Azərbaycan memarlığı — Azərbaycan ərazisində müxtəlif mədəniyyətlərə aid olan abidələr kompleksi.[1]
Azərbaycan ərazisində mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Göygöl, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar. Mağaranın ortasında yandırılmış ocaq tüstüsünü xaric etmək üçün tavandan deşik (baca) açılması, yaxud müəyyən lazımi ləvazimatların saxlanması üçün mağaranın daxili divar səthində xüsusi oyuqların açılması buna əyani sübutdur.
İbtidai insanların təbii mağaralar üzərində apardıqları belə yenidənqurma işləri sonrakı dövrlərdə süni mağaraların yaranması ilə nəticələnmişdir. Təbii mağaralar kimi bir neçə küyüldən ibarət olan süni mağaralar da yer səthindən xeyli hündür məsafədə dik qayalar və dağ döşündə düzəldilmişdir. Azərbaycan ərazisində süni mağaralara Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində, Kiçik Qafqaz dağlarında, Qubadlı rayonunda Bərguşad, Həkəri çayları vadilərində, Şirvan regionunda Mərəzə, Sündi və Dərəkənd yaxınlığında, eləcə də cənub əyalətlərində qədim Manna və Midiya dövlətlərinə mənsub olan ərazilərində də təsadüf edilmişdir.
Daş hörgüsünün meydana çıxması nəticəsində yeni tipli qazma və yarımqazma binalar inşa edilməyə başladı. Öz başlanğıcını süni mağaralardan almış belə binalar uzun bir tarixi inkişaf prosesi keçmiş və memarlıq tarixində "Qaradan" adı ilə məşhurlaşmışdır. Tarixi məlumatlara görə Azərbaycanda qaradanlardan XX əsrliyin əvvəllərinə qədər istifadə edilmişdir.
Qafqaz Albaniyası dövründə (e.ə. IV əsr – eramızın VII əsri) şəhərsalma sahəsində mühüm addımlar atılmışdır. Qəbələ şəhərinin möhkəm qala divarları, saxsı borularından çəkilmiş su kəməri, Dəmirqapı (Dərbənd) keçidində daşdan tikilmiş müdafiə sistemi ("uzun divarlar"), Çıraqqala (VI əsr), Ləkit kəndindəki dairəvi xristian məbədi (V–VI əsrlər), Qum kəndindəki bazilika (təqribən VI əsr), Mingəçevirdəki məbədlər kompleksi (VII əsr) və s. bu şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir. Sasanilər dövrü memarlıq abidələrindən müdafiə tikililəri özəllikcə diqqəti cəlb edir. Xəzər dənizinin sahilindən başlayaraq, Babadağın ətəyində qurtaran Gilgilçay səddi və indiki Şabran rayonu ərazisində yerləşən Beşbarmaq dağından başlayıb, Xəzərin sahillərinə qədər uzanan Beşbarmaq səddi Azərbaycanda istehkam tikililərinin inkişafı haqqında geniş təsəvvür yaradır.
Ərəb istilasından (VII əsr) sonra Azərbaycanda islam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişdi. Memarlıqda yeni tipli binaların – məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi əsas xətt oldu. Bərdə, Ərdəbil, Marağa, Urmiya, Şamaxı, Şəmkir,Şabran, Beyləqan, Gəncə və Naxçıvan bu dövrdə Azərbaycanın ən önəmli şəhərləri idi. Şamaxı, Gəncə və Beyləqanın böyük şəhərlərə çevrilməsi də məhz bu dövrə aiddir.
Bu dövrdə islam dini ilə bağlı tikililərlə yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian məbədləri, müdafiə istehkamları inşa edilirdi. Bu qalalardan ndiki İsmayıllı rayonu ərazisində salınmış Cavanşir qalası (təqribən VII əsr) və Qazax rayonunun Yuxarı Əskipara kəndi yaxınlığındakı qala kompleksi (V–VIII əsrlər) diqqəti özəlliklə cəlb edir.
