Bulqan — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərinin inzibati ərazi vahidində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaracuq kənd inzibati-ərazi vahidi tərkibindəki Qaracuq kəndinin bir hissəsi Bulqan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraçuq kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Bulqan kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir.[3]
Bulqan | |
---|---|
39°10′53″ şm. e. 45°22′58″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 797 m |
Saat qurşağı | |
Bulqan Naxçıvanın qədim yaşayış məntəqələrindən biridir. Kənd ərazisində orta əsrlərə aid yaşayış yeri olmuş, buradan sənduqə tipli bir neçə qəbirüstü abidə, müxtəlif dövrə aid çəhrayı rəngdə bişirilmiş sadə və şirli qab qırıntıları tapılmışdır. Bulqan kəndi yarandığı vaxtdan Araz çayının kənarında yerləşmiş, 1963-1969-cu illərdə Araz su anbarının tikintisi ilə əlaqədar əvvəlki yerindən indiki əraziyə köçürülmüş, keçmiş kənd Araz dəryaçasının altında qalmışdır. Mənbələrdə “Bulğan” adı ilə qeydə alınmış kənd XVI əsrdə Naxçıvan nahiyəsinə, XVIII əsrdə Qarabağ nahiyəsinə, XIX əsrdə Naxçıvan mahalına, 1925-1930-cu illərdə Naxçıvan dairəsinə daxil olmuşdur. XIX əsr və ondan əvvəlki dövrlərdə kənddə kəngərlilərin Qızılqışlaq tayfasına məxsus 29 ailə yaşamış, kəndin torpaq sahələri Əmir Suar bəyə və üç qardaşa məxsus olmuş, ərazidə daha çox buğda və arpa əkilmişdir. Bulqanda yaşayan Qızılqışlaq tayfası və tirələrinin, eləcə də kəngərlilərin Əlixanlı tayfasına məxsus ailələrin yaylaq yeri XIX əsrdə Əli Məmməd qışlağı, “Güllü qışlaq”, “Kalançı qışlaq” və “Mağara qışlaq” adları ilə tanınmış indiki Aşağı Qışlaq və Yuxarı Qışlaq kəndləri olmuş, bu kəndlərin əsası kəngərlilər tərəfindən qoyulmuşdur.
Dilimizdə “Bulqan” adının mənası haqqında yekdil fikir yoxdur. Məsələn, xalq arasında, eləcə də bəzi elmi mənbələrdə belə fikir söylənilir ki, kənd Araz çayının qıjov yerində yerləşdiyi üçün buraya “Bulqan” – yəni “burulğan, qıjov yer” deyilmişdir. Bu söyləməyə əsaslanan K.N.Smirnov da adın mənasını “girdab, burulğan, qıjov” mənasında açıqlayır. Ancaq bundan fərqli olaraq, tədqiqatçılaın bir qismi toponimin monqol dilində bulqaan – “yurd”, “düşərgə”, türk dillərində isə “bulmaq”, “tapmaq”, “əldə etmək” sözlərindən əmələ gəldiyini yazırlar. “Bulqan” adının məna açımını yuxarıdakı şəkildə yozmaq özünü doğrultmur. Əvvəla, keçmiş Bulqan kəndi yaxınlığında Araz çayı burulğan, qıjıltılı şəkildə axmırdı və ya Türkiyədən başlayan Araz çayının qıjıltılı, burulğan yerlərinə yaxın ərazilərdə yerləşən kəndlərə də belə ad verilməmişdir. Ona görə toponimin mənasını çayın axma forması, sürəti ilə əlaqələndirmək düzgün deyil. Çünki “Bulqan” adı kəngərlilərin “Bolqar” tayfa adı əsasında yaranmış toponimdir.
Mənbələrə əsasən tarixin müəyyən mərhələlərində Azərbaycana gəlmiş bolqarlar bulqan, kuyvar, çakar, kuruqir, qul, qazan, iskilv kimi qollara ayrılmış və Azərbaycanın müxtəlif ərazilərinə səpələnmişlər. Odur ki, respublikada qədim bolqarların adı ilə bağlı yer-yurd adları öz əksini tapır. Çox güman ki, oykonim Bolqar tayfa adının fonetik transformasiyası nəticəsində (Bolqar-Bulqar-Bulqan) əmələ gəlmişdir. Naxçıvan ərazisində bu tayfa adı öz izini “Qazançılı”, “Qullar” kimi adı passiv toponimik fonda keçmiş oykonimlərdə və “Bulqan”, “Vənənd”, “Qazançı” kimi müasir yaşayış məntəqə adlarında saxlayır.
Bulqan kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
1863 | Bulqan yaşayış yeri[4] | XII-XVIII əsrlər | Bulqan kəndi (suyun altında) |
Arxeoloji | Ölkə |
1864 | Bulqan nekropolu[5] | XII-XVII əsrlər | Bulqan kəndi (suyun altında) |
Arxeoloji | Ölkə |
Əhalisi 1208 nəfərdir.[6]
Naxçıvan şəhəri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |