Həbib bəy Səlimov

Səlimov Həbib bəy Hacı Yusif oğlu (8 fevral 1881, İrəvan30 dekabr 1920, Bakı) — general-mayor, AXC ordusunun ilk baş qərargah rəisi, Əsgəran savaşının qəhrəmanı kimi tanınan Azərbaycan general-mayoru.[1][2][3]

Həbib bəy Səlimov
Şəxsi məlumatlar
Doğum tarixi 8 fevral 1881(1881-02-08)
Doğum yeri
Vəfat tarixi 30 dekabr 1920(1920-12-30) (39 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Təhsili
Hərbi fəaliyyəti
Rütbəsi general-mayor
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də İrəvanda doğulub. Atası Yusif bəy İrəvan quberniyasında məhkəmə iclasçısı çalışıb. İlk təhsilini İrəvan Müəllimlər Seminariyasında alan Həbib bəy daha sonra elə həmin şəhərdə gimnaziyaya daxil olub və gimnaziyanı birinciliklə bitirmişdir.[4]

Hərbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Çar Rusiyası dövrü

[redaktə | mənbəni redaktə et]

1900-cü ilin avqustun 12-də orduya könüllü yazılaraq 156-cı Yelizavetpol (Gəncə) süvari alayında 1il 2ay xidmət edib, unter-zabit rütbəsi alıb. 1902-ci ildə Tiflisdə süvari məktəbini bitirəndən sonra Üçüncü Qafqaz Atıcı Batalyonunda xidmətə başlayıb, podporuçik olub. 1905-ci ildə batalyon komandirinin yavəri, 1907-ci ildə elə həmin hərbi hissədə üçüncü rotanın komandiri təyin olunub. Həmin ilin sentyabrında Müqəddəs Vladimir ordeni ilə təltif edilib. Həbib bəy 1908–1910-cu illərdə Beşinci Qafqaz Atıcı Batalyonunun tərkibində Naxçıvanın Culfa sərhədlərində xidmət edib, məxfi tapşırıqla Tehrana göndərilib. 1912-ci ildə kapitan rütbəsi alıb. Daha sonra Peterburqda Baş Qərargahın Nikolayev Hərbi Akademiyasını bitirib.[1]

Azərbaycan Xalq Cümhuriyyəti dövrü

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Azərbaycana geri dönən polkovnik-leytenant Həbib bəy Səlimov Cümhuriyyət ordusunda Dəftərxana rəisi vəzifəsində çalışmışdır. Hərbi işi gözəl bildiyinə görə az sonra Nuru Paşa tərəfindən Əlahiddə Azərbaycan Korpusunun Qərərgah Rəisi təyin edilmişdir və Azərbaycan qoşunlarını Gəncədən Bakıya qədərki yürüşündə Cənub qrupunun komandanı olmuşdur. Bu yürüş zamanı avqustun 1-də Ələti, AtbulağıNəvahini azad etmişdir. Bu nailiyyətlərinə görə hələ daşnak-bolşeviklərə qarşı əməliyyatların davam etdiri dövrdə ona polkovnik hərbi rütbəsi verilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun dəftərxana rəisliyi ilə yanaşı, Azərbaycan korpusunun Baş Qərərgah Rəisi və Baş Ərkan-i Hərbin rəhbəri vəzifəsində çalışmışdır. Qısa müddətə Lənkəranın valisi olmuşdur.

Həbib bəy Səlimov Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 26 fevral 1919-cu ildə, otuz nömrəli əmri ilə Bakının azad edilməsindəki xidmətlərinə görə general-mayor rütbəsi ilə təltif olunmuşdur. 1920-ci ilin martında Əsgəran müharibəsi adı ilə məşhur olan döyüşlərin qəhrəmanıdır.[2]

Muğan Sovet Respublikası ilə döyüş

[redaktə | mənbəni redaktə et]

1919-cu ilin iyul ayında briqada generalı Həbib bəy Səlimovun komandanlığı ilə MuğandaLənkəranda Azərbaycan milli hökumətini tanımaq istəməyən malakan və rus-erməni silahlı qüvvələri darmadağın edilmişdir.

