Cəbrayıl Atamalı oğlu Ağayev (20 iyul 1964, Şivlə, Lerik rayonu – 1 yanvar 1993, Ərdəşəvi, Laçın rayonu) — Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş, Laçın rayonunun Ərdəşəvi kəndi uğrunda gedən döyüşlər zamanı ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.
Cəbrayıl Ağayev | |
---|---|
Fayl:Cəbrayıl Ağayev.jpg | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 iyul 1964 |
Doğum yeri | |
Vəfat tarixi | 1 yanvar 1993 (28 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | şəhid |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1989-1993 |
Rütbəsi | baş gizir |
Vəzifəsi | taqım komandiri |
Cəbrayıl Ağayev 20 iyul 1964-cü ildə Lerik rayonunun Şivlə kəndində anadan olmuşdur. O 1981-ci ildə Biləvər kənd orta məktəbini bitirmişdir. 1983-cü ildə Lerik Rayon Hərbi Komissarlığı tərəfindən Sovet ordusu sıralarına çağırılır. Özbəkstan SSR-in Çirçik şəhərində 6 ay, Əfqanstanda 3 il 6 ay Beynəlmiləl qoşun kontingentinin tərkibində xidmət edir. Hərbi xidmətdən sonra General-leytenant H.C.Rəsulbəyov adına Bakı Rabitə Texnikumunu bitirir. Texnikumu bitirdikdən sonra Cəlilabad rayonunun Göytəpə qəsəbəsində yerləşən 741 saylı batalyonda gizir kimi hərbi xidmətə başlayır. Əfqanstanda Cəbrayıl mahir topçu kim ad çıxarır. Döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlıqları "Döyüşdə fərqlənməyə görə", "Beynəlmiləl döyüşçü döş nişanı", "Əfqan xalqından təşəkkür", "Mərdliyə görə" və sair medallarla, bir sıra fəxri fərman və təşəkkürnamələrlə qiymətləndirilir.
Cəbrayıl Ağayev Qarabağ ordu quruculuğunda fəal iştirak edir. 1992-ci ildən Füzuli, Qubadlı, Zəngilan, və Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edir. Döyüş bacarığı və igidliyi ilə seçilən Cəbrayıl Ağayev döyüşlərin birində Füzuli tank batalyonun komandiri, yaralanmış Səyavuş Babayevi xilas etdikdən sonra döyüşçülər arasında çaşqınlıq düşməsinə yol verməyib, döyüşə özü rəhbərlik edir. Onun bu qəhrəmanlığı döyüşçü yoldaşları arasında ona olan etimadı bir az da artırır.
Cəbrayıl Ağayev taborun təchizat taqımının komandiri olsa da, təkcə bölmələrin silah-sursat və digər döyüş avadanlıqları ilə təchizatı ilə kifayətlənmir. O bütün döyüşlərdə döyüşün ən qaynar nöqtələrinə atılaraq düşmənə qarşı mərdliklə vuruşur. O Laçın rayonunun Səfiyan kəndi uğrunda gedən döyüşlər zamanı xüsusi qəhrəmanlıq göstərir.
Cəbrayıl Ağayev 1 yanvar 1993-ci il tarixdə Laçın rayonunun Ərdəşəvi kəndi uğrunda gedən döyüşlər zamanı şəhid olur. Cəbrayıl Ağayevə Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi üçün 741 nömrəli hərbi hissənin komandiri baş leytenant Güloğlan Bağırov tərəfindən təqdimat yazılsa da, məlum olmayan səbəblərə görə bu məsələnin icrası həllini tapmamış qalır.
Evli idi. Həyat yoldaşı Səbzə Ağayeva 25 oktyabr 1993 ildə vəfat etmişdir. İki oğlu — Teymur — Seymur və Səidə adlı bir qızı var.
Doğulduğu Şivlə kəndinin məzarlığında dəfn edilmişdir.
Bitirdiyi orta məktəb onun adını daşıyır.