Bir kərə yüksələn bayraq, bir daha enməz

Bakı şəhərinin mərkəzi küçələrindən birində əks olunmuş şüar. Hal-hazırda sökülüb.

"Bir kərə yüksələn bayraq bir daha enməz" — XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının əsas şüarı.[1] Şüar Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri (may-dekabr 1918) Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur.[2][3]

Birinci Dünya müharibəsinin sonuna yaxın Rusiya imperiyası parçalandı. İmperiyanın tərkibində olan Cənubi Qafqaz bölgəsi də müstəqil dövrünə qədəm qoydu. Cənubi Qafqazda yaşayan üç əsas millət birləşərək ümumi Zaqafqaziya Federasiyasını yaratdılar, lakin onun ömrü uzun sürmədi. Belə ki, Müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması nəticəsində baş verdi. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Müvəqqəti Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyasının MK sədri), İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçildi.[4]

1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Beləliklə, 100 ildən artıq fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu. Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən aşkar edən "Azərbaycanın istiqlaliyyəti haqqında Akt" qəbul edildi.[5][6]

Dövlət bayrağı

[redaktə | mənbəni redaktə et]
Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə parlamentin açılışında

Yeni yaranmış dövlət özünün əsas rəmzlərini də qəbul etməyə başladı. Hökumətin 24 iyun 1918-ci il tarixli qərarına əsasən, Azərbaycanın dövlət bayrağı kimi qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parçadan hazırlanmış bayraq qəbul olundu.[7] Noyabrın 9-da bu bayraq, ağ aypara və səkkizguşəli ulduzun təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraqla əvəz edildi. Azərbaycan Cümhuriyyətinin dövlət bayrağının üç rəngi "türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və islam sivilizasiyasını təmsil edirdi".[8]

Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verildi. Həmin qərarda Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edilirdi. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr — şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. İlk dövlət bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət bayrağı formasında olub. Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı 9 noyabr 1918-ci ilə qədər mövcud olub.

Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verdi. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin". Milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (İndiki Azərbaycan Dövlət Neft şirkətinin yerləşdiyi, o zamankı neft milyonçusu, məşhur müğənni Seyid Mirbabayevin mülkündə) qəbul edilmiş və qaldırılmışdır. Azərbaycan bayrağının tarixində ən şərəfli, yaddaqalan günlərdən biri 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, milli bayrağımız Parlament binası (böyük mesenat və milyonçu Hacı Zeynalabdin Tağıyevin Qız məktəbinin, indiki Əlyazmalar İnstitutunun binasında) üzərində qaldırıldı. Sovet Rusiyasının XI Qızıl ordusunun Azərbaycanı işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti devrildi, süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin binası üzərindən endirildi.

Şüarın meydana gəlməsi

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Demokratik Respublikası süquta uğradıqdan sonra M. Ə. Rəsulzadə bir müddət Moskvada çalışsa da sonradan mühacirətə getməli olur. Mühacirətdə o, siyasi fəaliyyətlə yanaşı, ədəbi işlərlə də məşğul olur. 1923-cü ildə İstanbulda Rəsulzadənin "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti" kitabı çap edilir. "Əsrimizin Səyavuşu", "İstiqlal məfkurəsi və gənclik" kitabları çap edilir. 1923-cü ildə İstanbulda çap edilən "Əsrimizin Səyavuşu" əsəri Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan gənclərinə xitabəti ilə sona çatır. Bu xitabətdə şüar belə səslənir:[9]

" Əvət, ey vətəndaşlar! Və dolayısıyla sizlər, ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!

Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yosdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: - Bir kərə yüksələn bayraq bir daha enməz!

"

Azərbaycan elm xadimi və tədqiqaçtısı Şirməmməd Hüseynov "Bakı və azərbaycan tarixinə dair əsərlər" kitabında:5 Mustafa Kamal Atatürkün bu ifadə ilə bağlı "Mən dünyaya səndən üç sənə ərkən göz açmışam. Ancaq bütün türk aləmində türkün cümhuriyyət bayrağını ilk dəfə sən qaldırmısan və bayraq enməsin deyə mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən bu bayraq, enməyəcəkdir." dediyini qeyd etmişdir.

  1. "Məhəmməd Əmin Rəsulzadə kimdir?". 12 December 2015. 26 February 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 December 2015.
  2. "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibətilə hazırlanmış metodik vəsait" (PDF). 12 December 2015. 11 December 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 12 December 2015.
  3. "MƏHƏMMƏD ƏMIN RƏSULZADƏ". 12 December 2015. 20 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 December 2015.
  4. Yaqublu N. Azərbaycan milli mücadiləsi və Məhəmməd Əmin Rəsulzadə. B., 2001, 154 s.
  5. "Qrandükün sarayı". jurnal.meclis.gov.az. meclis.gov.az. 1 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 January 2016.
  6. "Cümhuriyyət: Tiflisdən Bakıya gedən yol". metbuat.az. metbuat.az. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2016.
  7. "Azərbaycan Xalq Cümhuriyyəti - Bayraq". Preslib (az.). 2017-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2016. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.
  8. "ÜÇRƏNGLİ BAYRAĞIMIZIN MƏNASI". musavat.com. 5 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 November 2015.
  9. "ƏSRİMİZİN SİYAVUŞU" (PDF). 2018-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-10-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]