Lənkəran əməliyyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu avqustun 14-ü hərəkətə başladı və ertəsi günü Salyana çatdı. Dəstənin komandanı Həbib bəy Səlimov öz nümayəndələrini Lənkərandakı hərbi qüvvələrin yanına göndərərək, dərhal AXC hökumətini tanımağı tələb etdi. Həmçinin yolboyu yerləşən rus kəndlərindən də silahlar toplanıldı. Avqustun 17–18-i həmin kəndlərdən 3 top və 5 pulemyot müsadirə edilərək Bakıya yola salındı. Bakıdan Səməd bəy Mehmandarovun Həbib bəyə göndərdiyi teleqramda AXC ordusunun və hökumətinin nüfuzunun aşağı düşməməsi üçün qətiyyətlə hərəkət etməsini və əməliyyat bitdikdən dərhal sonra dəstə ilə birlikdə Bakıya gəlməsini əmr edirdi. Dəstə avqustun 20-də Pokrovsk kəndini mühasirəyə aldı və əhaliə olan silahları toplamağa başladı. Kənd əhalisindən 2 top və 4 pulemyot müsadirə edildi. Dəstə avqustun 23-də Lənkərana çatdı. Sürətli tədbirlər nəticəsində heç bir müqavimət görmədən qarşıya qoyulmuş vəzifələri yerinə yetirdi. Bölgəni rus mənşəli əhalisi tərk-silah edildi, polkovnik İlyaşeviçin rəhbərliyindəki rus hərbi qruplaşması təslim oldu.[5]

Düşməndən qənimət üçün götürdüyü bir təyyarəni, iyirmi dörd topu və altmış pulemyotu Azərbaycan Ordusuna təhvil vermişdir. MuğanLənkəranı ana yurdu Azərbaycana qaytaran Həbib bəy buraya qısa müddətə vali təyin edilmişdir.[5]

Əsgəran müharibəsi

[redaktə | mənbəni redaktə et]

1920-ci ilin mart-aprelində baş vermişdir. Qarabağda ermənilərin Drastamat Kanayanın rəhbərliyi ilə üsyana qalxmasında sonra Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun böyük bir qismi Həbib bəy Səlimovun rəhbərliyi ilə bu üsyanı yatırmaq üçün buraya göndərilir. Əsgəran keçidini tutan üsyançılar Azərbaycanın digər yerləri ilə Dağlıq Qarabağın əlaqə yolunu kəsmişdilər. Həbib bəy Səlimovun üstün hərbi zəkası və çalışqanlığı nəticəsində erməni üsyanı yatırılır və cəzalandırılır.[6]

Əsgəran döyüşləri zamanı Həbib bəy Səlimovun raportları
[redaktə | mənbəni redaktə et]

General-mayor Həbib bəy Səlimovun 1920-ci il martın 29-da Hərbiyyə Nazirliyinə göndərdiyi raportdan:[1]

" Bu gün saat 13-də Xanabadın ucqarı bizim əsgərlər tərəfindən alındı.

Bakı alayı sıldırım qayalara Daşbaşı yüksəkliyinə yanaşdı: podpolkovnik Nəbibəyov ermənilərin təqib edilməsinə uymasaydı və mövqeləri dəyişməsəydi, alayın həmləsi daha uğurlu olardı.

- Sol cinahda ermənilər Əsgəranda ələ keçirdikləri iki pulemyotla əks həmləyə keçdilər. Onları Xanabaddan vurub çıxartmağa və qaçmağa məcbur etdik. Artilleriya əla atırdı, xüsusən podpolkovnik Bəhram bəy Nəbibəyovun batareyası, ancaq təəssüf ki, batareya komandiri özünü cilovlaya bilmir və batareya ilə birlikdə döyüşə atılır.

Qoşunların əhval-ruhiyyəsi əladır, düşmən çoxlu itgi verib, təkcə Xaraşurtda 60-dək erməni meyidi var.

"

Şuşa 10 aprel 1920-ci il:[7]

" Podpolkovnik Bəhram bəy Nəbibəyovun üçüncü batareyasının topları

aramsız döyüşlər apardığına görə tamamilə yararsız hala düşmüşdür. Yaxşı olar ki, onlar 1902-ci il nümunəli porşenli toplarla əvəz olunsun. Əlavə batareya qüvvəsi göndərməyinizi xahiş edirəm.

"

Haqqında xatirələr

[redaktə | mənbəni redaktə et]

1918-ci ildə Qafqaz İslam Ordusunun sıralarında Azərbaycanda olmuş türk podpolkovniki Rüştü bəy Bakının böyük hərb yollarında (Hərbi məcmuə, 1934-cü il, № 93) kitabında Həbib bəyi igid bir sərkərdə kimi xatırlayır:

" Cəsur və döyüş texnikasını gözəl bilən türk ordusunun yüksək rütbəli zabitləri tərəfindən layiqincə qiymətləndirilən polkovnik Həbib bəy rus ordusunda yetişmiş

azərbaycanlı zabitlərdəndir. Döyüşlərdə cəbhə iki yerə ayrılırdı: şimalcənub qruplarına. Cənub qrupunun komandiri polkovnik Həbib bəy Səlimov idi.

