Şərq Cəbhəsi Komandanlığı — 1918-ci ilin iyulun 16–18-də Azərbaycan və Türkiyə hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu (QİO) qüvvələrinin daha çevik və səmərəli idarəsinə nail olmaq məqsədilə yaradılmış taktiki qrup.
QİO-nun hissə və bölmələri S.Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin bolşevik-daşnak qüvvələrinə qarşı Göyçay-Şamaxı-Bakı şose yolu və Gəncə-Bakı dəmir yolu xətti boyunca hücuma başlamışdı. Müsüslü-Qaraməryəm və Ağsu-Kürdəmir xəttindəki döyüşlər vahid plan əsasında həyata keçirilirdi. Lakin hücum istiqamətləri bir-birindən məsafəcə uzaqlaşdığından bu və ya digər hissənin qısa müddət ərzində Göyçay-Şamaxı-Bakı şose yolundan dəmir yolu ətrafına atılması və ya geri çəkilməsi çətinləşirdi. Ona görə QİO komandanlığının əmri ilə Bakıya gedən şose yolu ilə hərəket edəcək hissə və bölmələr bir taktiki qrupda birləşdirildi. 10-cu Qafqaz piyada alayının komandiri şimal qrupu adlandırılan bu taktiki qrupun komandiri təyin edildi. Dəmir yolu boyunca hərəkət edən qüvvələr isə Cənub qrupu adlandırıldı və polkovnik Həbib bəy Səlimov onun komandiri təyin edildi. Bu iki taktiki qrupa rəhbərlik isə xüsusi olaraq yaradılmış Şərq Cəbhəsi Komandanlığına tapşırıldı. Bu komandanlıq bəzən Bakı cəbhəsi komandanlığı da adlandırılırdı. 5-ci Qafqaz firqəsinin komandiri Mürsəl bəy Şərq Cəbhəsi komandanı təyin edildi. İstər Şimal Cəbhəsi Komandanlığının, istərsə də Şimal və Cənub qurplarının müstəqil qərargahları var idi. Ağsudan və Karrar stansiyasmdan başlayaraq, həlledici Bakı əməliyyatına qədər bütün döyüşləri Şərq Cəbhəsi Komandanlığı aparırdı.
1918-ci il avqustun son günlərində Şərq cəbhəsi komandanlığının tərkibində üç taktiki qrup — Şimal, Qərb ve Cənub qrupları yaradıldı. Şimal qrupunun komandiri yenidən Osman bəy təyin edildi. Bu qrup Xırdalan-Mərdəkan xəttində olan sahədə fəaliyyət göstərməli idi. Qərb qrupu isə Xırdalanla Puta arasında yerləşməli idi. Onun komandiri Cəmil Cahid bəy təyin edildi. Puta ilə Ələt stansiyası arasında yerləşən Cənub qrupu isə qayməqam Həlim Pərtov bəyin rəhbərliyi altın fəaliyyət göstərməliydi.
Həlledici Bakı əməliyyatı ərəfəsində, yəni 1918-ci ilin sentyabrın 10-da QİO-nun komandanı Nuru paşanın əmri ilə Şərq Cəbhəsi komandanlığına daxil olan türk hissələri yenidən 5-ci Qafqaz fırqəsinin komandirinə tabe edildi və bununla Şərq Cəbhəsi Komandanlığının fəaliyyəti dayandırıldı.[1]
Cənub qrupu 1918-ci il iyulun 16-da Şərq cəbhəsi komandanlığının tərkibində təşkil edilmiş taktiki qrup olmuşdur.[2] Onun bazasını Müsüslü dəstəsinə daxil olmuş Azərbaycan hissə və bölmələri təşkil edirdi. Bundan başqa, 10-cu türk alayının 26-cı taborunun bir bölüyü, 5-ci Qafqaz firqəsinin istehkam bölüyü, 2 ədəd top və bir zirehli qatar, Azərbaycana yenicə gəlmiş 38-ci türk piyada alayının bir taboru da Cənub qrupuna verilmişdi. Qrup Gəncə-Bakı dəmir yolu xətti boyunca Bakıya doğru hərəkət etməli idi. Onun komandiri vəzifəsinə Kürdəmir döyüşünün gedişində polkovnik rütbəsinə layiq görülmüş Həbib bəy Səlimov təyin edilmişdi.[2]
1918-ci il avqustun 13-də Qafqaz İslam Ordusu qüvvələri Bakı ətrafında olarkən H.Səlimov Gəncəyə çağırıldı və onun yerinə Cəmil Cahid bəy təyin edildi. 1918-ci il avqustun sonunda Şərq cəbhəsi komandanlığında yeni taktiki qruplaşma aparıldıqdan sonra Cənub qrupuna komandir qaim-məqam Həlim Pərtov bəy təyin edildi. Bakıya həlledici hücum ərəfəsində 1918-ci il sentyabrın 11-də Cəmil Cahid bəy yenidən Cənub qrupunun komandiri təyin edildi. Həmin vaxt qrupun tərkibində 4-cü Ağdam piyada alayının 1-ci və 2-ci taborları, iki süvari bölüyü, ayrıca bir Azərbaycan süvari bölüyü, 2 ədəd Krupp dağ topu və 2 ədəd rus səhra topu var idi. Bakıya həlledici hücum ərəfəsində qrup şəhərin cənub-qərbində (sahil boyunca) mövqe tutmuşdu.[2]