Ümumiyyətlə, islamdan öncəki və sonrakı dövrlərdə Azərbaycan ərazisində inşa edilmiş alban tikililəri memarlığın inkişafında önəmli rol oynamışdır. Bu abidələrdən Zaqatala rayonundakı Paşan və Muxax kəndlərində IV–V əsrlərə aid tikili qalıqları, Şəki rayonunun Böyük Gəldək kəndində Govurqala (VI əsr), Qəbələ rayonundakı Böyük Əmirli kəndində (IV–VIII əsr) alban məbədləri, Oğuz şəhərində alban kilsəsi (orta əsrlər), Dağlıq Qarabağın Xocavənd rayonunun Qarakənd kəndində Alban kilsəsi (I əsr), Sos kəndində (IV əsr), İatsi kəndində (V, VII və VIII əsrlərə aid 4 məbəd), Taqaverd kəndində (675), Güneyçartar kəndində (1236) alban məbədləri, Ağdərə rayonunun Aterk (V əsr), Kolatağ (614), Qoçoqot (672, 698), keçmiş Dostahir (713), Qasapet (718), Çaldıran (XII əsr) kəndlərində, eləcə də Yuxarı Qarabağın başqa bölgələrindəki Susanlıq (IV–VI əsrlər), Vanq (IX əsr), Traxtik (1094), Tsakuri (1131), Məmmədadzor (1147), Tuğ (1197) kəndlərində, Əsgəran rayonunun Şuşikənd (905), Çanaqçı (1065 və 1100), Xaçmaç (1100), Xantsk (1122), Xndzristan (1202) kəndlərində alban məbədləri dövrümüzədək mühafizə olunmuşdur.[2]
Ərəb xilafətinin yüksəlişi dövründə Azərbaycan memarlığının inkişaf mərkəzi Bərdə şəhəri idi. Mənbələrdə "bu yerlərin Bağdadı" adlandırılan Bərdədə geniş tikinti işləri aparılmış, çoxlu məscid və başqa dini binalar, karvansara, bazar, hamam və s. tikilmişdi. IX–X əsrlərdə Xilafətin zəifləməsi nəticəsində Azərbaycanda kiçik feodal dövlətlərin yaranması ilə bağlı X–XII əsrlərdə müxtəlif memarlıq məktəbləri yarandı Arran, Təbriz, Naxçıvan-Marağa, Şirvan-Abşeron.
Azərbaycan memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi. Arran memarlıq məktəbinə (Gəncə, Bərdə, Beyləqan) mənsub sənətkarların yaratdığı binaların əksəriyyəti Gəncə zəlzələsi (1139) və monqol hücumları (XIII əsr) zamanı dağılmışdır. Gəncə və Beyləqanda aparılan arxeoloji tədqiqatlar bir sıra qurğu və bina qalıqlarını aşkara çıxarmışdır. Gəncə çayı üzərindəki 3 körpü (XII əsr), Beyləqandakı yaşayış binaları, hamam və s. qalıqları Aran memarlıq məktəbinin üslub özəllikləri haqqında aydın təsəvvür yaradır.
Naxçıvan memarlıq məktəbinin abidələri binalarda çox boyalı kaşıdan ornamentli baştağ kompozisiyalarının tətbiqi, Şirvan-Abşeron məktəbinə mənsub tikililər sadə memarlıq bölgüləri və dekorativ oyma bəzəkləri ilə seçilir. Təbriz məktəbinin ən yaxşı abidələri üçün memarlıq quruluşunun dəbdəbəliyi, dekorların müxtəlifliyi səciyyəvidir.
Dövrümüzədək çatmış mütənasib quruluşlu, zəngin dekorlu qülləvarı türbələr və digər tikililərdə Naxçıvan məktəbinin üslub özəllikləri əksini tapmışdır. Bu məktəbin ən yüksək zirvəsini Naxçıvandakı Yusif ibn Küseyr (1162) və Mömünə xatın (1186) türbələrinin, eləcə də hazırda mövcud olmayan dini tikililər kompleksinin müəllifi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaradıcılığı təşkil edir. Əcəminin yaradıcılığı üçün obrazın monumentallığı, kompozisiyanın mütənasibliyi və dekorların zərifliyi, öz dövrünə görə rasional konstruksiyaların tətbiqi, ornament bəzəklərinin oynaqlığı səciyyəvidir. Onun ornament kompozisiyaları bədiiliklə riyazi təfəkkürün üzvi birləşməsinə əsaslanır. Əcəminin yaratdığı kompozisiya və dekorativ bəzək üsulları Azərbaycanın, eləcə də müəyyən ölkələrin türbə tikililərinə böyük təsir göstərmişdir. Marağadakı Göy günbəz türbəsi (1196, memar Əhməd Məhəmməd oğlu) Əcəmi üslubuna özəllikcə yaxındır. Marağa abidələri Azərbaycan memarlığının inkişafında önəmli yer tutmuşdur. Bunlardan dövrümüzədək çatmış ən qədimi Qırmızı günbəz türbəsidir (1148, memar Bəkir Məhəmməd). Bu dövrdə Urmiyada tikilmiş Üç günbəz türbəsi (1185, memar Əbu Mənsur Musa oğlu) memarlıq quruluşuna görə Marağa abidələrinə yaxındır.
