Bayan (erm. Բանանց)— Azərbaycan Respublikasının Daşkəsən rayonunun Bayan kənd inzibati ərazi dairəsində kənd.[2] 21 dekabr 2012-ci il tarixli "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"na görə Bayan kənd inzibati ərazi dairəsi tərkibindəki Bayan kəndinin ərazisindən 11,57 ha (bundan dövlət mülkiyyətində olan 0,8 ha, bələdiyyə mülkiyyətində olan 2,57 ha və xüsusi mülkiyyətdə olan 8,2 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmişdir.[3]
Bayan | |
---|---|
40°33′16″ şm. e. 46°09′22″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Toponimiyada bu söz çox vaxt türk dillərindəki bayan (qadın, xanım, varlı, dövlətli, zəngin) sözü ilə açıqlanılır. Lakin nəzərə almaq lazımdır ki, qədim abidələrin dilində baya (müasir Azərbaycan dilində "bayaq") sözü də işlənmişdir ki, bu da "əvvəlki, keçmiş, yaxın keçmiş" mənasını ifadə etmişdir. Bundan başqa, həmin sözün bayın variantı da işlənməkdədir. Qədim lüğətlərdə bayın "al qırmızı gül növü" kimi izah edilir. Tədqiqatçıların əksəriyyəti bu fikirdədir ki, bayan komponentli toponimlər qaraqalpaq, uyğur və qırğız xalqlarının tərkibindəki bayan adlanan türk qəbiləsinin adı ilə bağlıdır. Monqolustanda Bayan-Tümen, Bayan-Uleqey, Bayan-Xara, Bayan-Xonqor, Cənubi Azərbaycanda Bayan, Bayandaş, Buryat toponimiyasında Bayanqol və s. coğrafi adlar qeydə alınmışdır.[4]
XIX əsrdə Bayan kəndi dəmir məmulatının güclü istehsal mərkəzləri sırasında yer alırdı.[5]
Bayan kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
4181 | Məbəd[6] | XV əsr | Bayan kəndi | Memarlıq | Yerli |
4182 | Körpü[7] | XV əsr | Bayan kəndi, Quşqara çayının üzərində |
Memarlıq | Yerli |
4183 | Körpü[8] | XIX əsr | Bayan kəndi, Quşqara çayının üzərində |
Memarlıq | Yerli |
4184 | Kilsə[9] | 1863-cü il | Bayan kəndinin 3 kilometrliyində |
Memarlıq | Yerli |
4185 | Monastır[10] | 1823-cü il | Bayan kəndinin 3 kilometrliyində |
Memarlıq | Yerli |
Azərbaycandakı tarixi abidələrin müəyyən bir qismi xristianlıqla bağlıdır. Təxminən 3-4-cü əsrlərdə ölkə ərazisində bu qəbildən inşa edilən kilsə və monastırlar ərəb yürüşləri nəticəsində dağıdılıb. Dağlara çəkilən xristian əhali 7-8-ci əsrlərdə burada yenidən tikinti işləri aparıb. Tarixçilərin fikrincə, Daşkəsən rayonunun Bayan kəndi ərazisindəki 3 alban məbədi də (Bayan monastırı, Çiçərvəng məbədi, Bayan kilsəsi) məhz bu tarixdən günümüzə qədər gəlib çatan abidələrdir.
Alban məbədləri maraqlı tikinti və arxitektura quruluşuna görə diqqəti cəlb edir. Qalınlığı təxminən 1 metr olan divarlar əvvəlki görkəmində qalsa da, bəzi hissələrdə sonradan təmir işlərinin aparılmasını istisna etmək olmaz. Məbədin indiyədək uçub dağılmayan və toxunulmayan hissələrində xristianlıqla bağlı dini işarələr bu gün də qamaqdadır. Hər 3 məbəd kəndin yüksək ərazilərində inşa olunub. Məbədlərin damından ətrafı aydın görmək mümkündür. Burada olan ocaq yerləri isə onu deməyə əsas verir ki, bu məbədlər həm də istehkam xarakteri daşıyıb. Yadelli işğalçılara qarşı birgə mübarizəni təşkil etmək üçün həmin məbədlərin damında ocaqlar qalanıb. Bununla da əhali düşmənə qarşı səfərbər olub. Bu abidələr böyük tarixi əhəmiyyətə malikdr. Abidələrin üzərində alban memarlığına məxsus naxışlar mövcuddur. Abidələr indiyədək öz görkəmini saxlaya bilib. Hər üç məbəd rayonun tarixi abidələri siyahısında qeydiyyatdadır.
Çay Qoşqarçayın sol sahilində, dağ ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[11] | 1982 | 1007 | 975 |
2009[12] | ↗2086 | ↗1066 | ↗1020 |
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə Bayan kəndində süni mayalanma məntəqəsi fəaliyyət göstərir.[13]
Sovet hakimiyyəti illərində kənddə mərmər, müxtəlif filiz mədənləri fəaliyyət göstərirdi. Lakin hazırda bu mədənlərin bir çoxu istifadə olunmur.
Kənddə Almabağı və Bayan kənd kitabxana filialları, Bayan kənd Mədəniyyət Evi, Bayan kənd klubu fəaliyyət göstərir.[14]
Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının istehsalı olan və "Mən ki, gözəl deyildim" povesti əsasında ekranlaşdırılan eyniadlı filmin əksər kadrları 1968-ci ildə məhz bu kənddə çəkilib.[15]Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının istehsalı olan "Qocalar, qocalar..." filminin əksər kadrları da bu kənddə çəkilmişdir.
Kənddə Daşkəsən rayon Bayan kənd M.Mustafayev adına tam orta məktəb və Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[16]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Bayan kənd həkim məntəqəsi yerləşir.[17]