Buz mağarası — Goranboy rayonunda mağara.
"Buz mağarası" adlanan təbiət abidəsi Goranboy rayonunun Buzluq kəndinin cənub qurtaracağında, Kürəkçayın sol tərəfində, dəniz səviyyəsindən 1800 m hündürlükdə, Goranboy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin xidməti ərazisinin meşə ilə örtülü sahəsi ilə həmsərhəd Buzluq kəndinin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşir.
Mağara uzaq keçmişdə təbii fəlakət zamanı bərk süxurlardan ibarət iri qaya parçalarının mütləq hündürlüyü daha çox olan ərazilərdən yuvarlanaraq qala şəklində Kürəkçayın məcrasına toplanması nəticəsində əmələ gəlmişdir. İri qaya parçalarının toplandığı ərazi 0,22 hektar sahəni təşkil etməklə hər bir təərəfi ağaçlarla əhatələnmişdir. Buz mağarası təxminən onun mərkəzi hissəsində qaya parçalarının altında yerləşir və içərisində daim buz olur. Mağaraya daxil olmaq üçün qaya parçalarının arasından 3-3,5 metr şaquli istiqamətdə çox çətinlikə keçilə bilən dar keçidlərlə aşağıya düşmək lazım gəlir. Yay fəslinin və ərazidə yüksək hərarətin olmasına baxmayaraq mağaradan buz parçaları çıxarılır.