Naxçıvan məktəbinin kərpic tikililərində formalaşmış memarlıq üsulları daşdan tikilmiş türbələrdə – Naxçıvan MR-nın Cuğa kəndi yaxınlığındakı Gülüstan türbəsində (XIII əsrin əvvəli), Füzuli rayonunun Babı kəndindəki Şeyx Babı Yəqubi türbəsində (1273–1274 memarı Əli Məcidəddin olması güman edilir) və Aşağı Veysəlli kəndindəki Mirəli türbəsində (XIII–XIV əsrlər) əksini tapmışdır. Bərdədə (1322, memar Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani) və Naxçıvan MR-nın Qarabağlar kəndində (qoşa minarəli türbə; minarələr XII əsr – XII əsrin əvvəli, türbə XIV əsrin əvvəli) qalmış türbələrin oxşarlığına və hər ikisinin XIV əsrin əvvəlində tikilməsinə əsasən bu abidələrin eyni memar tərəfindən yaradıldığı ehtimal olunur.
X–XII əsrlərdə yaşayıb yaratmış bir çox Azərbaycan memarları, bənnaları və memarlıq bəzəyi ustalarının adları müxtəlif tikililərin kitabələrində, daş plitələrində, dekorativ bəzək məmulatlarında və digər qaynaqlarında dövrümüzədək çatmışdır. Bunlardan
Böyük inkişaf yolu keçmiş Şirvan-Abşeron memarlıq məktəbi abidələri üçün daş konstruksiyalar, tikililərin həcm-məkan həllinin lakonikliyi, daş üzərində oyma bitki ornamentləri səciyəvidir. Bakıdakı Sınqqala minarəsi (1078, Məhəmməd Əbubəkr oğlu), Qız qalası (XII əsr, memar Məsud Davud oğlu), Mərdəkan qalaları (Dairəvi qala, 1232, memar Əbdülməcid Məsud oğlu; Dördkünc qala, XIV əsr), Nardaran qalası (1301, memar Mahmud Səd oğlu), Ramana qalası (XIV əsr) və s. bu məktəbin ən yaxşı abidələri sırasına daxildir. XIII əsrdə Bakı limanında tikilmiş və hazırda suyun altında qalmış Şirvanşahların "Bayıl qəsri" adlı iqamətgahı da bu dövrün maraqlı tikililərindəndir. Bürclü divarlarla əhatə olunmuş bu binalar kompleksi (1235, usta Zeynəddin Əburəşimd oğlu Şirvani və ehtimal ki, memar Əbdülməcid Məsud oğlu) üzərindəki daş oymalar, yazı və təsvirlər qurşağı ilə birlikdə nadir memarlıq ansamblıdır. Şirvan-Abşeron memarlıq məktəbinə mənsub olan tikililərdən biri də XIII–XIV əsrlərdə formalaşmış Pirsaatçay xanəgahıdır. Pir Hüseyn türbəsinin ətrafında salınmış bu dini kompleksdəki minarənin üzərində onun tikilmə tarixi (1256) və memarın adı (Mahmud ibn Maqsud) qalmışdır. Mərəzədəki Diribaba türbəsi (1402), indiki Qusar rayonunun Həzrə kəndindəki Şeyx Cüneyd türbəsi (1544) və Bakıda Şirvanşahlar sarayı kompleksində (1420–60) Şirvan-Abşeron memarlıq məktəbinin yetkin dövrü əksini tapmışdır.
