Bocin

Sakimori (防人?, azərb. "qoruyucu şəxs"‎) və ya bocin – Qədim Yaponiyada Kyuşu adasını qorumaqla vəzifləndirilən əsgərlər. Sakimori sistemi VI-X əsrlərdə qüvvədə olmuşdur.

720-ci ildə yazılmış "Nihon Şoki" xronikalarına görə sakimorilər ilk dəfə 562-ci ildə Yaponiyanın Koreya yarımadasındakı anklavı Kayanın süqutundan sonra Kyuşuya göndərilmişdir.[1]

"Sakimori" termini ilk dəfə 645-ci ildə Tayka islahatı zamanı işlədirilmişdir.[1] Yenicə yaradılmış Ritsuryo sisteminə görə milli müdafiə məqsədilə bütün ölkə boyunca yığılan əsgərlər üç illiyinə Kyuşuya göndərilməli idi.[1] Lakin 730-cu ildən sonra ancaq Şərqi Honşu əyalətlərindən sakimorilər Kyuşuya göndərilməyə başlamışdır.[1]

Şimali Kyuşunun hökumət iqamətgahı olan Dazayfuda sakimori məsələləri ilə məşğul olmaq üçün xüsusi ofis yaradılmışdır.[1] Sakimorilər hərbi vəzifələrini yerinə yetirməklə yanaşı öz qidalarını da yetişdirməli idilər.[1] Sakimorilər hərbi xidmət zamanı biyar əməkdən və vergidən azad edilmişdilər, lakin zireh, yemək və səyahət pulunu özləri ödəməli idilər.[1] Buna görə də kasıb kəndlilər hərbi xidmətdən yayınmağa çalışırdılar.[1] Qıtlıqlar, epidemiyalar və sosial rifahın aşağı səviyyədə olmasına görə sakimori toplamaq getdikcə çətinləşmişdir.[1] Buna görə də 795-ci ildə sakimori sistemi ləğv olunmuş, Kyuşunun müdafiəsi yerli döyüşçülərə həvalə edilmişdir.[1] Buna baxmayaraq, sakimori toplamaq praktikası X əsrə kimi davam etmişdir.[1]

VIII əsrdə yazılmış "Manyoşu" şeir antologiyasında sakimorilər tərəfindən yazılmış 100-ə yaxın şeir öz əksini tapmışdır.[1] Bu şeirlər toplusu "Sakimori no uta" adlanır.[1] Şeirlərin çoxunda imperator tərəfindən çağırılmanın bir qürur olduğu təsvir olunsa da, bəzi şeirlərdə sevdikləri şəxslərdən ayrılmağın yaşatdığı kədər əks olunmuşdur.[1]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh. 2. ISBN 0-87011-627-4. İstifadə tarixi: 9 iyul 2022.