Cəlil Hüseynov (akademik)

Cəlil Yusif oğlu Hüseynov (28 dekabr 1896, Nuxa21 mart 1979, Bakı) ― Azərbaycan patomorfoloqu, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1967), Azərbaycan SSR əməkdar elm xadimi (1957), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978).

Cəlil Hüseynov
Doğum tarixi 28 dekabr 1896(1896-12-28)
Doğum yeri
Vəfat tarixi 21 mart 1979(1979-03-21) (83 yaşında)
Vəfat yeri
Elm sahəsi tibb
İş yeri
Mükafatları "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni
Azərbaycan SSR Dövlət mükafatı Azərbaycan SSR əməkdar elm xadimi

Cəlil Yusif oğlu Hüseynov 28 dekabr 1896-cı ildə Şəki şəhərində anadan olmuşdur. O, 1905–1907-ci illərdə Şəki şəhərindəki rus məktəbində, 1908–1918-ci illərdə Tiflisdə I oğlanlar gimnaziyasında, 1919-cu ildə isə Bakı oğlanlar gimnaziyasında təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1924-cü ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsində almışdır.[1]

Cəlil Hüseynov 1924–1946-cı illərdə akademik İ. İ. Şirokoqorovun rəhbərlik etdiyi Patoloji anatomiya kafedrasında assistent, dosent, professor olaraq fəaliyyət göstərmişdir. Eyni zamanda 1925-ci ildə "Muğam malyariya ekspedisiyası"nın Cənub-Muğan qrupuna rəhbərlik etmişdir. O, 1946–1979-cu illərdə Azərbaycan Tibb Universitetinin Patoloji anatomiya kafedrasının müdiri vəzifəsini icra edərək elmi-pedaqoji fəaliyyət göstərmişdir. Habelə alim 1946–1979-cu illərdə Azərbaycan Səhiyyə Nazirliyinin baş patoloqanatomu kimi fəaliyyət göstərmişdir.[1]

Cəlil Hüseynov patoloji anatomiya sahəsi üzrə böyük xidmətləri olan alimdir. Malyariya zamanı nekroz və qanqrenaların, tropik malyariya, qarayara, səpkili yatalaq xəstəliklərinin patomorfologiyası və patogenezinin, habelə müxtəlif xəstəliklər zamanı periferik sinir sisteminin patomorfologiyasının öyrənilməsi məsələləri alimin fəaliyyətinin əsasını təşkil edir.[1]

Azərbaycan elminə böyük töhfələr bəxş etmiş Cəlil Hüseynovun 200-ə yaxın elmi əsəri, monoqrafiya, dərslik və dərs vəsaitləri vardır. O, ilk dəfə Azərbaycan Tibb Universitetinin nəzdində histologiya, mikrobiologiya, patoloji anatomiya fənlərindən Azərbaycan dilində mühazirə və praktik dərslər aparmışdır. Akademik tərəfindən histologiya, mikrobiologiya, patoloji anatomiya və patoloji fiziologiya üzrə Azərbaycan dilində terminoloji lüğət hazırlanmışdır. Lüğət 2500 termindən ibarətdir. Eyni zamanda onun rəhbərliyi altında 15 elmlər doktoru, 28 fəlsəfə doktoru dissertiyası müdafiə olunmuşdur.[1]

Cəlil Hüseynov 1946-cı ildən Azərbaycan Patoloqlar Cəmiyyətinin sədri, 1971-ci ildən Ümumittifaq Patoloji Anatomiya Cəmiyyətinin fəxri üzvü, 1976-cı ildən Azərbaycan Sovet Ensiklopediyası redaksiya şurasının üzvü olmuşdur[1]

Cəlil Hüseynov 21 mart 1979-cu ildə Bakı şəhərində vəfat etmişdir.[1]

Monoqrafiyaları

  • "Periferik sinir sisteminin-reseptor və sinapsların patomorfologiyası barədə" (1957)
  • "Patologiya şəraitində və sinapslarda struktur dəyişikliklər (makro, mikro, elektronmikroskopik dəyişikliklər)" (1965)[1]

Kitabları

  • "Ümumi patoloji anatomiya" (1963)
  • "Xüsusi patoloji anatomiya" (1977)
  1. 1 2 3 4 5 6 7 "Hüseynov Cəlil Yusif oğlu" (Azərbaycan). science.gov.az. 16-11-2021 tarixində arxivləşdirilib.