Cəfər Haşım oğlu Cəfərov (20 sentyabr 1914, Bakı[1] – 19 sentyabr 1973, Bakı) — teatrşünas, ədəbiyyatşünas və estetik, ictimai xadim, sənətşünaslıq elmləri doktoru (1961), Azərbaycan MEA-nın müxbir üzvü (1962), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1973).[2][3][3][4]
Cəfər Cəfərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 sentyabr 1914 |
Doğum yeri | |
Vəfat tarixi | 19 sentyabr 1973 (58 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elm sahəsi | teatr |
Elmi dərəcəsi | sənətşünaslıq elmləri doktoru (1961) |
Elmi adı | professor |
|
|
Təltifləri |
Cəfər Cəfərov 1914-cü il sentyabrın 7-də Bakıda kiçik bir tacir ailəsində anadan olub. O, ilk təhsilini Bakıda alıb. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirib. 2 il müəllim işlədikdən sonra 1932-ci ildə Moskvadakı A.Bubnov adına Pedaqoji İnstitutun Ədəbiyyat fakültəsinə daxil olub. 1937-ci ildə ali təhsilini başa vuraraq Bakıya qayıdıb.[2][5]
Ali təhsilini başa vurduqdan sonra Bakıya qayıdan Cəfər Cəfərov "Ədəbiyyat" qəzetinin Tənqid şöbəsinin müdiri vəzifəsini icra edib. 1937–1938-ci illərdə Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri, 1938–1939-cu illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ssenari şöbəsinin müdiri, 1939-cu ildə isə Azərbaycan Yazıçılar İttifaqının məsul katibi olub.[2]
Cəfər Cəfərov hökumətdə müxtəlif məsul vəzifələrdə çalışıb. Belə ki, o, 1947-1954-cü illərdə Azərbaycan KP MK-da şöbə müdiri, mədəniyyət nazirinin müavini vəzifələrini icra edib.[2]
O, sonrakı illərdə Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyət göstərməklə yanaşı, "Pravda" qəzetinin Azərbaycan üzrə müxbiri olub. 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Memarlıq və İncəsənət İnstitutu Teatr və kino şöbəsinin müdiri olub. Burada bir sıra teatrşünas alimlərin yetişdirilməsinə, kino və teatr sənətinə aid tədqiqatlar aparılmasına rəhbərlik edib. Eyni zamanda 1967-1972-ci illərdə Azərbaycan KP MK-nın İdeoloji iş üzrə katibi vəzifəsini icra edib.[2][5]
Cəfər Cəfərov 1940-cı ildə hərbi xidmətə çağırılıb.[5] O, II Dünya müharibəsinin ilk günlərindən 1947-ci ilə kimi ordu sıralarında xidmət edib. Xidmətdə olduğu vaxt "Krım cəbhəsi" qəzetinin redaktoru işləyib, İraq və İrana ezamiyyətə göndərilib.[2]
Cəfər Cəfərov tənqidi fəaliyyətə 1930-cu ildən başlayıb. O, teatrın, dramaturgiyanın həm tarixi, həm də nəzəri problemlərinə dair sanballı əsərləri ilə milli teatrşünaslığımızın elmi-nəzəri əsaslarını yaradıb. Belə ki, Hüseyn Ərəblinskinin, İsmayıl Hidayətzadənin, Həqiqət Rzayevanın, Mehdi Məmmədovun, Tofiq Kazımovun, Abbasmirzə Şərifzadənin, Rza Təhmasibin yaradıcılıqları barədə elmi məqalələr, monoqrafiyalar yazıb. Akademik Milli Dram Teatrının tarixini fundamental şəkildə araşdırıb və həmin mövzuda bir neçə kitab çap etdirib. Azərbaycan və bir sıra rus teatrlarının ən maraqlı tamaşalarına resenziyalar yazıb.[2]
Cəfər Cəfərovun 1934-cü ildə "Ədəbiyyat qəzeti"nin 30 may sayında nasir Ənvər Məmmədxanlının "Burulğan" povestinə həsr olunmuş "Həyat burulğanı və ondan çıxış yolu" məqaləsi dərc edilib. Alimin ədəbi-tənqidi irsində teatr və dramaturgiyanın tədqiqi birinci sırada dururdu. "Hacı Qara", "Azərbaycan dramaturgiyası", "Dramaturgiya və teatrımızın yeni yüksəlişi uğrunda","Yüksək keyfiyyətli dramaturgiya uğrunda", "M.F.Axundovun dramaturgiyası" (monoqrafiya), "M.F. Axundov və teatr", "Nəcəfbəy Vəzirov", "Vilyam Şekspir", "Cavid teatrı", "Cəfər Cabbarlı", "Dramaturgiyada yüksək sənətkarlıq uğrunda", "Naxçıvan teatrı", "Antoni və Kleopatra", "Təklik faciədir", "Yalansız", "Azərbaycan teatrı"(monoqrafiya), "Teatrda müasirlik" - bunlar Cəfər Cəfərov tərəfindən teatr və dramaturgiya ilə bağlı yazılan məqalələrdir.[5]
Teatrşünas alim "M.F.Axundovun dramaturgiyası" monoqrafiyasında Axundovun dramaturji irsini tədqiq edib. Habelə "Təklik faciədir" məqaləsində dramaturq İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesi və onun tamaşası haqqında yazıb. Cəfər Cəfərov Azərbaycan teatrının təxminən bir əsrlik tarixini qələmə almışdı. "Azərbaycan teatrı (1873-1973)" monoqrafiyası (əsərin sonuncu fəsli- "Axtarışlar davam edir"- Yaşar Qarayev tərəfindən qələmə alınıb) uzun illər gərgin axtarışlar nəticəsində ərsəyə gəlmişdi. O, araşdırmaçı bir alim kimi "Hüseyn Ərəblinski. Sənəti və mübarizəsi" məqaləsini qələmə almışdı.[5]
Cəfər Cəfərov "Rejissor sənəti", iki cilddə Azərbaycan və iki cilddə rus dillərində "Seçilmiş əsərləri", "Azərbaycan Dram Teatrı" kitablarını, "Cavid və teatr", "Mirzə Fətəli Axundazdənin dramaturgiyası", "Mirzə Fətəli Axundzadə və teatr", "Vilyam Şekspirin dramaturgiyası" elmi əsərlərini yazıb.[2]
Cəfər Cəfərov ömrünün 40 ilə qədər böyük bir hissəsini milli ədəbiyyata və incəsənətə həsr edib. "Azərbaycan teatrı (1873-1973)" adlı monoqrafiyasında tarixi və elmi faktları sistemləşdirib. O, "Azərbaycan dramaturgiyası" adlı məqaləsində N.B.Vəzirovun yaradıcılığına geniş yer verib. Teatrşünas alimin "Estetik fikir tariximizdən", "Estetik zövq", "Estetika və sənətşünaslıq", "Sənətlərin təsnifi" kimi məqalələri estetika fənninin tədrisi üçün dəyərli mənbələrdən hesab olunur.[4][5]
Cəfər Cəfərov 1973-cü il sentyabrın 19-u Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.[2][3][6]
Cəfər Cəfərov 1972-ci ildə "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif olunub.[3]