Mərənd Cümə Məscidi – Güney Azərbaycanın Mərənd şəhərində yerləşən və əsası XII əsrdə qoyulmuş məscid kompleksi. Kompleksin özəyini təşkil edən Mərənd məqsurəsində XIV əsrdə Elxani hakimi Əbu Səid Bahadır xanın sifarişi ilə böyük yenidən qurulma işləri aparıldığından abidə həm də Əbu Səid Camisi adıyla tanınmışdır.
Cümə məscidi | |
---|---|
38°25′52″ şm. e. 45°46′31″ ş. u.HGYO | |
Ölkə | İran |
Şəhər | Mərənd |
Yerləşir | Mərənd |
Aidiyyatı |
Böyük Səlcuq İmperiyası Hülakülər dövləti |
Tikilmə tarixi | XII əsr |
Üslubu | Səlcuqlu memarlığı |
Uzunsov biçimli planından Mərənd cümə məscidinin bir neçə mərhələdə tikildiyi aydın görünür. Məscidin böyük sahəli ibadət salonu dayaq-günbəz konstruktiv sistemi üzrə tikilmişdir. Bu sütunlu salonun içərisində səlcuq məqsurəsi daha qabarıq gözə dəyir. Mərənd məqsurəsi, mehrab olan üzü bütöv, qalan üç üzünün hər birində iki sivri açırım olan günbəzli salondur (8,0 x 8,0). Sonralar üç yandan ona artırılan günbəzaltı məkanlar məscidin ümumi planına trapesvari biçim vermişdir.
Mərənd cümə məscidinin məqsurəsinin tikinti kitabəsi qalmamışdır. Buna baxmayaraq plan-məkan quruluşuna görə mütəxəssislər onu XII əsrin ortalarının əsəri hesab edirlər. Bu abidə XIV əsrdə Elxani hakimi Əbu Səid Bahadır xanın dövründə genişləndirilmiş və onun interyeri yenidən bəzədilmişdir. Həmin çağda Səlcuq məqsurəsinin mehrabı yapma gəc bəzəyi ilə tamamilə yenidən qurulmuşdur. Nizam Bəndgir Təbrizinin hicri 731 – ci ildə (miladi 1330 – 1331) yaratdığı mehrab kompozisiyası (eni 2,70 m, hündürlüyü 4,60 m) Mərənd cümə məscidini məşhurlaşdıran nadir gəctəraşlıq əsəridir.
Mərənd məqsurəsinin günbəzini üç yandan dövrələyən günbəzlər alçaq olub kərpicdən hörülmüşdür. Məqsurənin öz günbəzi isə tamamilə uçulmuş və indi onun salonu atma tirlərlə örtülüdür. Məqsurə cümə məscidinin özəyi, eləcə də kompozisiya və ideya mərkəzi olduğundan ilk halda onun günbəzi məscidin yayğın tutumu üzərində yüksəlirmiş.