Kitab — informasiya daşıyıcılarından ibarət vərəqə toplusu. Bu vərəqələr bir tərəfdən tikilir və üzlüklə örtülür. Kitab kağızının hər vərəqinin üzləri səhifə adlanır. Bəzən böyük sənədin və ədəbi əsərin bir hissəsinə də kitab deyilir.
2013-cü ildə elektron kitablar kəmiyyət baxımından kitab bazarının 30%, qiymət baxımından 14% təşkil edib.[1]
İnsan təfəkkürünün məhsulu olan kitabın yaranmasında bir sıra amillər mühüm rol oynamışdır. Əlifbanın və yazının meydana gəlməsi ilk amillərdəndir. Kitabın yaranmasında əsas amil yazı materiallarıdır. İlk əlifbadan və yazıdan istifadə etməyə başlayan insanların ilk kitabları daş, gil lövhələr, metal, ağac və s. olub. Eramızdan əvvəl IV–III minilliklərdə qədim misirlilər papirus adlı yazı materiallarından isifadə etmiş, sonra Kiçik Asiyanın Perqama şəhərində gələn perqament onu əvəz etmişdir.
Eramızdan əvvəl I–II əsrlərdə Çində kağızın meydana gəlməsi uzun müddət gizli saxlanılmış, yalnız 751-ci ildə Bağdad xəlifəsinin Səmərqənd nümayəndəsi Çin sərhəddindən əsir tutduğu iki kağız mütəxəssisinin köməyindən sonra Səmərqənddə kağız istehsalına başlanılır. Məhz bu fakta görə kağızın vətəni Şərq sayılır. Kağızın meydana gəlməsi əlyazma kitabların yaranmasına və geniş yayılmasına böyük təsir göstərdi.
Mütaliyəyə marağın artması əlyazma kitabların tədricən sıradan çıxmasına və kitab çapının meydana gəlməsinə şərait yaratdı. VIII əsrin ilk amillərində Koreyada, Çində, Yaponiyada kitab çapı ilə bağlı ilk axtarışlar başlasa da, yalnız 1440-cı ildə alman ixtiraçısı İohann Qutenberqin ixtirası kitab tarixində yeni dövr açmışdır. Ksiloqrafiya üsulu ilə ilk çap kitabları XV əsrin ikinci yarısında Qərbi Avropada meydana gəldi. Kitabın çap texnologiyası zaman keçdikcə təkmilləşərək yeni kəşflər nəticəsində inkişaf etdi.