Bonapartizm yaxud napoleonizm – Fransada parlament demokratiyasını rədd edən, güclü icraedici hakimiyyətin, mühüm dövlət işlərində kütlələrə müraciət etmənin (plebissit keçirilməsi vasitəsilə) tərəfdarı olan avtoritar rejimləri və siyasi cərəyanı bildirmək üçün işlədilən termin.
Sinfi mübarizənin kəskinləşdiyi vaxtda, əksinqilabi iri burjua dikaturasının bir növü. Sözdə siniflərdən və partiyalardan üstün olduğunu göstərməyə çalışaraq, bu diktatura işdə, hərbiyə, polis - bürokratiya aparatına və kilsəyə arxalanaraq istismarçıların marağını ifadə edir. XVII-ci əsrin sonunda, Fransada, Napoleon Bonapartın diktaturası vaxtı yaranıb. Bonapartizm üçün əksinqilabi siyasət, islahatların keçirilməsi vədləri və kütlələrin aldadılması səciyəvidir. Bütün bunlar xarici siyasətdə aqressiya, daxili işlərdə isə demokratiyanın üzərinə yerimək siyasətinin kombinasiyasını təşkil edir.
İlk bonapartçı rejim 1799-cu ildə I Napoleon Bonapartın həyata keçirdiyi dövlət çevrilişi nəticəsində bərqərar olmuşdur; ikinci rejim İkinci imperiya (1852–70) dövründə Lui Napoleon (III Napoleon) tərəfindən qurulmuşdur. III Napoleonun hakimiyyəti illərində Bonapartizm “tamamlanmış” forma almışdır. Fransızların “milli birliyi”nin bərpası və “qayda-qanun”a qayıdış şüarları altında formalaşan bonapartçı rejimlər 1789-cu və 1848-ci illərdə baş vermiş inqilabların doğurduğu sosial təlatümlər dövrünə son qoymuşdur. Bonapartizm kəskin sosial ziddiyyətlərin aradan qaldırılmasına, “köhnə qayda-qanunun” müəyyən elementlərinin inqilabi nailiyyətlər (yeni mülkiyyətçilərin hüquqlarının, şəxsi azadlıqların tanınması, siyasi bərabərliyin bəyan edilməsi və s.) ilə sintezinə səy göstərmişdir. Bonapartizmin ideologiyası milliyyətçiliyin, mühafizəkarlığın, liberalizmin və hətta sosializmin (sensimonizmin) müddəalarını ehtiva etmiş, eklektik və demoqoji səciyyə daşımışdır. Bonapartçı rejimlərin sosial dayağı mühafizəkar kəndli kütlələri idi. Bonapartizm sistemində ordu və polis fəal rol oynayırdı. Bonapartizm rejimləri üçün müxtəlif siniflər və sosial qruplar arasında manevr etmək səciyyəvi idi. Belə siyasət onlara müəyyən məqama qədər sabitliyi təmin etmək və fövqəlsinfi, ümummilli hökumət obrazı yaratmaq imkanını vermişdir. Bonapartçı rejimlərin daxili siyasəti özündə iqtisadi liberalizmi və sərt inzibati-polis təsir tədbirlərini birləşdirirdi; xarici siyasət kursu isə Fransanın qitədə və ondan kənarda hakim mövqeyini bərqərar etmək kimi ambisiyalı planları ilə seçilirdi (bu, Birinci və İkinci imperiyaların süqutu ilə nəticələndi). 20-ci əsrin əvvəllərində Bonapartizm bir ideya cərəyanı kimi Fransa siyasi həyatının ifrat sağ hissəsində “əriyərək”, mövcudiyyətinə son qoydu. Lakin onun izlərinə Şarl de Qollun istifadə etdiyi hakimiyyət metodlarında və hətta Beşinci respublikanın konstitusiyasında rast gəlinir. Sonradan “Bonapartizm” termini populist mövqelərdən çıxış edən bütün hərbi-diktator və avtoritar rejimləri səciyyələndirmək üçün (həmişə əsaslandırılmış formada olmasa da) işlədilmişdir.
Краткий политический словарь. Политиздат.1989 səh. 50