Batırşa(1710–24 iyun 1762); əsl adı: Qabdulla Qaliyev[1], başq. Fабдулла Fәли улы, tatar. Габдулла Гали улы) — Başqırd üsyanının başçısı və ideoloqu.
Batırşa | |
---|---|
başq. Fабдулла Fәли улы | |
Doğum tarixi | |
Doğum yeri | Ufa quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri |
|
Vəfat səbəbi | Edam |
Təhsili |
|
Batırşanın həyatı ilə əlaqədar məlumatlar müxtəlif qaynaqlarda fərqli şəkildə verilmişdir. Tarixdə Batırşa və ya Batırşah adı ilə bilinsə də, tarixçilər bizlərə onu Gabdulla Aliyev, Batırşa Aliyev, Gabdulla Myazgaldin adı ilə tanıdırlar. Məşhur tarixçi Gaysa Hüseynovun fikrincə, Batırşanın gerçək adı Bahadirşah Miğlegali oğlu olub (Galiyev). Xalq arasında isə onun adını qısaldaraq Batırşa deyə adlandırıblar. Gobeydulla Mezgıtdin isə böyük bir ehtimalla onun ləqəbidir. Rizaetdin Fehretdinə görə isə, Batırşanın gerçək adı Gabdulla Tuktargali oğlu (Galiyev)dur.
Bəzi faktlara görə Mişər tayfasındandır.[2].
Bu günə kimi Batırşanın harda və neçənci ildə doğulması ilə əlaqədar qəti bir məlumat verilməmişdir. Bəzi tarixçilərin fikrincə, Batırşa 1715-ci ildə 35 xanalı Qarış (bəzi qaynaqlarda Karışbaş) kəndində Mişer Tatarı olan Tuktargali Dusaliyevin ailəsində dünyaya gəlmişdir. Qarış kəndini 1693-cü ildə Rusiyada məcburi hərbi xidmət edən tatarlar qurublar. 1702-ci ildə kəndə köç edən 23 ailə arasında Batırşanın atası molla Tuktargali Dusaliyevin ailəsi də olmuşdur. Tuktargali Mollanın haradan gəldiyi bilinməsə də kəndə gələnlərin əksəriyyətinin Nijgar tərəflərindən, Alatar, Qurmuş, Arzamas vilayətlərindən köç etdikləri məlumdur. A. P. Çuloşnikov, S. M. Vasilyevler, P. İ. Rıçkovun kitabındakı məlumatlara əsaslanaraq Batırşanın doğum ilini 1710–1715 kimi vermək mümkündür. M. İ. Ehmetcanov, Batırşanın doğum tarixinin 1711-ci il olduğunu yazmışdır. "Tatar ensklopediyası"nda 1710–1715-ci illər, "Başqırd Ensiklopediyası"nda 1709–1717-ci illər Batırşanın doğum tarixi kimi göstərilmişdir. Batırşanın doğum tarixi ilə əlaqədar bir məlumatın olmamasının səbəbi, arxivlərdə mövzuyla əlaqədar məlumat əskikliyindən qaynaqlanmaqdadır. Batırşa tutulduqdan sonra Moskvadakı istintaqında: "Yaşım 30-dan yuxarıdır, qəti olaraq neçə yaşında olduğumu bilmirəm" — demişdir. Batırşanın istintaqında qatılan P. Rıçkov onun tutulanda 46 yaşında olduğunu qeyd etmişdir. 1756-cı ildə 46 yaşında tutulan Batırşanın doğumu 1710-cu (1756–46=1710) illərə təsadüf edir. Təxminlərə əsaslanaraq deyə bilərik ki, Batırşa 1710-cu ildə Ufa vilayətinin Sibirya rayonunun Qarış kəndində dünyaya gözlərini açmışdır. Bu günlərdə bu kənd, Başkurdistanın Baltaç bölgəsində olub, Yuxarı Qarış olaraq adlandırılmaqdadır. Batırşa, ilk təhsilini atası Tuktargali Molladan alandan sonra, Taysugan kəndində (indi