Bakıda qadın qiyamı və ya "Babiy bunt" — 1916-cı ilin fevral ayında qıtlığa və qiymət artımına qarşı baş verən qadın qiyamı.[1]
Bakıda qadın qiyamı | |
---|---|
Yer | 14 fevral 1916 - 17 fevral 1916 |
Tarix | Bakı |
Səbəb | Qiymət artımı, aclıq |
Nəticə | Qiyam yatırılmışdır. |
Həlak olanlar | 64 azərbaycanlı |
1916-cı ildə Bakıda ən vacib ərzaq mallarının qiymətləri xeyli bahalaşmışdı. Altı nəfər möhtəkir ət ticarəti məqsədilə sindikat yaratmışdı. Bu sindikat Türkmənistandan qoyun gətirib, bazarlarda baha qiymətə satırdı. Qıtlıq başlamış, bazarda qiymətlər 4–5 dəfə artmışdı. 1916-cı ildə çörəyin qiyməti 1914-cü ilə nisbətən 266 faiz artmışdı. Un, düyü, çörək, ət, toyuq, yumurta, göyərti və başqa ərzaq mallarının qiymətləri yüksək idi. Südün qiyməti 305 faiz, ətin qiyməti 327 faiz, düyünün qiyməti 355 faiz, ərinmiş yağın qiyməti isə 520 faiz artmışdı. Şəhərdə əhalinin yoxsul təbəqələri içərisində acından ölmə halları da çoxalmışdı. Buğda olmadığından şəhərdə dəyirmanların çoxu işləmirdi. Nəticə də 1916-cı ilin fevral ayının 14-də Bakıda aclıqdan təngə gələn qadınların güclü çıxışı – məşhur "Babiyi bunt"- qiyamı baş verdi. Bu, Zaqafqaziyada qadınların ilk çıxışı idi. (İxtişaşlarda müsəlman qadınlar iştirak etməmişdi) Manaf Süleymanovun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" adlı əsərində qiyamın ümumi mənzərəsi barədə yazılır: :
Bir qadın Aleksandro- Nevski bazarında kartof alarkən qiymət üstündə dükançı ilə höcət edir, qəzəblənib dolu torbanı yerə çırpıb, günəbaxan tumu olan qutunu vurub dağıdır və başlayır tapdalamağa. Elə buna bənd imiş kimi Hüsü Hüseynov küçəsindəki yüzlərlə qadın başlayır qarışıqlıq salmağa, hücum edib meyvə, tərəvəz, baqqal, bəzzaz, çörəkçi, qəssab dükanlarını talan etməyə. Qarışıqlıq Quba meydanında və Balaxanı küçəsindəki dükanlara sirayət edir.
Hadisə yerinə altı polis və yanğın dəstələri göndərilsə də izdiham yatırıla bilmir. Qəzetlərdə qeyd olunur ki, şəhərdə hərbi qüvvələrin azlığına görə (270 nəfər piyada, 160 nəfər atlı soldat) əməliyyatlar uğursuzluqla nəticələnir.
Əməliyyata rəhbərlik edən Martınovun əmri ilə Kaspi (L.Şmidt) küçəsindəki böyük şərab anbarına hücum edən qadınlara 2 dəfə yayılım atəşi açılır. Atlı kazaklar Qaraşəhər körpüsünün yanında 1000 nəfərlik qadın izdihamını dağıdırlar. Bu zaman 4 nəfər həyatını itirir. Bakı şəhər rəisliyinin təhrif edilmiş məlumatına görə 64 nəfər adam iğtişaş vaxtı ölüb və yaralanmışdı; onlardan 40 nəfəri fevralın 14-də, 17 nəfəri fevralın 15-də, 17 nəfəri isə fevralın 16-da. Martınovun yazdığı raportda qadınlar qiyamı zamanı şəhərə 2 milyon 957 min manat ziyan dəydiyi göstərilirdi.
"Açıq söz" qəzeti özünün 1916-cı il 2 mart tarixli nömrəsində qiyam haqqında belə yazırdı[2]:
Yekşənbə günü (fevralın 28-də) Bakıda iğtişaşlar başladı. Ərzağın, xüsusilə kartofun bahalanması ilə əlaqədar olaraq iğtişaş göyərti dükanlarından başlamış, baqqal, bəzzaz dükanlarına da yayılmışdır. Düşənbə günü arvad və uşaqlar şəhərin mərkəzində olan mağazaları yarmağa başladılar. Çərşənbə günü un dəyirmanlarını (Skobelevin dəyirmanını), un anbarlarını (Tağıyevin) yarmağa başladılar. Polis və jandarma da uzaqda durub tamaşa edirdi. Onlar əksinə, camaatı qızışdırırdılar. Sonra qradonaçalnikin tədbiri ilə iğtişaşçı dəstələr dağıdıldı və hətta atəş açıldı. Ölən və yaralanan da oldu. Bu iğtişaş Moskvadakı iğtişaşların təkrarı idi.
Sonra polis məmurları evləri axtarıb, oğurlanmış malları geri qaytarmış və mal oğurlayanlar həbs edilmişlər». |
Elə həmin günlərdə jurnalist Lev Trotski "Tarixin ironik çırtması" adlı məqaləsini yazır və Bakı hadisələrini təhlil edir: "Həqiqətən də, inqilabi problem — yeni "namuslu" nazirlərin seçimində yox, hakimiyyətin yeni mahiyyətindədir. Bakıdakı hadisələr göstərir ki, köhnə hakimiyyət hansı azğınlıqla öz mövqelərinin müdafiəsinə qalxacaq. Bu Bakı qiyamı öz mənalılığında Dumadakı bütün müzakirələrdən daha parlaq və aydındır!"[3]
"Naşe Slovo" qəzeti 1916-cı ilin 13 martında yazırdı:
“Deputat Cəfərov xəbər verir ki, Bakıda bahalaşma əleyinə tətillər olub. Hər şey bazarlardan başlayıb. Qadınlar əvvəlcə xırda alverçilərlə hesablaşıblar, sonra iri alverçilərin dükanlarına hücum çəkiblər, bütün ərzaq məhsullarını küçələrə töküb və daşıyıb aparıblar. Hadisələrin 2-ci günü tarmar mərkəzi küçələrdəki mağazalara keçib. 3-cü gün isə qadınlar dəyirmanları, un və şəkər anbarlarını qarət ediblər. Polisin baş verənlərə münasibəti biganəlik şəklindədir, onlar hətta qadınları tacirlərin əlindən alıb xilas edirlər. Yalnız 4-cü gün qarışıqlıqlar yatırılıb. Deputat Cəfərov hesab edir ki, Bakıda bahalıq fonundakı qarışıqlıqlarda bəzi polis rəhbərlərinin də iştirakı var”. |