XIII əsrin oratlarında Elxanilər dövlətinin yaranması memarlıq sahəsində müəyyən canlanmaya səbəb oldu. Elxanilər sülaləsinin banisi Hülakü xanın (1256–65) hakimiyyəti illərində Marağa rəsədxanası tikildi. Dövlətin paytaxtının Təbrizə köçürülməsi ilə bağlı Təbriz şəhəri önəmli memarlıq-sənətkarlıq mərkəzinə çevrildi. Təbrizin ətrafında Arquniyyə, Qazaniyyə, Rəşidiyyə kimi şəhərciklər salındı.
XV əsrin sonu – XVI əsrin əvvəllərində Səfəvilər dövlətinin yaranması və Təbrizin paytaxt elan edilməsi, eləcə də Şirvanın inzibati mərkəz kimi əhəmiyyətini itirməsi ilə bağlı Azərbaycanın siyasi və iqtisadi həyatı ölkənin güneyində mərkəzləşdi. Bu dövrdə şəhərlərin böyüməsi ilə bağlı bədii ənənələr yeni inkişaf mərhələsinə çatdı. Azərbaycan memarlığında Təbrizin mövqeyi xüsusilə gücləndi.
XV–XVI əsrlərdə Azərbaycan memar və nəqqaşları başqa ölkələrdə də fəaliyyət göstərmiş, müxtəlif şəhərlərdə maraqlı sənətkarlıq örnəkləri yaratmışlar. Bursa, Qahirə, Bağdad, Dəmirqapı (Dərbənd), Herat, Səmərqənd və s. şəhərlərdəki bir sıra memarlıq abidələrində Azərbaycan memarların "imzaları" qalmışdır. Bursa şəhərindəki ünlü Yaşıl türbənin (1420–21) nəfis naxışlarla bəzədilmiş qapılarını azərbaycanlı usta Əhməd Təbrizli hazırlamışdır. Türbənin yaxınlığındakı Yaşıl Camenin (1424) mehrabını Təbriz ustaları özlərinin hazırladıqları müxtəlif boyalı çinilərlə bəzəmişlər. Çaldıran vuruşmalarından (1514) sonra I Sultan Səlim tərəfindən İstanbula aparılmış Azərbaycan memar Əli Təbrizli (Əsir Əli, Əcəm Əli təxəllüsləri il də tanınmışdır) İstanbuldakı Topqapı sarayının baştağını və Sultan Səlim məscidini (1522) tikmişdir.
Feodal Şərqinin başqa ölkələrindəki şəhərlərdə olduğu kimi, Azərbaycan şəhərlərində də hamam binaları geniş yayılmışdı. Hamamlar sanitariya-gigiyena funksiya daşımaqla yanaşı, həm də istirahət, görüş, söhbət və stolüstü oyunlar, habelə mərasimlər yeri idi. Azərbaycan hamalarının ən yaxşı örnəkləri Abşeronun Nardaran kəndində (1388, memar Kəştasif Musa oğlu), Bakının İçərişəhər bölməsində (Qasımbəy hamamı, XIV əsr, Hacı Qayıb hamamı, (XV əsr), Basqalda (XVII əsr), Gəncədə ("Çökək hamam", XVII əsr), Şuşada ("Merdinli" məhəlləsinin hamamı), Qubada ("Çuxur hamam"), Şəkidə ("Ağvanlar hamamı" – hər üçü XIX əsr), Ağdamda (Abdal Gülablı kəndinin hamamı 1900, memar Kərbalayi Səfixan Qarabaği) qalmışdır.
XVIII əsrdə Azərbaycanın ayrı-ayrı xanlıqlara parçalanması, ölkənin iqtisadi cəhətdən dağınıqlığı memarlıq və inşaatın inkişafında durğunluğa səbəb oldu. Ayrı-ayrı hallarda keçmiş ənənələr əsasında tikilmiş binaların memarlıq həllində inşaat sənətinin geriləməsi özünü göstərir. Bununla yanaşı, şəhərsalma sənəti sahəsində müəyyən dönüş yarandı. İri şəhərlər və yaşayış məskənləri xanlıqların inzibati və sənətkarlıq mərkəzinə çevrildi.
XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi Əsgəran qalası (sonra İbrahim xan tərəfindən genişləndirilmişdi) bu dövrün ən iri müdafiə tikilisidir. Qarqar çayının sağ və sol sahillərində salınan Əsgəran qalası iki istehkamdan ibarətdir.
