"Bir gəncin manifesti" — Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin romanı. 1938-ci ildə yazılıb.
Bir gəncin manifesti | |
---|---|
Müəllif | Mir Cəlal Paşayev |
Orijinal dili | Azərbaycan dili |
Yazılma ili | 1937 |
Nəşr ili | 1940 |
İlk dəfə 1937–1939-cu illərdə hissə-hissə "Revolyusiya və kultura" jurnalında nəşr olunan "Bir gəncin manifesti" əsəri yazıçının həyatında böyük bir dönüş yaratmış, ədəbi zirvəyə aparan yoluna cığır açmış və müəllifə böyük oxucu auditoriyası qazandırmışdı. Mir Cəlal Paşayevin 1939-cu ildə yazdığı "Bir gəncin manifesti" əsəri onun yaradıcılığının kulminasiyası, zirvəsidir! 1940-cı ildə "Uşaqgəncnəşr"də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də dəfələrlə çap edilmişdir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunmuş "Bir gəncin manifesti" Azərbaycanın hüdudlarından kənarda da müxtəlif dillərdə çap olunmuşdur.
"Bir gəncin manifesti"ndə Mir Cəlal Paşayev geniş xalq kütlələrinin mübarizə ruhunu düzgün təsvir etmiş, həyatı olduğu kimi göstərmişdir. "Bir gəncin manifesti" romanı həm məzmunu, ideyası, həm də bədii mükəmməlliyinə görə, yazıçının başqa əsərlərindən xeyli yüksəkdə dayanır. XX əsr Azərbaycanədəbiyyatının şedevrləri sırasında qərar tutan bu roman Mir Cəlalın yaradıcılığında uzun illərdən bəri davam edən mütərəqqi ənənələrin xoş nəticəsidir. "Bir gəncin manifesti" romanına Azərbaycanda və yaxın-uzaq xaricdə yüksək şöhrət qazandıran amillərdən biri də Mir Cəlal Paşayevin müəllif kimi son dərəcə səmimiliyi, insanlıq adına ləkə gətirən tüfeyli ünsürlərə güclü nifrəti, sadə, sıravi zəhmət adamlarına sonsuz sevgisidir. Sıravi insana bu məhəbbət ədibin xüsusilə Sona və balaca Bahar surətlərinə münasibətində özünün canlı ifadəsini tapmışdır. Əsərin qəhrəmanı qüvvətli, iradəli olduğu qədər də mübarizliyi ilə seçilən gənc Mərdandır. Ədib baş qəhrəmanını Mərdanın sarsılmaz anası Sona, ağıllı Bahar, igid Yaqub, dünyagörmüş Mövlam kişi, xeyirxah usta Rəhim və başqa bu kimi parlaq surətlərlə əhatə etmişdir. Burada xarakterlərin son dərəcə aydınlığı "Bir gəncin manifesti" romanının bədii dəyərini artıran ən əsas amillərdən biri kimi xüsusi qeyd edilməlidir. Romandakı xarakterlərin demək olar ki, hər biri fərdi xüsusiyyətlərə malikdir. İstər zəhmətkeş xalqı, istərsə də hakim təbəqəni təmsil edən adamların sinfi təbiəti əsərdə çox aydın və təsirli şəkildə, fərdi xüsusiyyətlərlə canlandırılmışdır. Bununla belə, "Bir gəncin manifesti" romanına birdən-birə ortaya çıxmış ədəbi hadisə kimi yanaşmaq o qədər də düzgün olmazdı. "Bir gəncin manifesti" əsərində yazıçının toxunduğu məsələlərin müəyyən təzahürləri ilə onun ilk hekayə və oçerklərində də qarşılaşırıq. Romandakı əsas tarixi-ictimai konflikt qismən "Dirilən adam"dakı tarixi-ictimai qarşıdurmanın davamıdır. Bu romanda da Azərbaycana qarşı xarici müdaxilə, vətəndaş müharibəsi, yadların ağalığı illərindən bəhs olunur. Bununla belə, "Dirilən adam" romanında boş qalan müəyyən məqamlar "Bir gəncin manifesti"ndə real həyat səhnələri ilə tamamlanaraq, canlı xarakterlərlə zənginləşdirilib.
"Bir gəncin manifesti" romanına Azərbaycanda və yaxın-uzaq xaricdə yüksək şöhrət qazandıran amillərdən biri də yazıçının müəllif kimi son dərəcə səmimiliyi, insanlıq adına ləkə gətirən tüfeyli ünsürlərə güclü nifrəti, sadə, sıravi zəhmət adamlarına sonsuz sevgisidir.