Musayev Binəli İsa oğlu (15 avqust 1944 – 20 aprel 2008) — fizika-riyaziyyat elmləri doktoru, professor.[1]
Binəli Musayev | |
---|---|
Binəli İsa oğlu Musayev | |
Doğum tarixi | |
Doğum yeri | Saraçlı, Bolnisi, Gürcüstan |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
Binəli Musayev 1944-cü il avqust ayının 15-də Gürcüstan Respublikası Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1961-ci ildə Saraçlı kənd orta məktəbini, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə də elə həmin ildə Azərbaycan SSR Elmlər Akademiyası Kibernetika İnstitutunda başlamışdır.[1]
1967-ci ildə institutun aspiranturasına qəbul olunmuş, 1971-ci ildə "Hilbert nüvəli qeyri-xətti sinqulyar inteqral tənliklər sistemi üçün kvadratur və iterasiya–interpolyasiya metodlarının əsaslandırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.[1]
1972-1995-ci illərdə Bakı Dövlət Universitetinin "Riyazi analiz" kafedrasında asissent, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır. 1989-cu ildə A.M. Razmadze adına Tbilisi Riyaziyyat İnstitutunda "Sinqulyar inteqral tənliklər nəzəriyyəsində konstruktiv metodlar" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.[1][2] 1995-1997-ci illərdə M. Əzizbəyov adına Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri vəzifəsində çalışmışdır.
Binəli müəllimin gənc riyaziyyatçıların yetişməsində böyük əməyi olmuşdur. Onun rəhbərliyi altında 15-dən artıq namizədlik dissertasiyası müdafiə edilmişdir. Binəli müəllim 100-dən artıq elmi əsərin müəllifidir.[3][4][5]
Görkəmli alim bir sıra Beynəlxalq, Ümumittifaq və Respublika miqyaslı elmi konfransların iştirakçısı olmuş və məruzələrlə çıxış etmişdir. O, elmi dərəcələr verən bir neçə ixtisaslaşdırılmış elmi şuranın və Azərbaycan Riyaziyyatçılar Cəmiyyətinin idarə heyətinin üzvü idi.
1995-ci ildə Kanada keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edən Azərbaycan komandası heyətinin rəhbəri olmuşdur.
1997–2005-ci illərdə Türkiyə Cümhuriyyətinin Kütahya şəhərindəki Dumlupınar Universitetində professor vəzifəsində çalışmışdır. 2005-ci ildən ömrünün sonunadək isə elmi və pedaqoji fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirmişdir.
2008-ci il aprel ayının 20-də Bakı şəhərində vəfat etmişdir.