Manyoşu

"Manyoşu"nun təqlidi (müəllif Şahzadə Nukata).

Manyoşu (万葉集?, azərb. Min bir yarpaq toplusu[1]‎)Yaponiya poeziyasına dair ən qədim yazılı əsər. 759-cu ildə Nara dövründə ortaya çıxmışdır.[1] Ədəbi abidədə şeirlər, nəğmələr, balladalar, tankalar, hokkular toplanmışdır.[1] "Manyoşu" almanaxının ən məşhur şairləri bunlardır: Akahito, Okura, Tabito, Yakomaçi və Hitomaro. Bunların içərisində ən çox şöhrət qazanan şairlər isə Hitomaro və Akahitodur.[2]

Beş əlyazması mövcuddur: birinci və ən qədimi Katsuraba Katsura məbədinə aiddir. İkincisi "Ranşiton-Manyoşu" adlanır. Qalan əlyazmalar, yəni üçüncü, dördüncü və beşinci əlyazmalar XII əsrə aiddir və 20 kitabdan ibarətdir və bu əlyazma "Tencibon-Manyoşu" adlanır. Bu əlyazma Tenci dövrünə aiddir. Əlyazmaların ən tam nüsxəsi "Tenriyahu-Kabonmanyoşu" adlanır. Bu əlyazma Tenriyan dövründə (1184-cü ildə) yarandığına görə belə adlandırılmışdır.[3][4]

"Manyoşu" Nara dövründə tərtib edilmiş (753-cü il), lakin abidənin son nəğməsinin tarixi 759-cu il kimi göstərilir. Antologiyanın əsas tərtibçisi Otomo no Yakomaçidir.[4]

"Manyoşu"nun bir çox nəğmələri o vaxtın əyalət çinovnikləri tərəfindən toplanmışdır. İmperatriça Qemmenin əmrilə 713-cü ildə bütün əyalətlərin qubernatorları öz əyalətləri barədə yazılan məlumatları toplamalı idilər. Bunun nəticəsində də etnoqrafik və monoqrafik yazılar meydana çıxdı. Görünür elə o vaxtdan nəğmələrin də toplanılmasına başlanmışdır. Çində qədim zamanlarda hökumət məmurlarına tapşırılırdı ki, xalq nəğmələrini toplasınlar ki, bu mahnılara əsasən xalqın əhval-ruhiyyəsini, onun adət və ənənələri haqqında mühakimə yürütmək mümkün olsun. Yaponiyanın özündə də belə məcmuələr yaranırdı. Belə məcmuələrin yaranmasında, xalq poetik təfəkkürünün məhsulu olan nəğmələrin toplanmasında Yakomaçinin daha çox zəhməti olmuşdur, çünki abidədə onun 500-ə qədər nəğməsi toplanmışdır.[5]

"Manyoşu"nun poeziyanın ilk nümunəsidir ki, indiki dövrə qədər gəlib çatıb. Mətn üzərində ilk işarələnmə imperator Murakaminin əmrilə aparılmışdır (bu işarələnmə koten, yəni qədim işarələnmə adlanır). İkinci işarələnmə "Cuşten" (növbəti) adlanır və XI–XII əsrlər aiddir. Fucivara sarayının üç nümayəndəsi tərəfindən nişanlanmış – işarələnmişdir. Üçüncü işarələnməni "Şinten" adlandırırlar ("yeni işarələnmə" deməkdir). Bu şi məşhur şərhçi monax Senqomu görmüşdür.

1266-cı ildə abidə üzərində iş tam başa çatmışdır. 1643-cü ildə isə ədəbi almanax nəşr edilmişdir. Manyoşuya şərh yazan Keytyudur. Yeni dövrdə "Manyoşu"nun ən böyük bilicisi Sasani hesab olunur. 1936-cı ildə "Manyoşu"nun ən mükəmməl nəşri başa yetmişdir.

