Boğazlar məsələsi - XVIII əsrin sonlarında Bosfor (İstanbul) və Dardanel (Çanaqqala) boğazlarından xarici gəmilərin keçməsi qaydaları ilə bağlı Osmanlı dövləti ilə Rusiya, Avstriya, Prussiya, İngiltərə və Fransa arasında münaqişəyə səbəb olmuş və sonralar davam etmiş beynəlxalq siyasi məsələ [1].
Qara dənizlə Aralıq dənizi arasında ticarət və hərbi gəmilərin hərəkəti üçün boğazların mühüm əhəmiyyəti var idi. XVIII əsrin son rübünədək boğazlara Osmanlı imperiyası nəzarət edirdi. 1774-cü ildə Rusiya-Türkiyə arasında bağlanmış Kiçik Qaynarca sülhünə görə, Rusiya Qara dəniz boğazlarından ticarət gəmilərini, 1779-cu ildə isə hərbi gəmilərini keçirmək hüququnu aldı. 1805-ci ildə imzalanan müqavilə Rusiyanın bu hüquqlarını təsdiqlədi. Lakin 1806-cı ildə başlanan Rusiya-Türkiyə müharibəsi nəticəsində Osmanlı dövləti bu müqavilələri ləğv etdi. Boğazlar məsələsini həll etmək üçün 1841-ci ildə Londonda beynəlxalq saziş imzalandı. Osmanlı dövləti Rusiya, Avstriya, Prussiya, İngiltərə və Fransanın imzaladığı bu razılaşmaya görə, bütün ölkələrin yalnız ticarət gəmiləri boğazlardan keçə bilərdi. Boğazlar məsələsini sonralar beynəlxalq konvensiya həll etməli idi. Beləliklə, Osmanlı dövləti boğazlara təkbaşına nəzarət hüququnu itirdi. Lozanna konfransında (1922-1923) Boğazlar məsələsi mühüm yer tuturdu. Sovet nümayəndə heyəti, ticarət gəmilərindən başqa, bütün dövlətlərin hərbi gəmilərinin boğazlardan buraxılmamasını təklif etdi. İngiltərə isə boğazların demilitarizasiyasını, bütün dövlətlərin hərbi və ticarət gəmilərinin boğazlardan keçməsini istəyirdi. Bağlanmış sazişə görə, boğazlara nəzarət xüsusi beynəlxalq komissiyaya tapşırılmışdı. Bütün dövlətlərə müharibə və sülh şəraitində boğazlardan sərbəst surətdə ticarət və hərbi gəmilər (bəzi məhdudiyyətlərlə) keçirmək hüququ verildi.
1936-cı ildə keçirilmiş Montrö konfransında[2] Boğazlar məsələsi haqqında Lozanna sazişinə yenidən baxıldı. Türkiyəyə boğazlarda silahlı qüvvələr saxlamaq, bütün ölkələrin ticarət gəmilərinə isə dinc dövrdə və müharibə şəraitində boğazlardan sərbəst istifadə hüququ verildi. Qara dəniz dövlətləri dinc dövrdə, demək olar ki, qeyri-məhdud surətdə hərbi gəmilər keçirmək hüququ aldılar. Başqa dövlətlərin hərbi gəmiləri üçün bir sıra məhdudiyyət qoyuldu. Türkiyə müharibədə iştirak edərsə, boğazlardan hər hansı bir gəminin keçməsinə icazə verilib-verilməməsini özü həll etməli, müharibədə özü iştirak etmədikdə isə digər vuruşan dövlətlərin hərbi gəmiləri boğazlardan keçməməli idi.
İkinci dünya müharibəsindən sonra ABŞ, SSRİ və Böyük Britaniyanın dövlət başçılarının iştirakı ilə keçirilən Berlin (Podstam) konfransında (1945) Montrö sazişində dəyişikliklər edilməsi ilə bağlı tərəflərin Türkiyə ilə danışıqlar aparması qərara alındı. 1945 və 1946-cı illərdə bütün xarici ölkələrin ticarət və hərbi gəmilərinin boğazlardan sərbəst keçməsi, Montrö sazişinin bəzi maddələrinin dəyişdirilməsi, zərurət yarandıqda boğazların müdafiəsinə SSRİ-ni də qoşulması tələbləri ilə ABŞ, SSRİ və Böyük Britaniya ayrı-ayrılıqda Türkiyəyə nota göndərdilər. Türkiyə hökuməti suverenliyinə və təhlükəsizliyinə xələl gətirən və Montrö sazişinin şərtlərinə zidd olan təklifləri rədd etdi. 20 il müddətinə bağlanan Montrö sazişinin şərtlərinə uyğun olaraq, onu imzalayan dövlətlər saziş müddətinin qurtarmasına iki il qalmış etiraz etmədikdə saziş avtomatik olaraq hər dəfə daha 20 il müddətinə qüvvədə qalır. Montrö sazişi indiyədək qüvvəsini itirməmişdir.