XVIII–XIX əsrlər xalq yaşayış evlərinin maraqlı örnəkləri Zakatala, Şəki, Ordubad, Şuşa, Quba, Qonaqkənd, Gəncə və Abşeronda qalmışdır.
Bu dövrdə Azərbaycan memarlığı iki yöndə – yaşayış məskənlərinin memarlıq-plan quruluşunda mühüm yer tutan bina kompozisiyası prinsipləri və Avropa memarlığı ənənələri əsasında inkişaf edirdi. XIX əsrdə yaşayış binaları istisna olmaqla, ən xarakterik bina tipi məhz ticarət binaları idi. Belə binalardan çox vaxt həm ticarət müəssisələri, həm də sənətkarlıq emalatxanası kimi istifadə edilirdi. Bakı, Gəncə, Şuşa və Qubadakı ticarət dükanları sırası bu tipli tikililərin ən bitkin örnəklərindəndir.
Bu çağda Azərbaycanda xəstəxanalar və demək olar ki, bütün şəhərlərdə kiçik tibb müəssisələri də tikilmişdir. 1860 illərdə Salyanda memar Q. Hacıbababəyovun layihəsi ilə tikilmiş xəstəxana XX əsrin əvvəllərinədək fəaliyyət göstərmişdi.
XIX əsrin II yarısında tikilməyə başlanmış teatr binaları Azərbaycan memarlığında tamamilə yeni qurğu tipi idi. İlk teatr binası Şamaxıda (1858, memar Q. Hacıbababəyov), sonralar isə Bakıda Tağıyev Teatrı (indiki Azərbaycan Dövlət Musiqili Komediya Teatrı; 1883, P. İ. Konqnovitski; 1980-ci illərin sonunda sökülmüşdür) və Mayılov Teatrı (indiki Azərbaycan Dövlət Opera və Balet Teatrı; 1911, memar N. G. Bayev; 1985 ildə teatrın binası yanmış, 1986–87 illərdə həmin layihə üzrə yenidən bərpa edilmişdir).
XIX əsrin I yarısında irihəcmli və monumental dini binalar tikilmişdi. Bu dövrdə Azərbaycanda keçmiş ənənələri müəyyən dərəcədə davam etdirən məhəlli xarakterli memarlıq məktəbləri yarandı. Məscid binalarının xarici simasının səciyyəvi xüsussiyyətləri Azərbaycan ərazisində Bakı-Abşeron, Quba-Qusar, Gəncə-Qarabağ, Şəki-Zaqatala, Lənkaran və Naxçıvan kimi yerli memarlıq məktəblərini müəyyənləşdirməyə imkan verir.
Bakıdakı Bəy məscidi (İçərişəhərdə; 1895, memarlar Məhəmməd Haşim əl-Bakuvi və Mirəli ən-Naqi bin Seyyid Hüseyn), Qasım bəy məscidi (1896, memar Məşədi Mirzə Qafar İsmayılov), Təzəpir məscidi (1905–14), "İttifaq", yaxud Göy məscid (1912–13), Əmircanda M. Muxtarovun məscidi (1909; hər üç məscidin memarı Z. Əhmədbəyovdur) kapitalizm dövrü üçün ən xarakterik tikililərdir.
Milli memarlıq abidələri ilə zəngin olan və sabit memarlıq ənənələrinə malik Qarabağ zonasında Avropa memarlığı dərin kök sala bilməmiş, yerli üslublar arasında itib-batmışdı. XIX əsrin ortalarında Qarabağda özünəməxsus memarlıq məktəbi yaranmış və onun ən görkəmli nümayəndəsi Kərbəlayı Səfixan Qarabaği olmuşdur. Memarlıq üsullarında yerli ənənə və prinsiplərə axıradək sadiq qalan Kərbəlayi Səfixan Bərdədə İmamzadə kompleksini yenidən qurmuş (1868), Ağdamda məscid (1868–1870), Şuşada Aşağı məscid (1874–1975), Yuxarı məscid, yaxud Cümə məscidi (1883) və məhəllə məscidləri, indiki Füzuli şəhərində Hacı Ələkbər məscidi (1890), həmin rayonun Horadiz (1891–1908) və Qoçəhmədli (1906) kənd məscidləri Oddesada Tatar məscidi (1870 illər), Aşqabadda Qarabağlılar məscidi (1880 illər) və s. binalar tikilmişdir.[4] Azərbaycanda memarlıg inkşaf edir və edəcək. Sizədə demək istəyirik ki memarlıgımızı qoruyun.
