Berlin metropoliteni

Berlin metrosunun simvolu.

Berlin metropoliteni (alm. U-Bahn Berlin‎) — Almaniyanın paytaxtı Berlinin ictimai nəqliyyat sisteminin əsas hissələrindən biridir.

Metropoliten 1902-ci ildə istifadəyə verilib və hazırda 173 stansiyadan ibarətdir. Ümumi uzunluğu 146 km olan Berlin metropoliteni on xətdən ibarətdir və Berlin Nəqliyyat Şirkəti (Berliner Verkehrsbetriebe) tərəfindən istismar olunur.

Metronun istismarı üçün 750 volt gərginlikli sabit cərəyan istifadə olunur.

2016-cı ilin məlumatına əsasən 500 milyondan çox insan metrodan istifadə edib. Həmin ildə metro qatarları 21,6 milyon km məsafə qət ediblər. Berlin metrosu almandilli ölkələr içərisində ən böyük metropoliten hesab olunur.

Berlində ilk yeraltı dəmiryolu xətti 1895-ci ildə AEG şirkətinin iki fabriki arasında çəkilib[1]. 1902-ci ildə isə Berlində ilk yeraltı dəmiryolu xətti sərnişinlərin istifadəsinə verildi. Əsasən yerüstü dəmir yolu xətti kimi çəkilmiş metro xətti o vaxtlar ayrıca şəhər, indi isə Berlinin bir rayonu olan Şarlottenburqa kimi çatır. Bundan əlavə, xəttin az bir hissəsi əvvəllər ayrıca şəhər, indi isə Berlinin bir rayonu olan Şöneberqdən də keçirdi. Yalnız dörd stansiya - Potsdamer Platz, Wittenbergplatz, Zoologischer Garten və Knie stansiyaları yeraltı xətt kimi çəkilmişdi.

Almaniyada ilk kommunal metro 1910-cu ildə Şöneberq şəhərində açılıb. Bundan sonra Hamburq (1912), Münhen (1971) və Nürnberq (1972) şəhərlərində metro istifadəyə verildi.

Metro xətlərinin genişləndirilməsi üç inkişaf mərhələsinə bölünür:

  1. 1913-cü ilə kimi olan mərhələ. Bu mərhələ Almaniya İmperiyası dövrünü əhatə edir və Berlin, Şöneberq, Şarlottenburq, Vilmersdorf və Dalendə kiçik profilli şəbəkə qurulur. Qatarların eni tramvay xəttinə uyğunlaşdırılır və 2,3 metr təşkil edir.
  2. 1930-cu ilə kimi olan mərhələ Veymar Respublikası dövrünü əhatə edir. Bu dövrdə böyük profilli şəbəkə tikilir və qatarların eni 2,65 metr təşkil edir.
  3. 1953-cü ildən sonrakı dövr. İkinci dünya müharibəsindən sonrakı dövr.

19-cu əsrin sonlarında Berlin və onun ətraf hissələrinin nəqliyyat problemlərinin həllinə başlanıldı. Çoxlu təkliflərdən sonra 15 fevral 1902-ci ildə Stralauer Thor və Zoologischer Garten stansiyaları arasında ilk xətt istifadəyə verildi, Potsdamer Platz stansiyasına da bu xətdəm ayrıca bir xətt çəkildi (Stralauer Thor stansiyası İkinci dünya müharibəsi dövründə Antihitler koalisiyasının aviazərbələri nəticəsində tamamilə dağıdılıb və yenidən bərpa olunmayıb). Xətt əsasən yerüstü çəkilmişdi.

Birinci dünya müharibəsi və ətraf ərazilərin Böyük Berlinə birləşdirilməsindən sonra Veddinq və Tempelhof rayonları arasında metro xəttinin layihəsi hazırlandı. Həmçinin AEG şirkəti Gezundbrunnen stansiyasından Akeksandrplarz stansiyasından keçməklə Layneştrasse stansiyasınadək uzanan və Berlinin Noykölln rayonunda yerləşən özünün metro xəttinin tikintisinə başladı. Bu yeni xətlərin tikintisi dünya iqtisadi böhranı və Almaniyadakı hiperinflyasiya səbəbilə olduqca ləng gedirdi. 1930-cu illərdə Aleksandrplatz və Fridrixsfelde arasındakı metro xətti də bunlara əlavə olundu.

İkinci dünya müharibəsi zamanı metro xəttinin böyük hissəsi zərər gördü və ya dağıdıldı. 1945-ci ilin mayın ikisində Berlin döyüşü zamanı Berlin dəmir yolunun Landver kanalı altında yerləşən Şimal-Cənub-Tuneli SS qüvvələri tərəfindən partladıldı. Bunun nəticəsində metro tunelinin böyük bir hissəsini su basdı. Buna baxmayaraq, müharibənin metroya vurduğu ziyan tezliklə aradan qaldırıldı və metro yenidən sərnişinlərin istifadəsinə verildi.

Berlin metrosu tarixində növbəti böhran 1961-ci ildə şəhəri iki hissəyə bölən Berlin divarlarının tikilməsi ilə başladı. Metronun U2 xətti buna müvafiq olaraq qərb və şərq hissələrinə bölündü. Şimal-Cənub xətlərində hərəkət edən qatarlar şərq hissədəki "kabus stansiyaları" adlanan istifadəyə verilməmiş stansiyalarda dayanmadan hərəkət edirdi. Fridrixştrasse stansiyası isə istisna idi. Bu stansiya Qərbi Berlinlə Şərqi Berlin arasında sərhəd-keçid məntəqəsi, eləcə də dəmir yolu və tramvay xəttinə keçid stansiyası idi.

Xüsusilə Berlin divarlarının inşasından sonra Almaniya Demokratik Respublikasının Alman Dəmir Yolları (Deutsche Reichsbahn) şirkətinə məxsus elektrik qatarları qərbi berlinlilər tərəfindən boykot edildi və metronun sərnişindaşımadakı əhəmiyyəti bir qədər də artdı.

Soyuq müharibə dövründə Qərbi Berlinin metro şəbəkəsi daha da genişləndi. Metronun U9 xətti ilə şəhərin şərq hissəsinə daxil olmayan Şimal-Cənub xətti yaradıldı; U7 xəttində şəhərin cənub-şərq hissəsində yerləşən Rudov və qərbdə yerləşən Şpandau arasında xətt çəkildi. U6 və U8 xətləri də genişləndirildi. Şərqi Berlində isə yalnız E xətti (indiki U5) şəhər kənarına doğru uzadıldı və 1973-cü ildə Tierpark stansiyası istifadəyə verildi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]