Zaqafqaziya Seymi

Zaqafqaziya Seymi və ya Cənubi Qafqaz seymiZaqafqaziya Demokratik Federativ Respublikasında (23 fevral-26 may 1918-ci il) mövcud olmuş ali qanunverici orqan.[1]

Zaqafqaziya Seymi
Ümumi məlumatlar
Ləğv olunma tarixi 26 may 1918

Tarixi[redaktə | mənbəni redaktə et]

Məhəmməd Əmin Rəsulzadə

1918-ci ilin əvvəllərində Cənubi Qafqazda vəziyyət son dərəcə mürəkkəb idi. Rusiyanın Almaniya ilə Brest-Litovsk sülh danışıqları boşa çıxdıqdan sonra alman-türk qoşunları hücuma keçdilər. Türk qoşunlarının irəlilədiyini görən Zaqafqaziya Komissarlığı 1918-ci il fevralın 6-da Qafqaz cəbhəsinin komandanı Vəhib paşaya teleqram göndərərək, Türkiyə ilə sülh danışıqları aparmaq istədiyini bildirdi.

9 mart 1917 – Rusiya imperiyasının Müvəqqəti Hökuməti Qafqazda çar idarəçilik sisteminin – canişinliyin ləğv edilməsi barədə qərar verib. Bunun əvəzində Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət yeni qurum – Zaqafqaziya Xüsusi Komitəsi yaradılıb.[1]

14 fevral 1918 – Cənubi Qafqazdan Ümumrusiya parlamentinə Müəssislər Məclisinə seçilmiş azərbaycanlı (müsəlman), gürcü və erməni deputatlar Tiflisdə toplaşaraq Cənubi Qafqaz (Zaqafqaziya) Seymini yaradıblar. Ümumrusiya Müəssislər Məclisinə seçkilər 1917-ci ilin noyabrında, bolşevik çevrilişindən sonra keçirilmişdi. Lakin bolşeviklər bu seçkilərdə faktiki olaraq uduzduqları üçün (o cümlədən Cənubi Qafqazda) Müəssislər Məclisinin fəaliyyətə başlamasına imkan vermədilər. Bundan sonra Cənubi Qafqazdan seçilmiş deputatlar regional parlament (Seym) yaratmaq qərarına gəldilər. Seymin 44 nəfərlik müsəlman fraksiyası Zaqafqaziya müsəlman parlamenti funksiyasını (Cənubi Qafqaz üzrə 1 milyon müsəlman seçicini təmsil edirdi) yerinə yetirirdi.

23 fevral 1918-ci il tarixdə Tiflisdə Zaqafqaziya Seyminin ilk iclası keçirilib. Seymdəki üç əsas partiya – gürcü sosial-demokratlar (menşeviklər) 32, "Müsavat" partiyası 30, ermənilərin "Daşnaksütyun" partiyası 27 deputatla təmsil olunmuşdu. Bundan savayı, Seymdə gürcü və ermənilərin bir neçə kiçik partiyası, həmçinin azərbaycanlı (müsəlman) deputatların "İttihad", "Hümmət", müsəlman sosialistlər qrupları (14 nəfər) yer almışdı. Azərbaycanlı deputat fraksiyasına (44 nəfər) "Müsavat"ın lideri M.Rəsulzadə başçılıq edirdi.

22 aprel 1918 – Zaqafqaziya seyminin azərbaycanlı, ermənigürcü deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yarandığını elan ediblər. Seymdə azərbaycanlı deputatların (44 nəfər) fraksiyasına M.Rəsulzadə rəhbərlik edirdi. Gürcü A.Çxenkelinin başçılıq etdiyi hökumətə Azərbaycandan F.Xoyski, X.Məlik-Aslanov, N.Usubbəyov, M.H.Hacinski və M.Heydərov daxil idilər. Federasiya bir ay sonra dağıldı

26 may 1918 – Tiflisdə Zaqafqaziya Seyminin son iclası keçirilib. Gürcü heyəti Zaqafqaziyanı vahid dövlətdə birləşdirməyin qeyri-mümkün olduğunu bildirərək federasiyadan çıxdıqlarını elan ediblər. Azərbaycan heyəti buna etiraz etməyib və Seymin buraxılması, Zaqafqaziya Federativ Respublikasının ləğvi barədə qərar qəbul olunub. Zaqafqaziya Federasiyasının cəmi bir ay mövcud olmasının əsas səbəblərindən biri də erməni tərəfin həm Azərbaycana, həm də Gürcüstana ərazi iddiaları idi.

27 may 1918 – Zaqafqaziya Seyminin süqutundan sonra qurumun azərbaycanlı deputatları Tiflisdə fövqəladə iclas keçirərək Azərbaycanın müvəqqəti Milli Şurasını yaradıblar. Azərbaycanın ilk parlamenti kimi fəaliyyətə başlayan 44 nəfərlik Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə ("Müsavat"), müavini Həsən bəy Ağayev ("Müsavat"), katibi Mustafa Mahmudov ("Müsavat"), İcraiyyə Komitəsinin (hökumətin) sədri isə Fətəli xan Xoyski (bitərəf) seçilib.

Nəticəsi[redaktə | mənbəni redaktə et]

Zaqafqaziyada vəziyyət getdikcə pisləşirdi, çünki müstəqilliyin elanından sonra Zaqafqaziya Federativ Respublikasının nə daxili, nə də xarici siyasətində ciddi bir dəyişiklik baş verməmişdi. Siyasi partiyaların nümayəndələri Zaqafqaziya seymində ümumi dil tapa bilmirdilər, onların ümumi fəaliyyət proqramı yox idi və fraksiyaların hər biri öz siyasi xəttini həyata keçirməyə çalışırdı.

1918 il mayın sonuncu ongünlüyündə Zaqafqaziya seyminin dağılacağı açıq-aydın hiss olunurdu. Azərbaycan nümayəndəliyinə məlum olmuşdu ki, Seymin gürcü fraksiyası Batumda Almaniya nümayəndəliyi ilə gizli danışıqlar aparır və Gürcüstanın müstəqilliyini elan etməyə hazırlaşır. Elə həmin günlərdə seymin sosial-demokrat fraksiyasının lideri İ.Q.Sereteli Cənubi Qafqaz xalqlarının konfederasiya halında birləşmək ideyasının özünü doğrultmadığını bildirdi. Sereteli Türkiyə ilə Batum danışıqlarında təklənmələrini bəhanə gətirərək, Gürcüstanın Seymdən çıxıb, müstəqil respublika elan olunmasını zəruri hesab etdi. Mayın 25-də Seymdə iclasa sədrlik edən F.Xoyski Cənubi Qafqaz xalqları birliyinin zəruriliyini əsaslandırmaqla yanaşı, gürcü nümayəndəliyinin arzularmın əleyhinə çıxmadı, eyni zamanda bildirdi ki, Azərbaycan türkləri də belə bir addım atmalı olacaqlar.

1918 il mayın 26-da Zaqafqaziya seyminin sonuncu iclası keçirildi. İ.Q.Sereteli Seymin buraxıldığını elan etdi. Zaqafqaziya seyminin buraxılması Cənubi Qafqazda öz müstəqilliklərini elan edən dövlətlərin, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi.

28 may 1918-ci il tarixində Azərbaycan və Ermənistanın müstəqilliyi elan edilmişdir.[1]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan tarixi, 7 cilddə. c. 5, Bakı, 2001.
  • Vəkilov P., Azərbaycan Respublikasının yaranma tarixi. Bakı, 1998.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Zaqafqaziya Seymi // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. səh. 454. ISBN 9952-417-44-4.