XX əsrliyin 30-cu illərindən başlayaraq, Azərbaycan memarlığında yeni mərhələ başlanır. Memarlıqda mütərəqqi yeniliklər bu vaxt xüsusilə Bakı şəhərinin timsalında özünü büruzə verməyə başlayır. Bakı şəhərinin yenidən qurulması, ictimai-inzibati binaların tikilişi bu dövrün xarakterik xüsusiyyətlərindəndir.[5]
1934-cü ildə Bakıda Azərbaycan Respublikasının Hökumət Evinin layihəsi üçün müsabiqə keçirilir. Müsabiqə Azərbaycan memarları arasında yaradıcılıq axtarışlarının güclənməsinə, sənətkarlığın yeni və daha yüksək səviyyəyə qalxmasına səbəb olur. 1952-ci ildə dəniz sahilində tikilib başa çatan bu monumental, böyük bina indiyə qədər Bakının memarlıq simasında həlledici yerlərdən birini tutur.
Bakıda ansambl tələblərinə cavab verən gözəl memarlıq nümunələrindən biri kimi Bülbül prospekti ilə 28 May küçəsinin kəsişdiyi yerdə tikilən Nizami kinoteatrını və onunla üzbəüz duran inzibati binanı (memarlar S. Dadaşov və M. Hüseynov) göstərmək olar. Memarlar həmin ərazidə olan köhnə binaların üslubunu nəzərə almış, klassik ənənələrdən istifadə yolu ilə yeni tipli ictimai binalar yaratmışlar. Şəhərin ən mühüm və gediş-gəlişli yerlərindən birində tikilən bu binalar, bütün ətraf binaları özünə tabe etdirərək, hər iki küçənin memarlığında gözəl ansambl yaratmışdır.
30-cu illərdə Azərbaycan memarları milli ənənələri böyük həvəsli öyrənərək, yaradıcılıq təcrübələrində tətbiq edirdilər. Bədii irsdəki mütərəqqi cəhətləri müasir memarlığın məzmunu ilə əlaqələndirmək sahəsində aparılan axtarışlar bir sıra hallarda gözəl nəticələr vermişdir. Bu sahədə Sadıx Dadaşov və Mikayıl Hüseynovun birgə yaratdıqları bir sıra binalarda klassik Azərbaycan memarlıq irsinə əsil yaradıcı münasibət özünü göstərir. Buna iki görkəmli memarın layihəsi üzrə Moskvada inşa edilən Kənd Təsərrüfat Sərgisinin Azərbaycan pavilyonu və Bakıda Nizami Muzeyinin binası misal ola bilər.
Çağdaş memarlığımızın incilərindən sayılan Nizami muzeyinin binası barədə ətraflı danışmağa dəyər. Aparılmış elmi araşdırmalar göstərir ki, indiki Nizami muzeyinin yerində vaxtilə, yəni 1860-cı illərdə memar Qasımbəy tərəfindən tikilmiş "Metropol" mehmanxanası yerləşmişdir. Memar S. Dadaşov və M. Hüseynov demək olar ki, bu binanı yenidən qurmuş və onun daxili-xarici görünüşünü tamam dəyişdirib, Nizami dövrünün abidəsinə çevirmişlər. Sonralar muzey qarşısındakı meydan formalaşmış, orada şairin heykəli qoyulmuş və bağ salınmışdır. 40-cı illərdə yaranmış Nizami meydanı ansamblı Bakının memarlıq tarixində mühüm bir mərhələdir. O, bu gün də memarların və rəssamların diqqətini özünə cəlb edir. Binanın bədii tərtibatında zəmanəsinin ən görkəmli rəssamları, xalq sənətkarları da fəal iştirak etmişlər. Burada heykəltəraşlardan Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, dekorativ-tətbiqi sənətimizin görkəmli sənətkarları Lətif Kərimov, Hüseyn Babayevin adlarını xüsusi qeyd etmək lazımdır. Beləliklə, müəllif kollektivinin səmərəli yaradıcılıq axtarışları nəticəsində binanın milli memarlıq baxımından çox düzgün həlli tapılmışdır.
