Cahanbaxş Cavadzadə

Cahanbaxş Cavadzadə — (Tam adı:Cahanbaxş Salman oğlu Cavadzadə; d.22 mart 1902, Azərbaycan, Yelizavetpol (indiki Gəncə) — ö.6 fevral 1972, Gəncə) — yazıçı, tərcüməçi, nasir, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü[1]

Cahanbaxş Cavadzadə
Cahanbaxş Salman oğlu Cavadzadə
Doğum tarixi
Doğum yeri Gəncə
Azərbaycan Azərbaycan SSR
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Gəncə
Vətəndaşlığı Azərbaycan AzərbaycanSSRİ SSRİ
Uşağı Salman Cavadzadə
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Nasir, tərcüməçi

Həyatı[redaktə | mənbəni redaktə et]

Cahanbaxş Salman oğlu Cavadzadə 1902-ci ildə mart ayının 22-də Gəncə şəhərində anadan olmuşdur. 7 yaşında mollaxanada ibtidai təhsil almışdır. 1911–13-cü illərdə ikisinifli rus-tatar məktəbində oxumuşdur. 1914-cü ildə Gəncə ruahni seminariyasına daxil olmuş, 1917-ci ildə Fevral inqilabi ərəfəsində seminariya bağlandıqdan sonra təhsili yarımçıq qalmış, 1918-ci ildə təhsil almaq üçün Konstantinopolşəhərinə getmiş, 1919-cu ilin martın 21-də vətənə qayıtmış burada üçaylıq pedaqoji kursda təhsil alıb ibtidai məktəbin təcrübəçi müəllimi olmuşdur. 1920-ci ildə may-iyun aylarında Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Vrangel cəbhəsinə göndərilmiş, sonralar Azərbaycan atıcı polkunda müəllim olmuşdur. Azərbaycan diviziyası ilə Cənubi Azərbaycanın şimal əyalətlərinə, Gilana — Kiçik xanın yaratdığı respublikaya göndərilən yazıçı 1921-ci ilin iyul ayınadək İranda (Ənzəli, Rəşt) qalmış, 1921-ci ilin avqustundan tərxis olunub Gəncəyə göndərilmişdir. 1921–25-ci illərdə Çobanabdallı kənd ibtidai məktəbinə müəllim və müdi təyin edilmiş, 1925–29-cu illərdə isə Gəncədə müxtəlif məktəb və texnikomlarda işləmişdir. 1929-cu ildə Moskva Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, yazıçı 1933–43-cü illərdə Bakıd yaşamışdır. O, burada Baş Mətbuat idarəsində redaktor, Azərnəşrdə tərcüməçi redaktor, müharibə dövründə isə Azərbaycan Radio Komitəsinin Cənubi Azərbaycan şöbəsində redaktor, F.Axundov adına Pedaqoji İnstitutunda müəllim vəzifələrində çalışmışdır. H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda Qərbi Avropa ədəbiyyatı tarixindən mühazirələr deyən C.Cahanbaxş eyni zamanda 1943–50-ci illər "Kirovabad fəhləsi" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri işləmişdir. Xidmətlərinə görə müxtəlif medallarla təltif olunmuş nasir 1972-ci ilin fevralın 6-da Gəncədə vəfat etmişdir.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Ədəbi fəaliyyətə şeirlə başlamış, sonralar nəsrə keçmişdir. "Qızıl Gəncə" jurnalında ilk mətbu nəsr əsəri — "Yaxşı həyat" dərc olunmuş, 1928-ci ildən dövri mətbuatda çıxış etmişdir. Tbilisidə "Zarya Vostoka" qəzeti redaksiyasında tərcüməçi işləmiş, oçerk və hekayələr, tənqidi məqalələr yazmış, Avropa, rus yazıçılarından (D.Bednıy, Gi de Mopassan, Pavlenko, Yulius Fuçik, Aleksandr Puşkin, A.Punko, Mamin-Sibiryak) tərcümələr etmiş, Mixail Şoloxovun "Sakit Don" romanın ilk nəşri Cahanbaxş tərəfindən Gəncədə tərcümə edilərək 1933-cü ildə Bakıda, Azərnəşrdə çap olunmuşdur. Daha sonra 1936-cı ildə 2-ci kitab, 1949-cü ildə 3-cü kitab, 1950-ci ildə 4-cü kitab Azərnəşrdə çap edilərək oxuculara təqdim olunmuşdur. 1962-ci ilin martında isə "Sakit Don" romanın 4 kitabını yeni akademik nəşrə hazırlanmasına dair tərcüməçi Cahanbaxş müqavilə imzalamış, bu romanın 8 cilddən ibarət külliyat şəklində nəşrindən 6 kitabı məhz ona həvalə edilmişdir. Səməd Vurğunun gənclik illərindən bəhs edən "Ömrün pərişan günləri" romanı "Azərbaycan" jurnalının 1997-ci il 11–12-ci nömrələrində dərc olunmuşdur. 1946-cı ildən birpərdəli komediyalar qələmə almışdır.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • "Qonşular" (1937);
  • "Xanəndə, eşşək və oynağan dəvə" (1938);
  • "İntiqam" (1939);
  • "Hekayələr" (1974).

Tərcümələri[redaktə | mənbəni redaktə et]

  • M.Şoloxov "Oyanmış torpaq" (1935);
  • M.Şoloxov "Sakit don" (I kitab) (1935);
  • M.Şoloxov "Sakit don" (II kitab) (1936);
  • N.V.Qoqol "Əsərləri" (6 cilddə) (1956);
  • Y.Fuçik "Faşist zindanından səslər" (1948);
  • M.Şoloxov "Əsərləri" (VIII cilddə, II c.) (1964);
  • M.Şoloxov "Əsərləri" (VIII cilddə, III c.) (1964);
  • M.Şoloxov "Əsərləri" (VIII cilddə, IV c.) (1965);
  • M.Şoloxov "Əsərləri" (VIII cilddə, V c.) (1967);
  • M.Şoloxov "Əsərləri" (VIII cilddə, VI c.) (1967)

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Qulam Məmmədli. İmzalar. Bakı: "Azərbaycan Dövlət Nəşriyyatı", 1977
  • Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə) ensiklopedik məlumat kitabı. Bakı: "Nurlar", 2011.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Yazıçı-tərcüməçi Cahnbaxş və XX əsr Gəncə ədəbi mühiti". 2019-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.