Beşinci Qafqaz firqəsi

Beşinci Qafqaz firqəsiAzərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı imperiyası arasında Batum müqaviləsinə (1918-ci il, 4 iyun) əsasən hərbi yardım üçün Azərbaycana göndərilmiş türk hərbi birləşməsi.[1]

1918-ci il mayın 25-də Gəncəyə gələn Nuru paşa dərhal hiss etdi ki, azərbaycanlılardan və türk qoşunlarından ibarət olması planlaşdırılmış Qafqaz İslam Ordusunun təşkili çətin olacaq və çox vaxt aparacaqdır. Lakin Azərbaycanın düşdüyü ağır vəziyyət xilaskarlıq əməliyyatlarının tezliklə başlanmasının tələb edirdi. Buna görə Nuru paşa 3-cü ordunun komandanı Mehmet Vehib paşadan təcili olaraq yüksək döyüş hazırlığına malik bir qoşun birləşməsinin göndərilməsini istədi. Vehib paşa da, öz növbəsində, hərbi nazir Ənvər paşaya 2 iyun 1918-ci il tarixli teleqramında bildirdi ki, Azərbaycan Hökuməti ondan bolşevik təcavüzünə qarşı mübarizə üçün yardım istəyir. Beləliklə, bu vaxtadək şanlı döyüş yolu keçmiş, böyük döyüş təcrübəsinə malik 5-ci Qafqaz firqəsinin albay Mürsəl bəyin komandası altında təcili olaraq Azərbaycana göndərilməsi qərara alındı. Qərargah rəisi minbaşı (mayor) Rüşdü bəy idi.[1]

Azərbaycana gəlmək üçün daha münasib oln Gürcüstan ərazisi almanların nəzarəti altında olduğundan diviziya Batum-Artvin- Ərdəhan-Qarakilsə- Dilican yolu ilə Qazaxa doğru hərəkət etdi. Azərbaycan sərhədlərini birinci minbaşı Zehni bəyin komandir olduğu 2-ci süvari alayı və minbaşı Cəmil Cahid bəyin komandir olduğu 9-cu Qafqaz piyada alayı keçdi. 2-ci süvafri alayının 1918-ci il iyunun 6-da, 9-cu piyada alayının isə iyunun 7-də Qazaxda qarşılanma mərasimi oldu. 5-ci Qafqaz diviziyasının tərkibinə, əlavə olaraq, qaimməqam (podpolkovnik) Osman bəyin komandir olduğu 10-cu piyada alayı, qaimməqam Əhməd Rza bəyin komandir olduğu 13-cü Qafqaz piyada alayı, minbaşı Abdulla bəyin komandir olduğu 5-ci Qafqaz topçu alayı, istehkam bölüyü, teleqraf taqımı, səhiyyə bölüyü və digər yardımçı bölmələr daxil idi. Diviziyada 330 zabit və 7403 əsgər, həmçinin 1939 baş heyvan var idi. Əsgərlərdən 5277-si döyüş hissələrində, 2126-sı isə qeyri-döyüş hissə və bölmələrində xidmət edirdilər. 5-ci firqənin sıralarının daha da möhkəmləndirilməsi və döyüşlərdə itkilərin yerinin bərpası üçün xidmətə cəlb edilən azərbaycanlı ların da bir hissəsi onun alaylarının tərkibinə verilmişdi. Diviziyanın hissələri Gəncədən başlayaraq, Bakıya qədər davam edən döyüşlərdə iştirak etmişdilər.[1]

1918-ci il iyunun 18-də diviziyanın 10-cu piyada alayı erməni-daşnak qüvvələrinə qarşı döyüşlərdə ilk itkilərə məruz qalsa da, qüvvələri səfərbər etməklə, qısa müddətdə Bakıya qədər uğurlu döyüşlər apardı. Qaraməryəmdən başlayaraq, Bakıya qədər Azərbaycan torpaqlarının bolşevik və daşnak qüvvələrindən təmizlənməsinin, Nuru paşanın döyüş planlarının reallaşdırılmasının əsas ağırlığı bu diviziyanının üzərinə düşmüşdü. Qafqaz İslam Ordusu komandanı Nuru paşa bir neçə dəfə bu diviziyanın döyüş mövqelərində olmuş, onun əsgər və zabitlərini qələbəyə ruhlandırmaqla bərabər, bu diviziyanın Bakıya doğru uğurlu yürüşünün Həbib bəy Səlimovun başçılığı ilə gəncə-Bakı dəmir yolu boyunca hərəkət edən Cənub qrupunun fəaliyyəti ilə uzlaşdırılması üçün zəruri addımlar atmışdı. 1918-ci il sentyabrın 14-də Bakı uğrunda döyüşdə 5-ci Qafqaz diviziyası əsas zərbə qüvvəsi idi. Diviziyanın əməliyyat tabeliyinə verilmiş hissələr şəhərə birinci daxil olmuşdular. Bakı azad edildikdən sonra Azərbaycan ordusunun formalaşadırılmasını sürətləndirmək üçün diviziyanın 9-cu piyada alayı 1-ci, 10-cu piyada alayı isə 2-ci Azərbaycan piyada diviziyasının tərkibinə daxil edildi.[1]

Mudros barışığının (1918) şərtlərinə əsasən, diviziya 1918-ci il noyabrın ortalarından etibarən Azərbaycanı tərk etməyə başladı. 20-ci əsrin 30-cu illərində Türkiyədə soyadlarının tətbiqi ilə bağlı olaraq Mürsəl paşa Bakı soyadını qəbul etmişdi.[1]

  • Süleyman M. "Nuru paşa" B.2000. Büyük harpte Bakı yollarında 5.Kafkaz Piyade fırkası. 93 saylı Askeri Mecmuanın tarih kısmı., İstanbul, 1936.Birinci dunya harbinde türk harbi Kafkaz cephesi 3-cü ordu harektı,c.2,Ankara, 1993.
  • Yüceer Nasir, Birinci dunya savaşında Osmanlı ordusunun Azerbaycan ve Dağıstan harekatı, Ankara, 1996.
  1. 1 2 3 4 5 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004,