Binaya daxil olarkən sanki Nizami dövrünün ədəbi irsi ilə görüşürsən. Muzeyin divar rəsmləri — ümumi rəng çalarları ilə Şuşa, Şəki, Təbriz və s. şəhərlərdəki qədim yaşayış evləri və sarayların divar rəsmləri ilə səsləşir.[5]
1950-ci illərdən başlayaraq, Bakı, Gəncə, Sumqayıt, Əlibayramlı və s. şəhərlərdə müasir memarlıq baxımından bir sıra əhəmiyyətli ictimai binalar tikilməyə başlanır. Bunlardan ilk növbədə Elmlər Akademiyası şəhərciyinin kompleksi, M. F. Axundzadə adına Dövlət Kitabxanası (memar M. Hüseynov), Azərbaycan Dövlət Akademik Dram Teatrının binası (memarlar Q.Əlizadə, M.Mədətov) və Gəncənin Mərkəzi Meydanında yerləşən inzibati bina (memar Ə.İsmayılov) nəzəri xüsusilə cəlb edir.
Memarlıq formaları və şəhərsalma nöqteyi-nəzərdən müxtəlif olan bu binaları birləşdirən bir cəhət də vardır. Müəlliflər Azərbaycan klassik memarlığının ənənələrindən istifadə edərək, binaların abidəvi olmasına çalışmışlar.
1960–1970-ci illərdə Bakıdakı layihələndirilən və həyata keçirilən ən əhəmiyyətli şəhərsalma tədbirlərindən biri də Hökumət Evinin yerləşdiyi Azadlıq meydanının yenidən qurulma layihəsinin tərtibi sahəsində görülən işlərdir. Bu dövrün ictimai binaları içərisində diqqəti cəlb edən bir neçə əhəmiyyətli tikinti vardır. Bunlardan ən başlıcası Azadlıq meydanında yüksələn "Azərbaycan" mehmanxanasıdır. Meydan tərəfdən 16 və Neftçilər prospekti tərəfindən 11 mərtəbəli olan bu mehmanxana eyvanların geniş tətbiqi nəticəsində cənub iqliminə uyğun olan bir görkəm almışdır. Memarlıq həllinin əsas ünsürü olan həmin eyvanlar eyni zamanda mehmanxananın Azərbaycan xalq yaşayış binalarına uyğun şəkil almasına yardım edir.
Bu dövrdə yaradılmış əhəmiyyətli tikintilərdən biri də Bakı sirkidir. Şəhərin Səməd Vurğun küçəsində, hündür bir mövqedə yerləşən Dövlət sirki son dərəcə gözəçarpan şəhərsalma mövqeyi ilə bərabər, eyni zamanda daxili təchizatının müasir səviyyədə həll edilməsi və xarici fasadlarının düşünülmüş memarlıq bölgüləri ilə diqqəti cəlb edir. 2500 tamaşaçı tutan Dövlət sirki adı sirk manejindən əlavə, mexaniki vasitələrlə təchiz edilmiş daha iki manejə malikdir. Bu manejlər sirkin daxilində buz üzərində və suda tamaşalar verilməsinə imkan yaradır (memar Ənvər İsmayılov).
Respublika memarlarının son illərdəki yaradıcılıq müvəffəqiyyətlərindən biri də Bakı metrosunun xarici vestibülləri və yeraltı perronlarının memarlıq quruluşudur. İstər xarici pavilyonlarda, istərsə də metronun yeraltı qurğularında memarlıq vasitələrindən və bu vasitələrin başqa sənət növləri ilə sintezindən bacarıqla istifadə edilmişdir. Bakı metropoliteninin stansiyaları milli Azərbaycan memarlığı nümunələrindən bacarıqla istifadə olunması, tikintisinin yüksək keyfiyyəti və zövqlüyü ilə seçilirlər.
"Nərimanov" metro stansiyasının (memar M. Hüseynov) yeraltı vestibülü
tirsiz-sütunlu tiplidir. Yönəldilmiş işıqlar və genişlik yeraltı zala xüsusi əzəmət verir. Açılmış çiçəyə bənzər qəşəng biçimli sütunlar orta keçid yoluna "Ulduzlu" tavanı saxlayır.