Elmet bölgəsi) Qabderrəhman Molla mədrəsəsində təhsilinə davam etmişdir. Qabderrəhman Molla, Batırşanın gələcək vəd edən bir şagird olduğunu fərq etmiş olmalı idi ki, ona Qazan vilayəti Alat Yolundakı Daşkıçı Mədrəsəsinə getməsini təklif etmişdir. Batırşa 1734–1744-cü illər arasında adı çəkilən mədrəsədə təhsil almışdır. O, bölgənin tanınmış mollası Qabdesselam Urazmöhemmeddən (bəzi qaynaqlarda adı yalnız Uray kimi də keçməkdədir) dini dərslərin xaricində dünyəvi dərslər də almışdır. Batırşanın milli müstəqillik mübarizəsi lideri kimi formalaşmasında Qabdesselam Mollanın təsiri böyükdür. Batrışanın mədrəsədə təhsil aldığı illər Çarlıq Rusiyasının müsəlmanlar üzərindəki təzyiqinin pik nöqtəyə çatdığı illərdir. O, zorla xristianlaşdırma siyasətini öz gözləriylə görmüş, rus təzyiq və zülmünü öz üzərində daim hiss etmişdir. Batırşanın 1744-cü ildə təhsilini yarıda qoymasının səbəbi 1742–1743-cü illərdə bölgədəki mədrəsələrin bağlanılmasıdır ki, Daşkıçı Məscidinin yıxılması o illərdə baş vermişdir. O zamanlar Daşkıçı 40 xanalı bir kənd olub, kənd sakinləri arasında Kreşenler (zorla Xristianlaşdırılmış Tatarlar) olmamışdır. Batırşa təhsilini bitirdikdən sonra əvvəl Ufanın Ağıla Yolundakı Geyne nahiyəsinə bağlı Küzemyar-Bayavıl kəndində (indilərdə Perm Bölgəsi Barda Eli kəndi) və 1746–1749-cu illəri arasında İset vilayəti Kuşanak bölgəsinin Möslim Eşirov kəndində (indilərdə Çilebe Bölgəsi Möslim kəndi) müəllimlik və axundluq etmişdir. Batırşa kənd idarəçisi (starşina) Müslim Eşirov ilə yaxın münasibətdə olmuşdur ki, 1747-ci ildə onun bacısı Zölbahar Xöseyenin qızı Zölhebire ilə evlənmişdir. Batırşa ilə Zölhebire cütlüyünün Tacettin adında bir oğlu və Züleyxa və Salehə adında iki qızı dünyaya gəlmişdir. 5 il aradan sonra kəndinə dönən Batırşa orada imam kimi fəaliyyət göstərmiş, mədrəsə açmış və şagirdlərə dərs vermişdir. Qısa bir müddətdən sonra Batırşanın açdığı mədrəsə bütün ətraf kəndlərdə şöhrət qazanmışdır. Kənd mədrəsəsinə yalnız kəndli və ətraf kəndin uşaqları yox, təhsil almaq üçün Kazan, Könger və İset vilayətlərindən də tatar-başşqırd tələbələri gəlmişdir. Gün keçdikcə Batırşanın şöhrəti daha da artmışdır ki, 1754-cü ildə ona Ufa vilayətinin Sibir Yolunun axundu (yüksək dərəcəli imam) olması təklif edilmiş, lakin bölgə idarəçisi (starşina-binbaşı) Yanma Abdullinin qarşı çıxması ilə bu vəzifəyə təyin edilə bilməmişdir. Müsəlmanlar yaşayan bir çox yerdə olan Batırşa rusların zorla xristianlaşdırma siyasətinin şəxsən şahidi olmuş, bu zülmü dayandırmağın yollarını araşdırmışdır. Xristianlaşdırma yolu ilə ruslaşdırmağı dayandırmaq üçün mübarizədən başqa çarə olmadığını anlayan Batırşa millətinin qədərini dəyişdirmək üçün ruslara qarşı üsyan açmağı qərara almışdır.[3][4].