Bakı Konqres Mərkəzi

Bakı Konqres MərkəziBakıda Təbriz küçəsində yerləşən müasir beynəlxalq tədbirlər mərkəzi.

Bakı Konqres Mərkəzi
Xəritə
40°23′51″ şm. e. 49°51′55″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Təbriz küçəsi
Tikilmə tarixi 2014-2015
Mərtəbə sahəsi 6,2 ha
Aidiyyatı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi
Memarlıq quruluşu Modern
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mərkəzin tikintisinə 2014-cü ilin fevralında başlanılmışdır.[1]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 aprel 2015-ci ildə Mərkəzin açılışında iştirak etmiş və Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsmişdir.[1]

Mərkəz Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşir.[1]

Mərkəzin ümumi sahəsi 6,2 hektar, tikintialtı sahəsi isə 46,6 min kvadratmetrdir.[1] Ətrafda geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır.[1]

Bina bütün zəruri infrastrukturla təmin olunub.[1]

Maddi-texniki bazası

[redaktə | mənbəni redaktə et]

Binanın foyesində 405 kvadratmetrlik monitor quraşdırılıb.[1] Bu, dünyada qapalı məkanda quraşdırılan ən böyük və ən çox pikselli monitordur.[1] Ümumilikdə isə binada müxtəlif ölçülü 50-dən artıq monitor quraşdırılıb.[1]

Mərkəzdə 17 konfrans zalı yaradılıb.[1] Onların ümumi tutumu 2500 nəfərdən çoxdur.[1] Konfrans zallarında yaradılan şərait onların tutumunu tədbirə qatılan qonaqların sayına uyğun olaraq dəyişdirməyə imkan verir.[1] Məsələn, konfrans zallarının tamaşaçı tutumunu təşkilatçının istəyinə uyğun olaraq 50 nəfərdən 250 nəfərədək dəyişmək mümkündür.[1]

Bina bütün zəruri kommunikasiya, o cümlədən havalandırma sistemləri ilə təchiz olunmuşdur.[1] Burada restoran, inzibati və digər otaqlar da var.[1] Mərkəzdə canlı yayım aparmaq üçün də müasir şərait yaradılmışdır.[1] Burada qonaqlara eskalatorlar və 16 lift xidmət göstərir.[1]

Bakı Konqres Mərkəzinin 3500 yerlik auditoriya zalı da ən müasir səviyyədə yaradılmışdır.[1] Burada müasir texnologiyanın ən son yeniliklərinin tətbiq olunduğu avadanlıq quraşdırılmışdır.[1] Zalın akustika sistemi dünyanın aparıcı şirkətlərinin məhsuludur.[1] Buranın işıqlandırılmasında müasir texnologiyadan istifadə edilmişdir.[1]

Beynəlxalq tədbirlər

[redaktə | mənbəni redaktə et]

Mərkəzin istifadəyə verilməsi Azərbaycan Respublikasının beynəlxalq tədbirləri daha da yüksək səviyyədə keçirməsi üçün geniş imkanlar yaratmışdır.[1]

Mərkəzdə ilk beynəlxalq tədbir 2015-ci ilin mayın 2-dən 5-dək Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı olmuşdur.[1][2]