"

Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Həbib bəy Səlimovu Azərbaycanın istiqlal şəhidi adlandırıb[8].

Onun komandanlıq etdiyi cənub qrupu Nəvai və Ağbulaq stansiyalarını bolşevik-daşnak qüvvələrindən azad etdikdən sonra o, Nuru paşaya aşağıdakı məzmunda raport göndərmişdi:[9]

" Birinci - bu gün Ağbulaq stansiyasını azad edirəm. Yarın (1 avqust 1918-ci il) Ələti düşmən alsa da dəxi Allahın inayəti ilə azad etmək üzrə irəliləyəcəyəm.

İkinci - mütəaqibən (sonra) Bakı istiqamətində hərəkət edəcəyəm. Fəqət qrupun suyu qətiyyən yoxdur. Susuzluqdan əfrad (bəzi adamlar) bayılmış bir haldadır. Sürətlə su gətirilməsi üçün icab edənlərə əmr bulunmasını təkrar-təkrar rica edirəm.

Üçüncü - Ələtdən sonra qaradan (torpaq yol) hərəkət edəcəyimdən bir minik avtomobilinin təhriki üçün əmr buyrulmasını rica edirəm.

"

Avqustun birində cənub qrupunun komandanı Həbib bəy Səlimov Qafqaz İslam Ordusu komandanı Nuru paşaya göndərdiyi teleqramında bildirirdi ki:[10]

" Buu axşam Ələti azad etdim. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, biz hələ də geridən içməli su almamışıq. Döyüşçülər susuz qaldığı kimi, lokomotivlər də su olmadığı üçün işləmir. "

Gəncə-Bakı dəmir yolu ilə irəliləyən Cənub qrupunun komandiri kimi Həbib bəy Səlimovun göstərdiyi təşkilatçılıq qabiliyyəti və igidliyi Azərbaycan hökuməti tərəfindən layiqincə qiymətləndirildi və elə bolşevik-daşnak qoşunlarına qarşı döyüşlərin gedişində ona polkovnik rütbəsi verildi.

1919-cu ildə Azərbaycan ordusundakı maddi çətinlikləri görən polkovnik Həbib bəy Səlimov hökumətin adına göndərdiyi raportunda ürək ağrısı ilə yazırdı:[6]

" Demək olar ki, bütün əsgərlər Azərbaycan əyalətlərində yerli əhalinin hesabına dolanır, yarıac, yarıtox həyat sürürlər. Hətta böyük və varlı şəhər olan Bakıda əsgərlərə yemək tapılmır. Nə polkun, nə də korpusların anbarları yoxdur. Əsgərləri həmişə "un şorbası" ilə yedirtmək olmaz ki... Onuncu polkun çoxlu əsgəri çəkməsiz və corabsızdır. Ordunu yeməksiz, paltarsız, atsız, təchizatsız yaratmaq olmaz. Yarıac, paltarsız əsgər əlbəttə ki, evə qaçmaq istəyəcək. "

Öldürülməsi

[redaktə | mənbəni redaktə et]

Aprel işğalından sonra Həbib bəy Səlimov Naxçıvanın hərbi komissarı olur, lakin bolşeviklərlə işləməyi rədd etdiyi üçün, 1920-ci ilin 1 sentyabrında həbs edilir və həmin ilin dekabr ayının 30-da, saat saat 10:30-d bolşeviklər tərəfindən güllələnilir.[1][11]

  1. 1 2 3 4 "Xankəndini və Şuşanı daşnaklardan geri almış Azərbaycan general". 2013-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-01.
  2. 1 2 ""Əsgəran savaşının qəhrəmanı"cəsur general Səlimov kim olub?". 2018-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-16.
  3. "General Məmməd bəy Sulkeviç: Xoşbəxtəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm". 2021-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-16.
  4. Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 140. ISBN 978-9952-5455-010.
  5. 1 2 Manaf Süleymanov, Nuru paşa və silahdaşları. Bakı, 2004
  6. 1 2 Süleymanov M., Azərbaycan ordusu (1918–1920), B., 1998.
  7. "Azərbaycan hərb tarixinin və Səməd Vurğun ömrünün araşdırıcısıdır". 2021-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-16.
  8. Rəsulzadə, Məhəmməd Əmin. Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1990. 79. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2023-11-07.
  9. Азербайджанская Демократическая Республика (1918―1920). Законодательные акты [Azerbaijan Democratic Republic. Legislative acts (1918–1920)]. Baku: Archives. 1998. p. 196.
  10. Shamistan Nazirli (2010–05–28). "Генерал Габиб бек Салимов (1881–1920)
  11. "Adam bioqrafiya bankı. Həbib bəy Səlimov"