“Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?" (fr. D’où venons nous? Que sommes nous? Où allons nous?) — Pol Qogenin ən məşhur rəsmlərindən biri. 1897-1898-ci illərdə Taitidə yaradılmış bu əsər hal-hazırda ABŞ-ın Massaçusets ştatının Boston şəhərindəki Təsviri sənət muzeyindədir .
Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik? | ||
---|---|---|
| ||
Rəssam | Pol Qogen[1] | |
Tarixi | 1897[1] | |
Üslubu | məişət janrı | |
Ölçüləri | 139,1 sm × 374,6 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | ||
İnventar nömrəsi | 36.272 | |
Vikianbarda əlaqəli mediafayllar |
Pol Qogen 1891-ci ildə Taitiyə doğma Fransadan daha təbii və sadə bir cəmiyyət axtarmaq üçün gəlmişdi. Fərdi mifologiyasını ifadə edən bir neçə başqa rəsm əsəri ilə yanaşı, o, bu rəsmə 1897-ci ildə başlamış və 1898-ci ildə tamamlamışdır. Rəssamın özü bu əsərini fikirlərinin ülvi zirvəsi hesab edirdi. Əsəri bitirdikdən sonra o, arsen qəbul edərək intihara cəhd etmiş, lakin doza çox böyük olduğundan şiddətli qusma rəssamın həyatını xilas etmişdi. [3]
Rəsmin hazırda yerləşdiyi Boston təsviri sənət muzeyinin kuratorları yeni faktlar aşkar olunduqca rəsmin sahiblik tarixinə dair qeydlərini daim dəyişirlər. 1899-cu ildə Qogen tablonu Parisə Corc Daniel de Monfreydə göndərmişdir. Daha sonra o, 1936-cı ildə Nyu Yorkdakı Mariya Harriman Qalereyası tərəfindən satın alınana qədər bir neçə digər Parisli və Avropalı dilerlərə, kolleksiyaçılara satılmışdı. Boston təsviri sənət muzeyi onu 16 aprel 1936-cı ildə Mariya Harriman Qalereyasından alıb.
Rəsm Sidni və Ester Rabb Qalereyasının bir hissəsi olan Tompkins kolleksiyasında (1870-ci ildən 1900-cü ilə qədər Avropa incəsənətini nümayiş etdirən) Təsviri İncəsənət Muzeyində (36.270 nömrə) nümayiş olunur. Tablonun hündürlüyü 1,5 metr, uzunluğu isə 3,6 metrdir.
Qogen əvvəllər çəkməyə çalışdığı bu rəsm əsərini bitirdikdən sonra intihar etməyi planlaşdırırdı. O qeyd etmişdir ki, rəsmə sağdan sola baxılmalıdır - sağ tərəfdəki üç əsas fiqur qrupu əsərin adında verilən sualları təsvir edir. Uşağı olan üç qadın həyatın başlanğıcını təmsil edir; orta qrup yetkinliyi - gündəlik mövcudluğu simvolizə edir; son qrupda isə, rəssamın planına görə, “ölümə yaxınlaşan yaşlı qadın var: sanki barışmış və düşüncələrinə təslim olmuş kimi görünür”, onun ayağındakı “qəribə bir ağ quş... sözlərin mənasızlığını təmsil edir”. Arxa fondakı mavi büt, Qogenin "o biri dünya" kimi təsvir etdiyi ideyanı təmsil edir. Bütövlükdə bu rəsm əsəri haqqında Qogen bunları söyləmişdir: “İnanıram ki, bu rəsm bütün əvvəlki əsərlərimdən üstündür və həm də heç vaxt bundan daha yaxşı və ya buna bənzər bir şey yaratmayacağam”[4] .
Əsər Qogenin innovativ post-impressionist üslubunun göstəricisidir; onun sənəti boya və qalın fırça işləmələrinin dəqiq istifadəsini, impressionizm prinsiplərini vurğulayır və eyni zamanda emosional və ya ekspressionist gücü çatdırmağa çalışırdı. O, XX əsrin digər avanqard cərəyanları, o cümlədən kubizm və fovizmlə birlikdə ortaya çıxmışdır.