Bayan qəbirləri — Azərbaycan Respublikası Daşkəsən rayonunun Bayan kəndi yaxınlığında e.ə. I minilliyin əvvəllərinə aid qəbirlər.[1]
Qəbirstanlıq yaşayış məntəqəsinin yuxarı hissəsindəki təpəlik üzərində salınmışdır. 1901-ci ildə aparılan arxeoloji qazıntılar zamanı E.A.Resler ərazidə 32 daş qutu qəbir aşkar etmişdir.[1]
Bu məzarlıqdakı iri sənduqə tipli qəbirlər, sal sinə daşları üzərində oyulmuş zəngin nəbati naxışlar, müxtəlif işarələr və xaç şəkilləri qəbirlərin İslamdan əvvəlki dövrə aid olduğunu göstərir.[2] Qəbirlərdə ölülər əsasən böyrü üstə bükülü, yaxud oturdulmuş vəziyyətdə dəfn edilmiş, iki qəbirdə isə yandırılmışdı. Kişi və qadın qəbirləri avadanlığına görə fərqlənir. Həndəsi naxışlar və heyvan rəsmləri ilə bəzədilmiş cilalı qara gil qablar, tunc xəncərlər, bıçaqlar, bizlər, iynələr, kəmərlər, bilərziklər, sırğalar, muncuqlar və s. (yalnız bir qəbirdən dəmir bıçaq) tapılmışdır. Bayan qəbirləri Xocalı-Gədəbəy mədəniyyətinin səciyyəvi abidəsidir.[2]