Şirməmməd Ağaməmməd oğlu Hüseynov (17 dekabr 1924, Nuxa – 24 iyun 2019, Bakı) — Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru.
Şirməmməd Hüseynov | |
---|---|
Doğum tarixi | 17 dekabr 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 24 iyun 2019 (94 yaşında) |
Vəfat yeri | |
Uşaqları |
Fərəh Əliyeva Lalə Hüseynova |
Elm sahəsi | Mətbuat |
Elmi adı | professor |
İş yeri | Bakı Dövlət Universiteti |
Mükafatları |
|
Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. 1940-cı ildə orta məktəbi bitirib. 1941–1943-cü illərdə Şəki Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci dünya müharibəsi dövründə Zaqatalada və Şəkidə müəllim işləyib. 1945–1950-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. 1950–1954-cü illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasında təhsilini davam etdirib. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954–1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962–1969-cu illərdə BDU, filologiya fakültəsinin dekan müavini, 1961–1971-ci illərdə BDU, jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971–1976-cı illərdə isə BDU, Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb. 1971–1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının dosenti, 1976–1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının müdiri 1988-ci ildən isə BDU, mətbuat tarixi kafedrasının professoru olmuşdur.[1][2]
24 iyun 2019-cu ildə Bakıda dünyasını dəyişib.[3] İkinci Fəxri Xiyabanda dəfn olunub.[4]
Şirməmməd Hüseynovun böyük qızı Fərəh Əliyeva Mədəniyyət və İncəsənət Universitetinin rektoru, daha sonra isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.[5] Kiçik qızı Lalə Hüseynova Azərbaycan Milli Konservatoriyasının Elmi İşlər üzrə prorektorudur.[6]
2000-ci il parlament seçkilərində Şirməmməd Hüseynov Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 15-ci sırada olmuşdur.[7] Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Şirməmməd Hüseynov deputat seçilə bilməmişdir.[8][9]