Bakı Banklararası Valyuta Birjası (BBVB)[1] — 1993–2014-cü illərdə fəaliyyət göstərmiş və rəsmi olaraq 2022-ci ildə ləğv edilmiş Azərbaycan birjası. Azərbaycanda və Qafqaz regionunda ən iri birja təsisatı olmuşdur.[2]
1993-cü ilin 26 iyul tarixində Milli, Beynəlxalq, Əmanət, Sənaye-investisiya və Aqrosənaye bankları tərəfindən təsis edilmişdir.[3][4] 2003-cü ilə qədər burada 2 mindən çox ticarət sessiyası keçirilmişdir,[2] 2013-cü ilə qədər bu say 6,900-a çatmışdır.[5] Bağlanmış valyuta əqdlərinin ümumi həcmi, təxminən 3 milyard dollar, manat ekvivalentində isə 12 trilyon manatdan çox olmuşdur. 1995-ci il martın 31-dən bu günədək BBVB-də Azərbaycan Milli Bankının kredit hərracları keçirilir və bu hərraclarda kommersiya bankları 900 milyard manat borc götürmüşlər. 1996–1999-cu illərdə dövlət istiqrazları üzrə hərracların həcmi 694,15 milyard manat təşkil etmişdir. BBVB-nın səyləri sayəsində Azərbaycanda bankların əksəriyyəti elektron hərraclarının iştirakçısı olmuş, ötən il iyulun 9-dan BEST sistemində 85 milyon dollar məbləğində əqdlər bağlayaraq, valyuta risklərini və qısamüddətli likvidliyi daha operativ və kompleks şəkildə idarə etmək imkanı qazanmışdır.[2] BBVB və onun səhmdarlarının Azərbaycanda ilk dəfə reallaşdırdığı layihələr arasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli Emissiyalarının (DQİ) dövriyyəsinə xidmət göstərilməsi, səhmlərlə birinci birja ticarətlərinin təşkili, dövlət qiymətli kağızları ilə əməliyyatların uçotu üçün elektron depozitarinin yaradılması, listinq üzrə xüsusi Komissiyanın təsis edilməsi, birinci banklararası kredit hərracları, həmçinin universal ticarət-hesablama birja kompleksinin işə buraxılması var. Birja 2001-ci ildə BEST informasiya-ticarət sistemi işə buraxmışdır. Bu, Qafqazda ilk birja elektron ticarət sistemi olmuşdur.[4]
Rəhbəri Fərhad Əmirbəyov olmuşdur.[4]
BBVB iri xarici maliyyə təsisatları ilə əməkdaşlıq etmişdir. Onların arasında İstanbul Fond Birjası, Moskva Banklararası Valyuta Birjası, Vyana Birjası və digərləri vardır. BBVB Dünya Birjalar Federasiyasının, Avropa-Asiya Birjalar Federasiyasının üzvü, habelə MDB Beynəlxalq Birjalar Federasiyasının həmtəsisçisidir.[2]
2014-cü ildə Birja vergi orqanına müraciət edərək əməliyyatların həcminin az olması və gəlirlərinin xərclərini ödəməməsi səbəbindən ticarət fəaliyyətini könüllü şəkildə dayandırmışdır.[3] 2022-ci ildə rəsmi olaraq ləğv olunmuşdur.[6]