Bakı hərbi qarnizonu — 1919–1920-ci illərdə Bakı şəhərində və onun ətrafında yerləşdirilmiş bütün hərbi hissələri, təşkilatları, hərbi təhsil müəssisələrini özündə birləşdirən hərbi qurum.[1]
Bakı hərbi qarnizonu Azərbaycan Xalq Cümhuriyyətinin dövründə 1918-ci ilin, sentyabrın 15-də, Azərbaycan hərbi qüvvələri və Qafqaz İslam Ordusu şəhəri azad etdikdən sonra formalaşdırılmağa başlandı. Tərkibində həm türk hərbi qüvvələri, həm də Azərbaycan hərbi qüvvələri olan Bakı hərbi qarnizonunun ilk rəhbəri Qafqaz İslam Ordusunun Qərərgah rəisi Nazim bəy olmuşdur. 1918-ci ilin noyabrın 17-də şəhərə daxil olan İngilis hərbi qüvvələri şəhərdəki bütün türk hərbi hissələri ilə bərabər, Azərbaycan ordusunun bütün hissələrinin də şəhərdən çıxarılmasını tələb etdi. Beləliklə Bakı hərbi qarnizonu ləğv edildi.[1]
Bakı hərbi qarnizonu 1919-cu ilin aprel 5-də yenidən formalaşdırılmağa başladı. İngilis qüvvələri komandanlığının razılığına əsasən, həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin ordusunun Birinci Tatar süvari alayı, bir piyada taboru və bir neçə topçu batareyası Bakıya daxil oldu. Bakıya daxil olan qüvvələrə Birinci Tatar süvari alayının komandiri polkovnik Ağalarov rəhbərlik edirdi. Ona, eyni zamanda, Bakı qarnizonunun rəisi vəzifəsi də həvalə edilmişdi. Bakı şəhəri komendantı isə polkovnik-leytenant Azad Vəzirov təyin edilmişdi (ona 1919-cu il, iyulun 9-da polkovnik rütbəsi verilmişdi). Bakıda hərbi hissələrin sayının artması və hərbi strukturların genişlənməsi, həmçinin, şəhərin paytaxt kimi əhəmiyyəti nəzərə alınaraq hərbi nazirin 1919-cu il, 7 avqust tarixli əmri ilə komendant vəzifəsinə general-leytenant statusu verildi. İstefada olan general-leytenant Firudin bəy Vəzirov Bakı komendantı təyin olundu. Və Aprel işğalına qədər bu vəzifəni icra etdi. Əvvəlki komendant polkovnik Azad Vəzirov komendantın müavini vəzifəsində saxlanıldı. 1919-cu ilin avqustun 16-da İkinci piyada diviziyasının komandiri general-mayor İbrahim ağa Usubov Bakı hərbi qarnizonunun rəisi təyin edildi. 1919-cu il, sentyabrın 9-da Bakı İstehkamçılar hissəsinin rəisi təyin edilmiş general-mayor Murad Gəray Tlexas, eyni zamanda, Bakı qarnizonunun rəisi oldu. Həmin il dekabrın 10-da Bakı İstehkamçılar hissəsinin və Bakı qarnizonunun rəisi vəzifəsi general-mayor Həbib bəy Səlimova həvalə edildi. 1920-ci ilin, fevralında həm də Bakı İstehkamçılar rəisi təyin edilmiş, İkinci piyada diviziyasının komandiri general-mayor İbrahim ağa Usubov yenidən qarnizon rəisi oldu.[1]