Berutuk rəqsi - İndoneziyada subay kişilər tərəfindən məbəddə icra olunan sakral ayin xarakteri daşıyan rəqs növü.
Berutuk rəqsini ifa edən nəfərlər tamaşaya qədər bir növ qüsl prosesindən keçirlər: onlar məbəddə gecələyir, rahibin köməyi ilə tamaşa üçün müəyyən dualar öyrənirlər. Tamaşa zamanı bu dualar Bethara Berutukun çağrılmasını təmin etməlidir. Burada hələ aşkar hind təsiri görünmür: rəqs mahiyyətcə daha çox əcdadlara sitayişə yönəlikdir. Belə ki, Berutuk rəqsi Bali Aqanın, yəni “dağ əhli” adlandırılan yerli sakinlərin (adaya böyük axınla sonradan gəlmiş hindliləri (Bali Hindu) yerlilərdən fərqləndirmək məqsədi güdür) Balinin digər bölgələrindən Şərqi Baliyə köç edərək burada məskunlaşması haqqında əfsanəni canlandırır. Bu rəqs musiqisiz rəqsdir. İştirakçılar üzlərinə maska taxırlar, boyun və bel ətrafına isə quru banan yarpaqlarının liflərini elə sancırlar ki, ağac-kol formasında gombul bədheybətə oxşayırlar. Maskalardan biri Noh teatrının ağ qadın maskasını xatırladır: amma qalın qaşlıdır, kifir ağızlıdır, eybəcərdir. Digər maskalar isə bir növ Afrika maskalarına bənzəyir: qara-qəhvəyi rəngdədirlər, gözləri pırtlaşıqdır. Tamaşa gedə-gedə seyrçilər banan liflərindən qoparmağa cəhd göstərirlər: çünki sonra onlardan qoruyucu həmayil kimi də yararlanmaq mümkündür. Tamaşa Berutuk kral və kraliçasının Trunyan quşlarının “rəqsindən” ilhamlanaraq ifa etdikləri nikah rəqsinin nümayişindən ibarətdir: kral kraliçanı ələ keçirənədək rəqs davam edir, kraliçanın təslim olması isə həm ayrılıqda kralın nəsil artımını, həm də bütövlükdə Trunyanın məhsuldarlığını təmin edəcək məqam kimi dəyərləndirilir. Yalnız bundan sonra həmin gənc iştirsakçılar evlənə bilərdilər. Tamaşa rəqqasların müqəddəs Batur gölündə çimməsi ilə sona yetir. Tamaşanın davametmə müddəti hər dəfə müxtəlifdir. Bundan əlavə, tamaşa iştirakçıları məxsusi şəkildə rəqslə məşğul olmurlar. Burada əsas dualardır; məşq prosesi də elə duaların mənimsənilməsi prosesidir. Belə ki, iştirakçıların bədəni Bethara Berutuk üçün müvəqqəti “sığınacaq” rolunu oynamalıdır: Ratu Panserinq Caqat. Yəni tamaşa əsas diqqəti rəqqasların texniki hazırlığına deyil, ayini icra edə bilmək bacarığına, ayinin cazibəsinə yönəldir. Berutuk rəqsinin icrasında məqsəd həqiqi və real olmayan dünyalar arasında balansın, harmoniyanın yaradılmasıdır; əfsanəvi keçmişin tarixiləşdirilməsidir; məhsuldarlıq ayininin icrasıdır; ruhla insan arasındakı təmasın tənzimlənməsidir.[1]