhsili alıb. Ana dili ilə yanaşı bir neçə şərq dilini də bilib. Şakir təxəllüsü ilə şeirlər yazıb. Baba bəy Pənahəli xanın böyük qardaşı Fəzləli bəyin nəvəsi olub. O, şeirlərinin birində öz şəcərəsi ilə bağlı yazır:
Mən özüm övladi Pənah aliyəm,
Keçən qəziyyədən yeksər haliyəm.
Tamam aləm bilir Sarıcalıyam,
Mən türkəm, nə kürdəm, nə ləzgi, nə tat.
Baba bəy Şakir xan nəslinə mənsub olmasına baxmayaraq, çox çətin güzəran keçirib, ancaq taleyindən heç vaxt şikayətlənməyib. Yalnız Mehdiqulu xandan incikliyini dilə gətirib. Dostu və yaxın qohumu, şair Qasım bəy Zakirə yazdığı bir mənzum məktubunda deyib:
Külli Qarabağa olub mehriban
Götürdükcə dövlət elədi ehsan.
Bizlərə düşəndə xani-alişan,
İşıqlı dünyanı elədi zülmət.
Qasım bəy Zakir həmişə Baba bəyi özünə müəllim hesab edib. Poetik ləqəbini də Baba bəy Şakirin təxəllüsünə uyğun götürüb. Onun istedadının səsi-sorağı Qarabağın hüdudlarını aşaraq İrəvandan, Ordubaddan, Gəncədən eşidilib. Tədqiqatçı alim Salman Mümtaz araşdırmalarında yazır: "Baba bəy Şakir o vaxtkı ədəbiyyatımızı gözəlləşdirən, məzlumların imdadına çatan cəsur bir şair olub". S. Mümtaz daha sonra qeyd edir ki, XIX əsr Azərbaycan satirik şeirinin geniş intişar tapmasında onun böyük xidmətləri olub. Poeziyanın ictimai mübarizə silahına çevrilməsində çox zəhmətlər çəkib. Onun yaradıcılığında "Ay mədəd" və "Yetmədi" rədifli qoşmaları, "Gəlməz" gəraylısı diqqət çəkir.
Bundan başqa Baba bəy Şakirin yaradıcılığında həcvlər xüsusi yer tutur. Onun bu janra daha çox diqqət yetirməsi ilə bağlı Firidun bəy Köçərli yazır ki, şair müasirlərinin əxlaqını həcvlə islah etmək istəyib. Ədəbiyyatşünas ona da təəssüflənib ki, Baba bəy incə ruhlu, istedadlı şair olsa da, ömrünü əsasən həcvlər yazmağa sərf edib. Şair saatlarla bədahətən qoşma, gəraylı söyləyib.
Baba bəy Şakir dövrünün haqsızlıqlarını, yadellilərin doğma vətəndə at oynatmasını qəbul etməyib. O, Qasım bəy Zakirə yazdığı bir məktubunda belə deyir:
Vilayətdə urus olub ixtiyar,
Eyləyib bir bina yoxdu görən kar.
Tamam işlər olub cahilə bazar,
Heyf bu vilayət, heyhatü heyhat!
Qarabağın Çar Rusiyası tərəfindən işğal olunmasına qarşı çıxan Baba bəy Şakir bu mövqeyini öz şeirlərində də əks etdirib. Məsələn, divanbəyinə yazdığı bir məktubda şair deyir:
…Ya bizləri tamam tutsun naçalnik,
Ya eləsin dərdə çarə, ərz elə…
Nə oğru, nə xain, nə hiyləgərik,
Habelə vətənin tərkin edərik.
Elliklə baş götürüb gedərik,
Hər birimiz bir diyara, ərz elə.
Baba bəy Şakir qoşma və həcvlərlə yanaşı ritmik lirik şeirlər də yazıb.
Baba bəy Şakirin şeirləri ilk dəfə tanınmış tədqiqatçı Salman Mümtaz tərəfindən toplanaraq oxuculara təqdim olunub. 1927-ci ildə ərəb əlifbası nəşr edilən kitab həmin dövrdə başlanan əlifba islahatı (latın qrafikalı əlifbaya keçid) səbəbindən geniş oxucu auditoriyası arasında uğur qazana bilmir. 1985-ci ildə isə Fərhad Yəhyayevin tərtibatında Baba bəy Şakirin "Seçilmiş əsərləri" işıq üzü görür. Ancaq şairin ədəbi irsi burada olduğu kimi yox, müəyyən redaktələrlə, ixtisarlarla verilib.
Baba bəy Şakir 1844-cü ildə vəfat edib.