"Bakı Soveti" metro stansiyası (memarlar Ş. Zeynalova, H. Qədimov, T. Xanlarov) İçərişəhərə yaxın tarixi hissədə tikilmişdir. Stansiyanın pavilyonu nazik çərçivələrlə haşiyələnmiş şüşə vestibülü küçədən ayırır. Zərif portal və tava stansiyaya girişi qeyd edir. Metro stansiyası qarşısındakı meydança Bakının ən qədim ictimai bağı ilə həmsərhəddir. Tək-tək durmuş Eldar şamları və Vaşinqton palmaları həm bağın davamı, həm də stansiyanın baxılmasına gözəllik və təkraredilməzlik verir.[5]
"Nizami" metro stansiyası (memar M. Hüseynov) şəhərin köhnə hissəsində, üç-dörd mərtəbəli tikintilər əhatəsindədir. Yeraltı stansiyanın memarlığında milli memarlıq ənənələrindən geniş istifadə olunmuşdur. Stansiyanın yeraltı vestibülü dərindədir, pilon tiplidir. Onun memarlığında sıravi tağlarvə sənətdə sintez üçün böyük imkan yaradan dekorativ tağlar, pilonlar aparıcı rol oynayır. Bakıda ilk dəfə olaraq, "Nizami" metro stansiyasında mozaikadan geniş istifadə olunmuşdur. Xalq rəssamı M. Abdullayev tərəfindən yaradılmış bu rəngarəng mozaikalar metroya xüsusi gözəllik bəxş edir. Böyük ideya və bədii estetik əhəmiyyət kəsb edən mozaik lövhələr stansiyanın geniş yeraltı vestibüllərini şəkil qalereyasına bənzətmiş, buraya muzey ab-havası vermişdir. Bu əsərlərdəki monumental divar boyakarlığı ilə memarlığın sintezi nəinki təkcə rəssamın,
həmçinin memarın da qarşısında bir sıra mühüm tələblər qoymuşdur. Çünki layihə müəllifi binanın memarlıq tərtibatında rəssamlıq əsəri üçün hansı guşəni ayıracağı haqqında aydın təsəvvürə malik olmaqla yanaşı, bu əsərlərin nə kimi məziyyət daşıdığını da bilmişdir.
M. Abdullayevin "Xəmsə" süjetli bu mozaikalarının məhz tarixi zəmin üzərində qurulduğu göz qabağındadır. Vestibülün baş divarında şairin portreti ətrafındakı çatma taxçalarda isə poemalardan müxtəlif süjetlər təsvir edilmişdir. Stansiyasının vestibülündəki süjetli mozaik lövhələrin üstün cəhətlərindən biri də onların müəyyən qisminin, məsələn, "Nəqqaş Mani", "Kərpickəsən kişinin dastanı", "Daranın ölümü", "Məcnun və atası" və s. kimi epizodların Azərbaycan təsviri sənətində ilk dəfə fırçaya alınmasıdır.[5]
Əsrin axırlarında respublikamızda bir neçə yüksək mahiyyət kəsb edən xatirə abidələri də yaradılmışdır. Bunlardan Naxçıvandakı Hüseyn Cavid (memar R. Əliyev), Şuşadakı Molla Pənah Vaqifin abidələrini (memarlar Ə. Salamzadə, E. Xanıkov) göstərmək olar. Bu xatirə abidələrinin hər ikisini də memarlarımızın yeni nailiyyəti kimi qiymətləndirmək lazımdır. Onlar müasir memarlığın ən yaxşı nümunəsi olmaqla yanaşı,
həm də Azərbaycan milli memarlığının ənənəvi xüsusiyyətlərindən yaradıcılıqla istifadə olunmasına parlaq misaldır.[5]
Şəhərimizin estetik simasının formalaşmasında sənaye tikintiləri də əhəmiyyətli rol oynamağa başlayıblar. Sənaye qurğularının yüksək texnologiya və təmizlik səviyyəsi onların yaşayış rayonlarında yerləşdirilməsinə imkan vermişdir. Bunlardan Bakı məişət kondisionerləri zavodunu, Şampan çaxırları zavodunu, Mərkəzi Şəhər telefon stansiyasını, Azərbaycan nəşriyyatını, Azərbaycan Milli Bankını, ən müasir tələblərə uyğun şəkildə qurulmuş Avropa zal kompleksini və s. göstərmək olar.[5]