Dövrləşdirmə

[redaktə | mənbəni redaktə et]

"Manyoşu"da daha çox 655–759-cu illər arasında toplanmış nəğmələr üstünlük təşkil edir. Toplanan nəğmələr içərisində ilk nəğmə İmperatriça Usanohimenin nəğməsidir (IV əsr), ən son nəğmə isə Yakomaçiyə aid nəğmədir (VIII əsr).[4]

Antologiyanın 20 kitabından VII-X-XIV kitablardakı nəğmələr anonim nəğmələrdir, onların arasında daha qədim nəğmələr də vardır. Abidənin tərtib edilməsi monoton deyil, xalq nəğmələrindən başqa nəğmələr də, müəllifi məlum olan nəğmələr də var. Nəğmələrin əksəriyyəti Qərb əyalətlərinə (Yamato əyalətlərinə) aid olan nəğmələrdir. Antologiyanın dövrləşdirilməsi belədir ki, məşhur şairlərlə daha çox üstünlük verilmişdir. Dövrləşdirmə belədir:[5]

  • I dövr (VII əsrin sonuna qədər): primitiv nəğmələr dövrü.
  • II dövr: Hitomaro dövrü.
  • III dövr (708–749): Akahito, Okura, Tabito dövrü.
  • IV dövr (745–759): Otoma Yakumato dövrü.[5]

Üslub və janrlar

[redaktə | mənbəni redaktə et]
Yayın istisində, qalın kölgədə
Yataq otağının bir guşəsində
Nə paltar biçirsən özünçün, gülüm,
Nə astar qoyarsan o paltara sən.
Əgər mənimçün də tiksən beləcə,
Keçən ildəkindən daha da çox tik.

VII cilddəki sedakolardan biri.[6]

"Manyoşu"da demək olar ki, xalq nəğmələrinin bütün janrlarından nümunələr vardır: əmək və mərasim nəğmələri, təqvim şeirləri, lirik xalq nəğmələri və başqa şeirlər toplanıb. Yapon poeziyasında təqvim şeirlərindən xüsusi fərqləndirici cizgilər ondan ibarətdir ki, ilin fəsilləri və bu fəsillər haqqında lirik şeirlər, təbiət, quşlar, çiçəklər haqqında lirika üstünlük təşkil edir.[7]

"Manyoşu"dakı mərasim poeziyasında qadağa şeirləri müxtəlif otların, çiçəklərin adları, dağların adları çəkilir. Burada təsərrüfat, maqiya, falçılıq haqqında, sərhədçilər haqqında da xüsusi nəğmələr vardır. "Manyoşu"da demək olar ki, tarixi mahnılar yoxdur. Burada hekayə xarakterli yazılar – "Utamonoqatari" adlanır. Abidədə başqa xalqların nağılları ilə səsləşən əsərlər də vardır.[7]

"Manyoşu"da qısa nəğmələr və uzun nəğmələr vardır. Əgər nəğmələr 5 hecalıdırsa, onlar qısa nəğmələr hesab olunur. Əgər şeirlər çox hecalıdırsa, bunlar, uzun nəğmələr adlanır.[8]

Tənqidçilər "Manyoşu"da iki üslub xüsusiyyətini fərqləndirirlər. Birincisi, xalq şeiri üslübudur ki, fərdi bəzək-düzəkdən uzaqdır. İkinci üslub isə bütün başqa nəğmələrin üslubudur. (I üsluba daha çox anonim nəğmələr aiddir). Bu antologiya üçün bir çox şairlər qrupunun buraya daxil edilməsi səciyyəvidir, imperatorlardan başlayaraq sadə kəndlilərə qədər, hətta dilənçilərin, küçə qadınlarının da nəğmələri bu almanaxa salınmışdır ki, bütöv kütlənin dövran, dövlət haqqında rəyləri barədə mühakimə yürütmək mümkün olsun.[5][9]

"Manyoşu"da üstünlük verilən əsas janrlar teka, naqauta, tanka,[9] sedakodur (almanaxın VIII kitabında). "Manyoşu"da öz sayına görə tankalar birinci yeri tutur. Öz tematikasına görə "Manyoşu"dakı şeirlər əsasən üç qrupa bölünür:[6]

  • Coka. Müxtəlif şeirləridir, buraya sərgərdanlıq, ovçuluq, ziyafətlər, ayrılıq, qəmə-kədərə haqqında şeirlər və əfsanə xarakterli şeirlər daxildir. [6]
  • İkinci qrup şeirlər. "Somon" adlanan şeirlər, quş səslərini təqlid edən şeirlər daxildir.[10]
  • Üçüncü qrup şeirlər. Ağılar, yaxud kanasımı-uta adlanan şeirlər ("kədərli şeirlər") daxildir.[10]
XI əsrə aid "Manyoşu" buraxılışı. Tokio Milli Muzeyində sərgilənir.

