Bellinilər

Bellinilər –italyan rəssamları ailəsi, Venesiyada İntibah incəsənətinin baniləri.

Ailənin başçısı Yakopo Bellini (təqr.1400,Venesiya-1470/71,Venesiya)-Centile da Fabrianodan dərs almışdır. (1408 və 1413-cü illər arasında). Yaradıcılığına qohumu A.Mantenya təsir göstərmişdir. Yakopo Bellininin mehrab obrazlarında Bizans-qotika cizgiləri illuziyalı məkan priyomları ilə birləşmişdir. (“Madonna Körpəsi ilə”, 1448, Brera qalereyası, Milan və b.) Rəssamın qrafika əsərləri daha çox əhəmiyyət kəsb etmişdir. (Parisdəki Luvr və Londondakı Britaniya muzeylərində saxlanılan rəsm albomları; 1440-50-ci illər.)

Bellini Yakopo "Madonna Körpəsi ilə" 1465, Los-Anceles şəhər muzeyi

Centile Bellini

[redaktə | mənbəni redaktə et]

Centile (təqr.1430, Venesiya, 1507,Venesiya)- Yakopo Bellininin oğlu. Atasından dərs almışdır; çox vaxt bir yerdə işləmişdilər. 1474-83-cü illərdə Venesiya respublikasının rəsmi rəssamı vəzifəsini tutmuşdur. 1479-80-ci illərdə Sultan II Mehmetin dəvəti ilə İstanbulda olmuşdur. II Mehmetin (Milli qalereya, London), patriarx L.Custinianinin (1465, Akademiya qalereyası, Venesiya) və başqalarının portretlərini çəkmişdir. Dini-tarixi hadisələri təsvir edən çox fiqurlu kompozisiyaları daha çox şöhrət qazanmışdır. (“San-Marko meydanında mərasim”, “San Lorenso körpüsündə möcüzə”, “Müqəddəs xaçla şəfalanma”, 1496-1501, Akademiya qalereyası, Venesiya). “Müqəddəs Markın İsgəndəriyyədəki moizəsi” (1504-1507) son işlərindəndir.

Bellini Centile."Sultan II Mehmet"1480. Milli qalereya, London
Bellini Covanni "Tacəlla"-1455, Korrer muzeyi. Venesiya

Covanni Bellini

[redaktə | mənbəni redaktə et]

Covanni (Cambellino) (1430-35-ci illər arası, Venesiya-29.11.1516, Venesiya)-Yakopo Bellininin digər oğlu. XV əsrin sonu XVI əsrin əvvəllərində Venesiya məktəbinin ən görkəmli sənətkarı olmuşdur. O da atasında dərs almışdır. Yaradıcılığına A.Mantenya güclü təsir göstərmişdir. 1483-cü ildən Venesiya respublikasının rəsmi rəssamı idi. Venesiyadakı Dojlar sarayı üçün tarixi-əfsanəvi monumental pannolar seriyasını işləmiş (Bellini Centile ilə birgə; 1577-ci ildə yanğın zamanı əsər məhv olmuşdur.), həmçinin Mantuya və Ferrara saraylarının sifarişlərini yerinə yetirmişdir. Covanni Bellininin ilk əsərləri rakurs və rəng quruluşu etibarilə bir qədər sərtdir. (“Çarmıxa çəkmə”), lakin artıq bu dövrdə onun diqqəti bəzən peyzaj poetikasına yönəlirdi. 1470-ci illərdə Pyero della Françeska və Antonella da Messinanın rəsmlərinin təsirilə rəssamın manerası, onun kolorist istedadı kamillik zirvəsinə çatmışdır. O, yağlı boya ilə çəkməyə başlamış, həmçinin ənənəvi tempera ilə işləmiş, yaxud da onu yağlı boya ilə birləşdirmişdir. (“Mariyanın tacqoyma mərasimi” Şəhər muzeyi, Pezaro, “Müqəddəs söhbət”, San Cobbe kilsəs üçün, 1478-85, Akademiya qalereyasi, Venesiya). 1470-ci illərindən Covanni Bellini Madonnanın həcmcə böyük olmayan, beldən yuxarı təsvirləri olan sifarişləri yerinə yetirmişdir. (“Madonna ağaclar arasında” 1487, “Madonna çəmənlikdə” 1505). O, portret janrına da müraciət etmişdir. L.Loredanın portreti (təqr. 1502, Milli qalereya, London), Şah İsmayıl Xətainin profildən çəkilmiş məşhur portreti, “Müqəddəs alleqoriya” rəssamın yaradıcılığında xüsusi yer tutur. “Allahların kef məclisi” mifoloji kompozisiyası yaşlı rəssamın son əsəri olmuşdur. (Tisian tərəfindən tamamlanmışdır, 1514, Milli qalereya, Vaşinqton). Covanni Bellininin yaradıcılığı Venesiyada Yüksək İntibah incəsənətinin əsasını qoymuşdur; Corcone və Tisian onun tələbələri olmuşlar.