Bulavin üsyanı (1707–09) — Rusiyada kəndli və kazakların antifeodal hərəkatı.[1]
Başçısı K. A. Bulavin idi. Üsyanda kazaklar, onlara qoşulmuş qaçqın kəndlilər, şəhər əhalisinin aşağı təbəqələri, həmçinin Volqaboyunda yaşayan xalqlar – tatarlar, mordvalar və b. da iştirak edirdi.
Üsyan 1707-ci il oktyabrın 9-na keçən gecə başlandı, tezliklə Donun yuxarı axarlarında qaçqın kəndlilər yaşayan şəhərcikləri bürüdü. Lakin üsyançılar məğlub edildi; Bulavin, tərəfdarları ilə Zaporojye Seçinə qaçdı.
1707-ci ilin sonunda üsyanın ikinci mərhələsi başladı. Hərəkat Don və Volqaboyunu, Ukraynanın bir hissəsini bürüdü. 1708-ci il mayın 1-də Bulavin Çerkassı şəhərini tutdu. Üsyançıların bir hissəsi Volqaboyunda, digəri Sloboda Ukraynasında fəaliyyət göstərirdi. Bulavin əsas qüvvələrlə Azova hücuma hazırlaşırdı. Qüvvələrin parçalanması üsyanın məğlubiyyətini asanlaşdırdı. 1708-ci il iyulun 6-da Bulavin Azovu mühasirəyə aldı, lakin tuta bilmədi. Üsyanda iştirak edən varlı kazaklar həlledici vaxtda ona xəyanət etdilər. İyulun 18-də yasavullar Bulavini öldürdülər. Üsyanın üçüncü mərhələsində ayrı-ayrı dəstələr 1709-cu ilin əvvəlinədək Orta və Aşağı Vol -qaboyunda fəaliyyət göstərdi. Bulavin üsyanı amansızcasına yatırıldı. Üsyançıların bir hissəsi çar qoşunlarının təqibindən xilas olmaq üçün 1740-cı ildə ataman İ. Nekrasovun başçılığı ilə Türkiyəyə köçdü. 1962-ci ildə bulavinçilərin nəsillərinin böyük bir qrupu SSRİ-yə (Stavropol diyarına) qayıtdı.[1]