Balneologiya (lat. balneum –vanna, çimmə + … logiya) – müalicəvi mineral suları, onların mənşəyini, fiziki-kimyəvi xassələrini, müxtəlif xəstəliklər zamanı orqanizmə təsirini öyrənən, kurortlarda və kurortdankənar şəraitdə onların tətbiqinə dair göstərişləri işləyib hazırlayan kurortologiya bölməsi. Balneologiya palçıqla müalicə, balneotexnika məsələlərini də öyrənir. Xarici ölkələrdə balneologiyaya həmçinin su ilə müalicə, talasso terapiya (dəniz vannaları), kurortların təşkili məsələləri və s. aid edilir. Balneologiya hidrogeologiya, fiziki və bioloji kimya, biologiya, fiziologiya, gigiyena və kliniki fənlər əsasında inkişaf edir. Balneologiyada müalicə palçıqlarının və mineral suların fiziki-kimyəvi xassələrinə görə təsnifatı, onların müalicə-proflaktik istifadəsinin nəzəri əsasları və əsas müalicə metodikaları işlənib hazırlanmışdır. Respublikada balneologiya məsələləri, əsasən, Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda öyrənilir.
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 140. ISBN 978-9952-441-07-9.