VIII kitabda, müxtəlif nəğmələrin arasında mondo adlı şeir nəğmələr sual-cavab şəklində olan şeirlərdir, III kitabda isə tatae-uta alleqoriyası formasında olan şeirlər əsas yer tutur. Almanaxın I kitabında ancaq müxtəlif şeirlər verilib (16 naqatua və 468 tanka). Bu cildin müəllifi əsasən imperatorlardır, yaxud imperator sarayının üzvləridir, saray əyanlarıdır. I kitabın məzmunu əsas müxtəlif şəkilli nəğmələrdən ibarətdir ki, onlar da saray həyatını təsvir edir. II kitabda təqlid nəğmələri, yaxud şeirlə yazılmış məktublar və ağılar yerləşdirilib (19 naqayta və 131 tanka). Bunların müəllifləri imperatorlar və saray əyanlarıdır.[10]

III kitabda müxtəlif nəğmələr, alleqorik şeirlər və ağılar toplanıb (23 naqauta və 229 tanka). Burada ən istedadlı şairlərin şeirləri toplanıb. Burada Yakomaçinin şeirləridə vardır. V kitabda da müxtəlif nəğmələr və epistolyar şeirlər var (121 tanka). Burada Okuranın məşhur poeması "Yoxsulların dialoqu" adlı əsəri yığılıb. VI kitabda müxtəlif nəğmələr yerləşdirilmişdi (27 naqauta, sedoka, 132 tanka), VII kitabda ağılardan ibarət şeirlər var (324 tanka, 26 sedoka). Onların arasında göyləri, Ayı, paltarları tərənnüm edən şeirlər toplanıb.[10]

VIII kitabda ilin fəsilləri haqqında şeirlər (6 naqauta, 236 tanka, 4 sedoka) vardır. Onlar müxtəlif nəğmələr şəklində yazılır. Burada ən yaxşı şairlərin, o cümlədən Akahitonun, Okuranın, Yakomaçi və başqalarının şeirləri toplanıb. IX kitabda yenə də müxtəlif şeirlər: təqlidi şeirlər, ağılar (22 naqauta, 125 tanka, 1 sedoka) vardır. Bu kitabda Sanhitomanonun da şeirləri toplanıb. Burada əfsanələr də vardır. Məsələn, Uraşima balıqçısı haqqında əfsanə verilib. Bundan başqa bu kitabda el gözəli Tekana haqqında əfsanə, Teamana adlı gözələ həsr olunmuş nağıl, iki gəncin bir qıza – Undi adlı qıza vurulması haqqında yenə bir əfsanə yerləşdirilib.[10] X kitab da IX kitab tipində qurulub, burada təqvim şeirləri toplanıb və kitab müxtəlif nəğmələrdən ibarətdir (3 naqauta, 532 tanka və 4 sedoka). XI kitabda anonim şeirlər toplanıb, burada daha çox folklor nümunələr var. XII kitabda müəllifsiz şeirlər toplanıb. XIII kitabda yenə müxtəlif şeirlər, nəğmələr, sual-cavab şəklində (deyişmə şəklində nəğmələr, dialoqlu şeirlər, alleqorik şeirlər, ağlaşmalar (60 naqauta, 60 tanka, 1 sedoka) toplanıb. XIV kitabda şərq əyalətlərinin nəğmələri, Acimota adlanan şeirlər yığılıb. XV kitabda xüsusi bölmə yoxdur, onun birinci hissəsi müxtəlif nəğmələrdən: epistolyar şeirlərdən, çinovniklərin səyahətləri haqqında şeirlər toplanıb. XVI kitabda iki bölmə vardır: rəvayətli nəğmələr və müxtəlif şeirlər (7 naqauta, 92 tanka, 4 sedoka, 1 buso-nus e-ki).[7]

XVII–XX kitablarda lirik gündəliklər (Yakomaçinin) toplanıb. Bu gündəliklər sayəsində onun yaradıcılığının bir çox xüsusiyyətlərini öyrənmək olar.[7]

  1. 1 2 3 Bədəlzadə, 2016. səh. 33
  2. Bədəlzadə, 2016. səh. 42
  3. Bədəlzadə, 2016. səh. 34
  4. 1 2 3 Bədəlzadə, 2016. səh. 35
  5. 1 2 3 4 Bədəlzadə, 2016. səh. 36
  6. 1 2 3 Bədəlzadə, 2016. səh. 38
  7. 1 2 3 4 Bədəlzadə, 2016. səh. 40
  8. Bədəlzadə, 2016. səh. 41
  9. 1 2 Bədəlzadə, 2016. səh. 37
  10. 1 2 3 4 5 Bədəlzadə, 2016. səh. 39
  • Bədəlzadə, Ağasən, Yapon ədəbiyyatı tarixi (PDF), BDU, 2016