Baxşeyiş Hətəmli

Baxşeyiş Hətəmli, Baxşeyiş Abbasoğlu (Hətəmli) — 1963-cü il fevral ayının 15-də Ağdam rayonunun Əliağalı kəndində doğulub. 1970–80-ci illərdə Ağdam rayonunun Əliağalı kənd orta məktəbində oxumuşdur. 1981–82-ci illərdə, 1984–1987-ci illərdə Ağdam rayonunun M. F. Axundov adına sovxozunda fəhlə işləmiş, 1982–1984-cü illərdə keçmiş sovet ordusu sıralarında xidmət etmişdir. 1981–90-cı illərdə istehsalatdan ayrılmadan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxumuş, jurnalist ixtisası almışdır. 1987-ci ilin sentyabr ayından isə "Ağdam" qəzetində müxbir kimi fəaliyyətə başlamışdır. O, 1991-ci ilin noyabr ayının 1-dən 1996-cı ilin yanvar ayının 23-dək Azərbaycan Milli Ordusunun 836 və 708 saylı hərbi hissələrinin tərkibində bölmə, taqım, bölük komandiri, qərargah rəisi, əlahiddə kəşfiyyat bölük komandiri və kəşfiyyat rəisi vəzifələrində xidmət etmişdir.

Baxşeyiş Hətəmli
Baxşeyiş Abbas oğlu Hətəmli
Doğum tarixi (61 yaş)
Doğum yeri Azərbaycan, Əliağalı
Atası Abbas Hətəmov
İxtisası jurnalist
Təhsili ali
Fəaliyyəti jurnalist
Fəaliyyət illəri 1987-1991, 1996-2024
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2010
"Azərbaycan Bayrağı" ordeni — 1995

O, Qarabağ müharibəsinin iştirakçısıdır. İkinci qrup Qarabağ müharibəsi əlilidir. Baş leytenantdır. Azərbaycan Respublikasının torpaqlarının erməni təcavüzündən müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərə, şəxsi igidlik və şücaətlərə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə, Azərbaycan Respublikası Müdafiə Naziri tərəfindən "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə, gənclərimizə mərdlik, vətənpərvərlik və qəhrəmanlıq duyğularının aşılanmasında göstərdiyi xidmətlərinə görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Ictimai Birliyi tərəfindən "Fədai", "Vətən naminə" və "Vətənpərvərlik işində xidmətlərinə görə" medalları ilə təltif olunmuş, iki dəfə 708 saylı hərbi hissənin döş nişanını almışdır.

Baxşeyiş Abbasoğlu 2001-ci ilin yanvar ayının 21-dən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Ictimai Birliyi Ağdam Rayon Filialının sədridir.

Baxşeyiş Abbasoğlu 1998-ci ilin noyabr ayından "Ağdam" və 2004-cü ilin yanvar ayından həm də "Qeyrət qalası" qəzetinin redaktorudur. "Kolanı-şəhidlər yurdu", "Seyidlidə bitən qeyrət", "Ömrün şöhrət tacı", "Qisas bu dünyadadı…", "Ağdam ağrıları", "Ölərkən dünyaya gələn oğullar", "Qəhrəmanlıq zirvəsinin fatehi", "Ölüm son deyil…və yaxud əbədiyyət nəğməsi", "Muğam" çeşməsi", "Əbədi həsrət", "Vətən haqqı-Ana haqqı" adlı kitabların, "Ağdam-80", "Ağdam-tariximizin sirdaşı, hünər qəhrəmanlıq yaddaşı…" adlı topluların müəllifidir.

"Qızıl qələm" və "Vətən" media mükafatları laureatıdır.

Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

Ailəlidir. 3 qız və 1 oğul atasıdır. 4 nəvəsi var.

  • "Kolanı-şəhidlər yurdu"
  • "Seyidlidə bitən qeyrət"
  • "Ömrün şöhrət tacı"
  • "Qisas bu dünyadadı…"
  • "Ağdam ağrıları"
  • "Ölərkən dünyaya gələn oğullar"
  • "Qəhrəmanlıq zirvəsinin fatehi",
  • "Ölüm son deyil…və yaxud əbədiyyət nəğməsi"
  • "Muğam" çeşməsi"
  • "Əbədi həsrət"
  • "Vətən haqqı-Ana haqqı"