Cümə məscidi və ya Minarəli məscid — Azərbaycanın Balakən şəhərində yerləşən məscid və tarix-memarlıq abidəsi. Məscidin tikintisi 10 il davam edib və 1877-ci ildə başa çatıb.
Balakən Cümə məscidi | |
---|---|
41°43′27″ şm. e. 46°24′20″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Balakən rayonu |
Tikilmə tarixi | 1867–1877 |
Üslubu | Azərbaycan memarlığı |
Minarələri | 1 |
Vəziyyəti | stabil |
İstinad nöm. | 207 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Balakən Cümə məscidi Balakən şəhərində Məhəmməd Əsədov küçəsində yerləşir.[1] Məscidin üzərindəki kitabəyə əsasən məscidinin tikintisi 1867-ci ildə başlayıb və 1877-ci ildə yekunlaşıb.[2][3] Abidənin şimal-qərb fasadında dörd yerdə ərəb dilində kitabələr yerləşdirilib.[4] Kitabələrdə məscidin kimlərin təşəbbüsü ilə inşa olunduğu, tikilmə tarixi, binanı tikən ustanın və məscidin tikilməsi üçün lazım olan torpağı verən şəxsin adı yazılıb.[1]
Məscidin qapısının girişində sol yuxarı küncdə adı yazılmış Qazi Məhəmməd Dəbir XIX əsrdə bu bölgədə yaşayan məşhur din xadimi olub.[5] Digər adı çəkilən şəxs Usta Ömər İlisulu isə öz dövrünün məşhur ustası olub. O, həm də Ulu körpü və digər tarixi abidələrin müəllifidir.[5]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[6] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[7] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[7][8] Balakən Cümə məscidi də bu dövrdə ibadətə bağlanıb, binasından anbar kimi istifadə olunub. 1947-ci ildə məscid dindarların istifadəsinə verilib.[9] Məsciddə 1955, 1980 və 1996-cı ildə təmir işləri aparılıb.[1]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[10]
Məscidin qapısının girişində sağ tərəfindəki çay daşı üzərində süls xətti ilə yazılmış ikinci yazıda deyilir:[5]
Hicri tarixinin XIII əsrində yaşamış bütün Balakən camaatı, hətta yüksək rütbəli, vəzifə sahibi olan şəxslər belə razılığa gəlmişlər ki, hamının arzu və istəyini nəzərə alıb qəşəng və göz oxşayan, hamının nəzər diqqətini cəlb edən bir Came məscidi tikdirsinlər. |
Məscidin qapısının girişində sol yuxarı küncdə dördbucaqlı kitabənin üzərində isə bu cümlələr yazılıb:[5]
Böyük Allahın köməyi ilə camaatın arzusu yerinə yetmiş, Peyğəmbərin (s) nuru ilə bu ev nurlanmış və bütün müsəlmanları özünə cəlb etmişdir. Qazi Məhəmməd Dəbir və bənna usta Ömər İlisulu Allah xatirinə məscidin sonrakı təmir işlərini görmək üçün hamını bu işdə səy göstərməyə çağırmışdı. |
Çərçivənin kənarlarında isə belə bir qeyd var:[5]
Allah günahkarı bağışlasın, məscid və onun hücrələri və eləcə də başqa tikililər üçün lazım olan torpağı Ləki bin Həllac Məhəmməd vəqf etmişdir. |
Məscidin binası çaylaq daşından minarəsi isə bişmiş kərpicdən tikilib.[11] Tikintidə əhəng və yumurta sarısından istifadə olunub. Məscidin planı daxildən və xaricdən düzbucaqlı olmaqla, sahəsi 1025 kvadratmetrdir.[12] Minarənin hündürlüyü 44 metrdir və məscidin əsas binasından ayrı tikilib.[13] Səkkizgüşəlidir və üzəri nəbati ornamentlərlə işlənib. Yuxarı qalxdıqca minarə daralır.[4] Bu isə onu müxtəlif təbiət qüvvələri qarşısında daha dözümlü edir.[4]
Həyətyanı sahəsi 3000 kv.metr, iç sahəsi isə 40x23 metrdir. Məscidin döşəmədən tavana qədər hündürlüyü 8 metrdir. Giriş qapılarının ön tərəfində altı sütundan və 7 tağdan ibarət eyvan yerləşir. İbadət zalında 12 sütun, 26 tağ və 16 pəncərə var.[13] Sütunlar bişmiş kərpicdəndir. Məscidin üç giriş qapısı vardır. Hər giriş qapısının üstündə kitabələr həkk olunub. Məscidin minbəri taxtadandır.[13]