Balladalar (Şopen)

Polyak bəstəkar Frederik Şopenin 1831-1842-ci illər arasında yazdığı 4 ballada hal-hazırda piano repertuarının ən çətin əsərlərindən sayılmaqla yanaşı, bəstəkarın ərsəyə gətirdiyi ən gözəl əsərlər kimi də qiymətləndirilir.

Şopenin Delacroix tərəfindən çəkilmiş natamam portreti (1838)

Ballada termini instrumental musiqiyə ilk dəfə məhz Şopen tərəfindən gətirilmişdir. Şopenə qədər ballada yalnız şeir forması idi, musiqi olaraq isə yalnız vokal tərzdə ifa olunurdu. Şopenin yaratdığı, hər biri tək hissədən ibarət olan bu 4 əsər romantik musiqidə yenilik idi və romantik musiqinin sərhədlərini daha da genişləndirirdi. Romantik dövrün ən qüdrətli bəstəkarlarından olan List, Brams və s. bəstəkarlar da Şopenin yaratdığı bu tərzdən ilhamlanıb sonralar öz balladalarını yazmışlar.

Şopenin yaratdığı ballada tərzi özünə məxsus keyfiyyətləri ilə sonata tərzindən kəskin şəkildə fərqlənir. Məsələn, güzgü reprizası (rekapitulyasiya zamanı iki ekspozisiyonal melodiyanın əksinə verilməsi) kimi.

Əsərlərin 4-ü də ballada olmasına baxmayaraq, onlar bir-birilərindən ciddi surətdə fərqlənirlər, lakin müasir musiqi teoriyaçılarının fikrincə onların oxşar yanları da çoxdur. Məsələn, "ballada ölçüsü" adlanan musiqi ölçüsü, güzgü reprizası və struktural dominantlığın gecikdirilməsi kimi. Ümumiyyətlə, bu 4 ballada romantik dövrün ən qüvvətli əsərlərindəndir və romantik dövrün sərhədlərini aşaraq musiqiyə yeni bir rəng, zövq qatmış, onun inkişafında böyük rol oynamışdır. Bu əsərlər hələ də konsertlərdə sevilərək dinlənilir.

Həmin dövrdə Şopenin tənqidçisi hesab olunan və Şopenin əsərlərinin tənqidinə çox böyük əmək sərf edən Robert Şuman qeyd edir ki, Şopenin balladalarının ilham mənbəyi polyak şair Adam Mickiewiczin şeirləridir. Şumanın qeyd etdiyinə görə, bunu məhz Şopen onun özünə demişdir.

Ballade No. 1 in G Minor, Op. 23

Şopenin ilk balladası olan Ballada No.1 G (sol) minor, Op.23 1831-ci ildə Vyanada yazılmağa başlamış və 1835-ci ildə Parisdə tamamlanmışdır.O, bu əsərini Baron von Stokhausenə həsr etmişdir.Robert Şuman öz xatirələrində bu əsər haqqında yazır:

"Şopen mənə yeni bir ballada verdi.Bu, onun istedadının zirvəsinə yaxın (amma zirvəsi yox) bir əsər idi və özünə bildirdim ki, əsərləri içində ən çox bəyəndiyim əsəri budur.Uzun bir sükutdan sonra Şopen "bunu eşitdiyimə şadam, çünki mən də bu əsərimi çox sevir və əziz saxlayıram" deyə vurğuladı."

Vətənindən uzaq düşməsi, ailəsinin qayğısı, hələ uşaqlıqdan çox həssas olması, Şopenin bu əsəri ərsəyə gətirməsində çox böyük rol oynamışdır.Bu əsər Şopenin gələcəyi, istedadı barəsində çox gözəl xəbər verirdi.

Şopen 1836-1839-cu illər arasında hazırladığı ikinci balladasını (F (fa) major, Op.38) Robert Şumana həsr etmişdir.Şuman öz yaradıcılığının ən gözəl əsəri olan Kreisleriananı Şopenə həsr etdikdən sonra Şopen də bu balladanı Şumana həsr etdi.Şuman əsəri bəyənməsinə baxmayaraq, ilk balladanı daha üstün tutduğunu və ikinci balladanın birincidən daha zəif olduğunu dedi.Əsəri ilham mənbəyi haqqında bir çox rəvayətlər olsa da, heç birinin doğruluğu təsdiqlənməmişdir.

Balladanın (A♭ major, Op.47) tarixi 1841-ci il olaraq qeyd edilir və Pauline de Noaillesə həsr olunmuşdur.Əsərin quruluşu, Jorj Sand ilə Malyorkada keçirdiyi günlərin birində yağışlı havadan ilhamlanıb yazdığı "Yağış damcısı" prelüdyasının quruluşuna bənzəyir.Əsərin ilham mənbəyi haqqında bir çox fikirlər söyənsə də, Şopenin Adam Mickiewiczin Świtezianka şeirindən ilhamlanıb yazması həqiqətə daha çox uyğun gəlir.4 balladanın içərisində ən sıx quruluşa malik olan ballada, majorda yazılmış ikinci balladadır.

1842-1843-cü illər arasında yazılan dördüncü ballada (F (fa) minor, Op. 52), Şopeni Parisdəki evində piano çalmağa dəvət edən və onu aristokratiya ilə tanış edən Baronessa Rotşildə həsr edilmişdir.Şopenin əsəri Adam Mickiewiczin şeirlərinin birindən ilhamlanıb yazdığı deyilir.Quruluşca digər 3 balladadan daha zərif, melanxolik xarakterə malik olmasına baxmayaraq, bir çox hissəsi partlayışı xatırladır.Sonluğu isə musiqi tarixinin ən gözəl sonluqlarından biridir və əsər bu sonluqla kuliminasiya nöqtəsinə çatır.

4 ballada içərisində həm texniki, həm musiqinin dəqiq ifası nöqteyi nəzərindən pianistlər tərəfindən Şopenin ən çətin əsəri hesab olunur, lakin düzgün ifa edildikdə qulağa bağışladığı təsir pianistlər üçün əvəzolunmazdır.

İngilis pianoçusu Con Oqdon öz xatirələrində qeyd edir:

"4-cü ballada Şopenin əsərləri içərisində ən qüvvətlisi, ən kəskini və ən zərifidir.İnana bilmirəm ki, əsər sadəcə 12 dəqiqədir, halbuki bu əsərin içərisində bütün bir həyatın təcrübəsi vardır."